• cümə, 19 Aprel, 22:58
  • Baku Bakı 24°C

Xocalı soyqırımı Azərbaycanın tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olub

25.02.20 15:30 910
Xocalı soyqırımı Azərbaycanın tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olub
Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri olaraq tarixin yaddaşına həkk olunub. Bu soyqırımı nəticəsində yüzlərlə dinc insanın erməni terrorçuları tərəfindən xüsusi zorakılıqla qətlə yetirilməsi və bunların içərisində körpə uşaqların da olması baş vermiş hadisənin hər bir anlamda insanlığa yönəlik cinayət olduğundan xəbər verir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi. Səkkiz ailə tamamilə məhv edilib. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır.
Hər kəsdə təbii olaraq sual yarana bilər ki, nə üçün bu qətliam məhz Xocalıda törədildi? Xocalının Dağlıq Qarabağ regionundakı digər ərazi vahidləri ilə müqayisədə etnik və coğrafi önəmi, bilavasitə fərqi nədən ibarət idi? Eyni zamanda, o dövrün istər region üzrə hökmranlıq iddiasında olan aktorlarının geosiyasi maraqları, istərsə də həmin dövrdə ölkə daxilindəki siyasi ab-hava və bu detalların korrelativ əsaslarla qarşılıqlı təhlili baş vermiş hadisənin bir çox hallarda təsadüfi olmadığını, qətliamın arxa planında bir sıra maraqlı qüvvələrin durduğunu göstərir. Həmin detalların təhlili törədilmiş qətliamın identifikasiyasını müəyyənləşdirməklə yanaşı, bu hadisə üzərindən hədəflənmiş siyasi məqsədlərin qaranlıq məqamlarına işıq salmağa da imkan verər.
Xocalı Dağlıq Qarabağda ən vacib nəqliyyat qovşaqlarının kəsişdiyi nominal ərazi vahididir. Belə ki, Ağdam və Şuşa, Əsgəran və Xankəndi arasındakı nəqliyyat qovşaqları bu ərazidən keçməklə bütövlükdə Dağlıq Qarabağ və ətraf rayonların yolu əsasən Xocalıda birləşir. Bundan əlavə, Xocalı Dağlıq Qarabağda yeganə ərazi vahididir ki, özünün hava limanı var. Yeddi min sakini olan və onların mütləq əksəriyyətinin etnik azərbaycanlılar olduğu Xocalı 1991-ci ilin oktyabr ayından Ermənistan hərbi birləşmələri tərəfindən mühasirəyə alınıb və oradakı insanların qonşu ərazilərlə yalnız helikopterlə nəqliyyat əlaqəsi yaratmaq imkanı vardı. Xocalıya son helikopter uçuşu 1992-ci il yanvarın 28-də olmuşdu. Yuxarıda qeyd edilənlər Xocalının ərazi vahidi olaraq strateji əhəmiyyətə malik olması ilə yanaşı, qətliam öncəsi bu ərazidə hökm sürmüş vəziyyətin ağırlığından xəbər verir.
Xocalı qətliamı təkcə etnik azərbaycanlılara qarşı soyqırımı deyil. Bu qətliam, eyni zamanda, həmin dövrdə regionda özünün hökmranlıq maraqlarının təmin olunmasına köklənmiş geosiyasi aktorların bu hadisənin baş tutmasında prosesi arxa planda idarə edən əsas tərəflərdən biri olaraq regional anlamda öz maraqlarının təmin olunması məqsədilə daxili siyasi qarşıdurmanın eskalasiyasına hesablanmış siyasətinin tərkib hissəsidir. Bu, Xocalıda törədilmiş qətliamdan sonra ölkə daxilindəki siyasi qarşıdurmalarda da özünü göstərdi. Beləliklə, Xocalıda baş vermiş hadisələr ölkədaxili siyasi mübarizədə qüvvələrdən birinin digərinə qarşı təzyiq vasitəsi olaraq instrumentalizasiyasına çevrildi. İstənilən halda itirən tərəf azərbaycanlılar oldu və Xocalı qətliamının tarixi oradakı azərbaycanlıların qanı ilə yazıldı.
banner

Oxşar Xəbərlər