Xəlqilik, millilik və sənətkarlıq

"Cövdət Hacıyev Azərbaycanın zəngin musiqi
mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdəndir. Onun milli
və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi
gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və
dərin estetik məzmunu ilə səciyyələnib. Ustad sənətkar ölkəmizdə professional
bəstəkarlıq məktəbi üçün yeni musiqiçilər nəslinin hazırlanması sahəsində də
təqdirəlayiq fəaliyyət göstərib”. Görkəmli Azərbaycan bəstəkarı, tanınmış
ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, xalq artisti,
professor Cövdət Hacıyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsi
ilə bağlı ölkə prezidentinin sərəncamında yer alan bu fikirlər böyük bəstəkarın
Azərbaycan musiqi tarixində tutduğu yeri dəyərləndirir.
Xalq
musiqisindən bəhrələnmə
İki dahi müəllimdən - Üzeyir Hacıbəyov və Dmitri Şostakoviçdən dərs alıb Cövdət
Hacıyev. Bu dahilərin hər birindən ən qiymətli ənənələri öyrənib, bəstəkarlığın
sirlərinə dərindən yiyələnib. Xalq musiqisinə böyük sevgi və ehtiram, onun
qanunauyğunluqlarına tam yiyələnmək istəyini onda məhz Ü.Hacıbəyov formalaşdırmışdı.
"Xalq ruhunu kamil, klassik formalarda canlandıran Üzeyir musiqisi mənim üçün
həmişə nümunə olub” deyə bəstəkar bildirirdi.
1937-ci ildə dahi Bülbülün rəhbərliyi altında
elmi-tədqiqat musiqi kabinetində fəaliyyət göstərməyə başlayan C.Hacıyev tələbə
dostları – Qara Qarayev, Zakir Bağırov və başqaları ilə birgə Azərbaycanın
rayonlarına folklor ekspedisiyalarına gedib. Bu səfərlər onun qarşısında milli
musiqinin dərin, açılmamış qatlarını açıb. 1938-ci ildə Qara Qarayevlə birgə
Moskvaya, dünyanın mötəbər və ən nüfuzlu musiqi mərkəzlərindən birinə oxumağa
yollanan Cövdət Hacıyev tamamilə Qərb, Avropa mühitinə düşməsinə baxmayaraq,
aldığı savadı, biliyi, yiyələndiyi texnikanı milliliyin, xəlqiliyin təcəssümünə
yönəldir. Müasir musiqi dili bəstəkar üçün məhz milli ruhun, milli
xüsusiyyətlərin açılması üçün bir vasitəyə çevrilir. Şostakoviç məktəbinin
təsiri bəstəkarın bütün yaradıcılığında – istər monumental simfonik
konsepsiyalarda, istərsə də kamera – instrumental əsərlərdə özünü büruzə verir.
C.Hacıyev yazırdı: "Hamımız üçün nümunə, zirvə təkcə Şostakoviçin partituraları
deyildi. Onun özü ilə ünsiyyətin əhəmiyyəti daha güclü və təsirli idi – bu
ünsiyyətdən yaradıcılıq alovu ilə yanırdıq, olduğumuzdan da yaxşı görünməyə,
bacardığımızdan da çox etməyə can atırdıq. Biz Şostokoviçdən dərin psixologizm,
intellektual təfəkkür, ciddi və dəqiq dramaturji inkişaf xətləri, həyat
təzadlarının qabardılmasını əxz etmişdik”. Öz növbəsində D.Şostakoviç də daim
yetirmələri Q.Qarayev və C.Hacıyevin yaradıcılığı ilə maraqlanır, onlara sanki
himayədarlıq edirdi.
C.Hacıyevin "1 saylı simfoniya” kimi təqdim etdiyi
əsər isə ilk dəfə 1944-cü ildə dinləyicilərin ixtiyarına veriləndə böyük
maraqla qarşılanır. Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının musiqi
ongünlüyünün proqramında ifa edilmiş bu əsər ilk Azərbaycan simfoniyalarından
biri idi. Bu simfoniya Ü.Hacıbəyov, R.Qliyer və S.Vasilenko kimi bəstəkarlar
tərəfindən mətbuatda yüksək qiymətləndirilmişdi. Gənc bəstəkar isə özünün «Ən
mühüm nəticə» başlıqlı məqaləsində belə yazmışdı: «Mən özümün gələcək
fəaliyyətimə üç əsas tələbi irəli sürürəm – xəlqilik, millilik və sənətkarlıq».
