• cümə, 02 May, 08:36
  • Baku Bakı 13°C

“Xəzərin incisi, Qafqazın tacı, odlar şəhəri”

30.09.19 18:49 810
“Xəzərin incisi, Qafqazın tacı, odlar şəhəri”
Qardaş Türkiyənin dünyaca məşhur media orqanlarında Azərbaycanın tək Cənubi Qafqaz regionunda deyil, ətraf bölgədə də lider mövqeyə yüksəlməsindən, sürətli inkişafından bəhs edən silsilə yazıların dərci davam edir. Məqalələrdə sürətlə inkişaf edən Azərbaycanın xüsusən də turizm potensialının günbəgün güclənməsindən, paytaxt və ətraf ərazilərin gözəlliyindən bəhs edilir.
"Hürriyət” qəzetində dərc olunan "Xəzərin incisi, Qafqazların tacı, odlar şəhəri” başlıqlı məqalədə vurğulanır ki, "çox gec də olsa, nəhayət ki, gözlənilənlər baş verdi - iki qardaş ölkə Türkiyə və Azərbaycan arasındakı viza rejimi sentyabrın 1-də aradan qalxdı”. Müəllif yazır ki, iki ölkə arasında hərtərəfli yaxınlıq, asan başa düşülən dil, mədəni, dini, mətbəx, adət və ənənələr yaxınlığı mövcuddur. Onun qənaətincə, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, iki ölkə tapmaq çətindir: "Paytaxt Bakı daha çox mədəni və sənət turizmiylə önə çıxır. Şəhərdə həyat 24 saat davam edir, gecələri işıqlıdır. Bakı Xəzər dənizinin sahilində ən romantik şəhərdir. Şərqin əsrarəngiz tarixində görünməz olmaq istəyənlər Azərbaycana mütləq gəlməlidir”.
Daha sonra müəllif Bakıda hər bir turistin görməli olduğu 10 yer barədə izahlı fotoreportaj təqdim edib. İlk yerdə Azərbaycan İncəsənət Muzeyi əks olunub. 1936-cı ildə qurulmuş bu muzeyə dünyanın dörd bir tərəfindən gətirilən nadir sənət əsərlərinə rast gəlmək mümkündür. Muzeydə Türkiyə və Osmanlı dövrünə aid sənət əsərləri də nümayiş olunur. Azərbaycan Tarix Muzeyinə gəldikdə bu muzey vaxtilə məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin ev muzeyi olub. 2005-ci ildə prezident İlham Əliyevin tapşırığı ilə bərpa işlərindən sonra Dövlət Tarix Muzeyi olaraq ziyarətçilərin üzünə açılıb. İki hissədən ibarət muzeydə yaşı iki milyon olan arxeoloji qalıqlar və 19 əsrə aid əsərlər var. İkinci bölümdə isə Azərbaycanın xanlıqlar dövrü, rus işğalı və 1918-20-ci illər demokratik cümhuriyyət dövrü əks olunub. Daha sonra Xəzər sahilində yerləşən Xalça Muzeyindən bəhs edilib. "Burada yaşı 4 mindən yuxarı olan xalçalar var. Azərbaycanda neftdən sonra ikinci böyük ixracat sektoru xalçaçılıqdır. Azərbaycan xalıları Londonda Albert və Viktoriya və s. muzeylərində nümayiş olunur. Ardınca da Villa Petrolea - Nobel Qardaşları Ev Muzeyindən bəhs edilir. Buranın İsveç xaricində qurulan yeganə Nobel muzeyi olduğu vurğulanır. Məqalədə Bakının daha bir gözəl sənət əsəri - Şirvanşahlar Sarayından da bəhs edilir. Bu tarixi abidə 15-ci əsrdə şirvanşah Xəlilullah tərəfindən inşa edilib. Müəllif turistlərin görməli olduqları yerlər sırasına Qız Qalasını da daxil edib. Qeyd edib ki, Qız Qalası Abşeronun ən möhtəşəm və baxımlı memarlıq abidəsidir. Günümüzdə muzey olaraq təqdim olunan qüllədə bir çox rəssamların əsərləri nümayiş olunur. Daha sonra Müasir Sənətlər Muzeyi barədə məlumat verilir: "Prezidentin xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə qurulan muzeydə mindən artıq müasir və çağdaş sənət əsəri var. Sonrakı yerdə Atəşgah Zərdüştilik Məbədi gəlir. Bakıdan 30 km-lik məsafədə yerləşən məbəd atəşpərəstlərin müqəddəs yeridir. Qobustan bölgəsi də turistlərin ən çox getdikləri yerlərdir. 2007-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Neolit ​​dövrünə aid 6000-dən çox yüksək keyfiyyətli qaya rəsmləri olan Qobustan Bakıdan 65 kilometr məsafədədir. Qayalıqlarda insan rəqəmləri, atlar, öküz, maral, ov səhnələri və dini mərasimlər çəkilib. Ən təəccüblüsü, rəsmlərdə bir gəminin şəkli var”. Məqalədə Azərbaycan mətbəxinə də xüsusi yer ayrılıb. Turistlərə Şıxov qəsəbəsindəki balıq evlərini ziyarət etmək tövsiyə olunur: "Xüsusilə də Nərə kababının dadına baxın”.
