Kosmos artıq qapalı məkan deyil

Bakıda Kosmik Texnologiyalar Konfransı -STC2025 keçirilib. Tədbirdə 30-a yaxın ölkə təmsil olunub, ümumi iştirakçı sayı 400-ü keçib. Bir çox maraqlı təqdimatlar nümayiş olunub.
Bakıda Kosmik Texnologiyalar Konfransı -STC2025 keçirilib. Konfransda müxtəlif ölkələri təmsil edən nümayəndələr iştirak ediblər.
Tədbirdə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyəti sədrinin müavini Fuad Aslanov bildirib ki, konfransda 30-a yaxın ölkə təmsil olunur, ümumi iştirakçı sayı 400-ü keçib: “Biz bir çox maraqlı təqdimatlar gördük. Mərkəzi Avrasiyada suveren kosmik proqramların inkişafını müşahidə etmək mənim üçün çox maraqlı idi. Hesab edirəm ki, bu gün kosmos artıq qapalı məkan deyil. Biz mütləq beynəlxalq tərəfdaşlarla əməkdaşlığa can atmalıyıq, çünki bir çox yerli biliklər mövcuddur. İnanıram ki, siyasətçilər, kosmik agentliklər, sənaye və akademik qurumlarla birgə biz daha inkişaf etmiş kosmik ekosistem qura bilərik.
Bugünkü sessiyalar daha çox Yer müşahidəsi və telekommunikasiya sahəsində son inkişaf və texnologiyalara fokuslanacaq. Hazırda böyük problem rəqəmsallaşma artdıqca ucqar bölgələrin qoşulmasıdır. Biz həmçinin kosmik sektorda innovasiyalar və milli kosmik proqramları dəstəkləmək üçün lazımi investisiyaları müzakirə edəcəyik. Öz təcrübəmizdən bilirik ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək nə qədər vacibdir və hesab edirik ki, biz öz təcrübəmizi də paylaşa bilərik”.
Türkiyə dərin kosmos missiyalarına start verib
Türkiyənin aparıcı kosmik texnologiyalar institutu olan “TÜBİTAK UZAY”ın direktor müavini Bülent Avenoğlu qeyd edib ki, ölkəsi dərin kosmos missiyalarına start verib.
“Türkiyənin kosmik imkanlarının inkişaf yolunu paylaşmaq bizim üçün xoşdur. “TÜBİTAK UZAY” fəaliyyətinə uzun illər əvvəl peyk texnologiyaları ilə başlayıb. LEO və GEO orbitlərinə yerləşdirilən bir çox peyk hazırlamışıq. Bu gün isə artıq dərin kosmos missiyalarına da başlamışıq”, - deyə o qeyd edib.
B.Avenoğlunun sözlərinə görə, Yer müşahidə və telekommunikasiya peykləri, onların alt sistemləri - telekommunikasiya avadanlıqları, enerji sistemləri, bort və uçuş kompüterləri, eləcə də uçuş proqram təminatları institut tərəfindən tam müstəqil şəkildə hazırlanır: “Bundan əlavə, optik yük avadanlıqları sahəsində də işlər aparırıq. Görüntü layihəsi çərçivəsində elektro-optik kamera hazırlamışıq. Uzaqdan zondlama və görüntü emalı sahəsində də texnoloji imkanlarımız genişdir”.
O bildirib ki, institut kosmik obyektlərin idarə olunması üzrə də ciddi təcrübəyə malikdir: “Hazırda peyklərin idarə olunmasını həyata keçirə bilirik, yer stansiyaları və anten sistemlərimiz mövcuddur”.
Azərbaycanla əməkdaşlıqda yeni imkanlar
Macarıstanın qabaqcıl texnologiya şirkəti “4iG Space and Defence Technologies”in nümayəndəsi Sebastyan Masurak bildirib ki, Azərbaycanın kosmos sahəsində artan potensialı və regional rolu strateji əməkdaşlıq üçün mühüm imkanlar yaradır: “Biz hərçənd özəl şirkətik, amma milli texnologiya çempionu olaraq məsuliyyət daşıyırıq və bu rolu kosmos sahəsində gerçəkləşdirmək niyyətindəyik. Hesab edirik ki, Azərbaycan kimi inkişaf edən ölkələrlə əməkdaşlıq həm tərəfdaşlıq ruhunu gücləndirəcək, həm də texnoloji irəliləyişə töhfə verəcək”.
F.ABASOĞLU