Ömrünün sonuna kimi də C.Hacıyev bu tələblərə sadiq qalmışdı.
Bəstəkarın növbəti uğuru 1945-ci ildə Q.Qarayevlə birgə yazdığı «Vətən» operası
oldu. Ağır müharibə illərində tamaşaya qoyulmuş və «Koroğlu» operasının
ənənələrini özünəməxsus tərzdə təcəssüm etdirən bu əsər C.Hacıyevin
yaradıcılığında bu janrın yeganə nümunəsidir. Bütövlükdə o dövrün yaradıcılıq
eksperimenti kimi maraq doğuran operanın bir çox səhifələri indi də gözəlliyini
və təravətini itirməyib. Bu operaya görə müəlliflər SSRİ Dövlət mükafatına
layiq görülüblər. C.Hacıyev yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin
intibah dövrünə – 50-ci illərə təsadüf edib. Bəstəkar bu illərdə iki şah
əsərini – «Sülh uğrunda» simfonik poemasını və IV simfoniyasını yazır. 1951-ci
ildə ilk dəfə səslənən «Sülh uğrunda» poeması bənzərsiz üslubu ilə tezliklə
ölkənin sərhədlərini aşır, Çexiya, Polşa, Bolqarıstanda özünə çoxsaylı
pərəstişkarlar tapır. Bu əsərə görə bəstəkar II dəfə SSRI Dövlət mükafatına
layiq görülür.
Cövdət Hacıyevin 1947-ci ildə diplom işi kimi yazılmış 3 saylı
«Gənclik» simfoniyasını musiqi ictimaiyyəti yüksək qiymətləndirir. Bəstəkarın
şəxsi arxivinə D.Şostakoviçin ona yazdığı belə bir məktub daxil olur: «Əziz
Cövdət, məktubunuzu almamışdan azca əvvəl Niyazinin idarəsi ilə Sizin
simfoniyanızın 1-ci hissəsini dinləmişdim, gözəl səslənir. Mənə son dərəcə
həyati təsir bağışladı». Lakin onu da xatırlatmaq lazımdır ki, bu gözəl əsəri
tənqid edib, formalizmdə günahlandıranlar da tapılır. 1948-ci ildə Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsinin «çox məşhur» bir qərarında D.Şostakoviç
və S.Prokofyev kimi sənətkarlar «başda» olmaqla bir çoxlarını formalizmdə
suçlayırlar. C.Hacıyev də belə bəstəkarların sırasında idi. Bu, gələcəyə böyük
ümidlə baxan gənc bəstəkar üçün güclü sarsıntı idi. Lakin mənəvi zərbə
bəstəkarı ruhdan salmır. Əksinə, C.Hacıyevin sonrakı əsərləri Azərbaycan
musiqisinin qızıl fonduna daxil olur.
C.Hacıyevin musiqi sahəsində ictimai xadim kimi
fəaliyyəti də son dərəcə önəmli olub. O, uzun illər – 1957-ci ildən 1969-cu
ilədək Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru
vəzifəsində çalışdığı zaman burada Azərbaycan xalq musiqisi kafedrası açılıb,
Konservatoriyanın nəzdində Opera studiyası, habelə xalqın ən müxtəlif təbəqələrini
musiqi sənətinə cəlb edən Xalq Konservatoriyası yaradılıb.