"Hürriyyet”lə yanaşı, "Vatan” qəzeti isə Bakını Xəzərin Dubayı, Parisi adlandırır. Müəllif Gökhan Güler əvvəlcə Azərbaycan tarixi haqqında ətraflı məlumat verir: "Etiraf etməliyəm ki, Bakıya hər gəlişimdə çox böyük çaşqınlıqlar içində qalıram. Təbii, bir o qədər də həyəcan və qürur duyduğumu da deməliyəm. Təəccüblənməyimin səbəbi prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin yüksəlişi, inkişafını müşahidə edə bilməyimdir. Azərbaycanda iqtisadi və memarlıq inkişafını asanlıqla müşahidə etmək olar. Məsələn, son vaxtlar Azərbaycanda maaşlar 50 faiz artırılıb. Banklara kredit götürənlərin faizlərinin böyük bir hissəsi bu yaxınlarda dövlət tərəfindən ödənilib”. Daha sonra Bakını "küləklər şəhəri” kimi qeyd edən müəllif buranın sürətlə Dubaya bənzədiyini vurğulayır: "Son zamanlarda yeni və müasir memarlığın yüksəlişi Bakının simasının daha da müsbətə doğru dəyişdirib. Yeni binaların xarici görünüşü dəyişdirilib. Bir də müşahidə etdim ki, Bakının mərkəzində və yaxın ətrafındakı tarixi binalar oxşar memarlıq üslubunda təmir olunur. Bakı həqiqətən müasir və tarixi memarlıq üslublarının qovuşduğu bir şəhərdir. 25 minlik Kristal Holl-da Eurovision Mahnı Müsabiqəsi keçirilib. Bakının bu günə qədər 4 dəfə Formula 1 yarışlarına ev sahibliyi etməsi ziyarətçilər üçün ən təsirli mövzulardan biridir. 190 metr hündürlüyündə Alov qüllələri (3 qüllə) və 310 metr hündürlüyündə TV qülləsi gecə saatlarında parlaq işıqlarla Bakıya gələn hər kəsi valeh edir”.
Müəllif onu da vurğulayır ki, Bakının digər diqqətəlayiq xüsusiyyəti təmiz, müasir və etibarlı olmasıdır: "Heç kim səni narahat etmir. Oğurluq demək olar ki, yoxdur. Dünyanın aparıcı markalarının Bakıdakı mağazaları Paris, London və Milanı qısqanacaq və şəhərə fərqli bir canlılıq qatacaq qədər gözəldir. Bakı dünyanın heyran olduğu bir çox Avropa şəhərindən fərqlənmir. Daha təmiz və baxımlıdır. Bakının küçə və prospektləri böyük qayğı ilə təmizlənir. Təmizləmə ümumiyyətlə gecə gec və ya günəş doğmadan əvvəl edilir. Şəhərin təmiz olmasına böyük diqqət yetirilir”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər