“Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri”
AMEA Naxçıvan Bölməsində Xocalı
soyqırımının 26-cı ildönümünə həsr olunan "Xocalı faciəsi: səbəbləri, nəticələri
və dərsləri” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə faciə zamanı vəhşicəsinə
qətlə yetirilən insanların və Xocalı şəhərinin müdafiəsində iştirak edərək qəhrəmanlarımızın
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Bölmənin sədri, akademik
İsmayıl Hacıyev açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları
tərəfindən törədilən Xocalı soyqırımının dünya tarixində misli görünməmiş bir
faciə olduğunu bildirib. Akademik faciənin səbəblərindən və bu tarixi həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin,
eyni zamanda ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışıb.
İsmayıl Hacıyev həmçinin Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət!”
kampaniyası, eləcə də digər həyata keçirilən sistemli və ardıcıl tədbirlərdən də
bəhs edib.
Tədbirdə Bölmənin Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru, dosent Yaşar Rəhimov "Xocalı faciəsinə gedən yol”, həmin institutun
şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru, dosentlər-Emin Şıxəliyev "Xocalı
faciəsi azərbaycanlılara qarşı törədilən soyqırımların tərkib hissəsi kimi”,
Zeynəb Quliyeva "Xocalı faciəsinin azərbaycanlıların milli şüuruna təsiri, nəticə
və dərsləri” və filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov "Xocalı
faciəsi bədii ədəbiyyatda” mövzusunda elmi məruzələrlə çıxış ediblər. Məruzələrdə
qeyd olunub ki, Xocalı şəhəri dünyanın ziddiyyətli talelər
yaşamış az saylı şəhərlərindən biridir. Bu şəhər 4 min il bundan əvvəl
formalaşmış qədim bir mədəniyyətin beşiyi olub, hansı ki, elmi ədəbiyyatlarda
"Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti” kimi adından çox söz etdirilib.
Vurğulanıb ki, 1992-ci ilin 26 fevral tarixində bu qədim və gözəl şəhərdə bir
gecədə 1275 sakin əsir aparılıb, 63-ü körpə, 70-i ahıl, 106-sı qadın olmaqla
613 nəfər sakin qətl edilib.
Azərbaycanın hər bir yerində
olduğu kimi, onun ayrılmaz tərkib hissəsi Naxçıvan şəhərində də minlərlə
günahsız insanın erməni vandalizminin qurbanına çevrilmişdir ki, bütün bunlarla
bağlı məlumatlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətlə dediyi
kimi-"Azərbaycan torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına heç
vaxt icazə verilməyəcək”. Bu isə o deməkdir ki, Xocalı digər torpaqlarımızla
birlikdə əsirlikdə çox qalmayacaq. Azərbaycana qovuşduğu gün Xocalının
taleyinin yeni səhifəsi yazılacaq.
Konfransda Xocalı soyqırımını əks
etdirən kitab sərgisi də nümayiş olunub.