1956-cı ildə bəstəkarın "IV simfoniya”sı respublikanın musiqi həyatında
hadisəyə çevrilir. Bu əsər Azərbaycan musiqi tarixində yeni, bütöv bir
mərhələni açır. Simfoniya sözün əsil mənasında ölkəmizin tarixi haqqında bütöv
bir dastan, ürəkdən gələn bir hekayətdir. Əsər ilk dəfə 1956-cı ildə Azərbaycan
Bəstəkarlarının I qurultayında ifa olunub. Daha sonra onu maestro Niyazinin
idarəsi ilə Moskva Dövlət Filarmoniyasının orkestri çalıb və bu əsərlə SSRİ
Bəstəkarlarının III Qurultayı açılıb. Şostakoviç bu simfoniyanı yüksək
qiymətləndirərək: «Cövdət Hacıyevin simfoniyası ölkəmizdə son dövrdə yazılmış
ən yaxşı simfonik əsərlərdən biridir»- deyə qeyd edib.
C.Hacıyevin bəstəkarlarımızın bütöv bir nəslinin
yetişdirməsində rolu olub. Nəinki gənc bəstəkarlar, habelə musiqidə öz sözünü
demiş yaşlı nəslin nümayəndələri də öz yeni əsərlərini Cövdət müəllimə
göstərir, onun rəyini eşitmək istəyirdilər. "Cövdət müəllimin ölümü ilə bizim
ötən əsrin nəhəng musiqi epoxası ilə canlı əlaqəmiz də qırıldı” deyə
musiqişünaslar bildirirlər. O, 40 ildən çox işlədiyi Konservatoriyanın
bəstəkarlıq kafedrasında Azərbaycan musiqisini ən tələbkar auditoriya
qarşısında layiqincə təmsil edən bəstəkarlar tərbiyə edib, yüksək keyfiyyətli
musiqiçi kadrları hazırlayıb. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli
nümayəndələri olan Aqşin Əlizadə, Ramiz Mirişli, Nəriman Məmmədov kimi
bəstəkarlar onun tələbələri olublar.
Görkəmli bəstəkarın ömür-gün yoldaşı, tanınmış
rəqqasə Əminə Dilbazi Cövdət Hacıyevlə keçən ömrünü şirin xatirə kimi
danışırdı: "Mənim bəxtim onda gətirdi ki, Cövdət Hacıyev kimi gözəl bir
bəstəkarla ailə həyatı qurdum. Biz onunla həm də sənət dostu olduq” deyirdi
Əminə xanım.
Onların
maraqlı sevgi hekayətləri olmuşdu: "Cövdət mənə yaxınlaşıb öz sevgisini,
evlənmək istədiyini söyləmirdi. Müharibə illəri idi. Qohumlarımın təkidi ilə
Fikrət Əmirova ərə getməyə razılıq verdim. Cövdətə məktub yazdım: "Mən yalnız
səni sevirəm. Ancaq Fikrətlə evlənirəm”. Gəncə səfərindən geri döndükdən sonra
Cövdət məni vağzaldan birbaşa "ZAQS”-a apardı. Evləndik. Nikah mərasimində
Səməd Vurğun və Mirvarid Dilbazi iştirak etdilər”. Əminə xanım danışırdı ki, xasiyyətcə
bir-birlərinin tamamilə fərqli adamlar olublar. Əminə Dilbazi insanlar arasında olmağı çox
sevən, ötkəm, açıq-saçıq, Cövdət Hacıyev isə, əksinə qapalı insan idi: "Cövdət
əsərinin ifa olunub-olunmayacağını belə, düşünmədən yazıb-yaradırdı. Bizi
çoxları ayırmağa çalışdı. Amma buna nail olmadılar. Mən Cövdətin yaradıcılıqla
məşğul olmasına şərait yaradırdım. O, Moskvada Dmitri Şostakoviçin yanında
təhsil alanda, sirkdə ikinci işə başladım ki, Cövdət təhsilini davam etdirə
bilsin. Beş il hər ay ona pul göndərdim”.Ailə həyatlarında mübahisələri
də olurdu. Cövdət Hacıyev ən çox da Əminə Dilbazinin tez-tez qastrollara
getməsindən narazılıq edirdi: "Mən uzun müddətlik xaricə qastrola gedəndə,
uşaqların qayğısına Cövdət özü qalırdı. Ancaq o, mənim qastrollara getməyimi
istəmirdi. Buna görə bəzən evdə narazılıq yaranırdı. Ancaq mən onun fəaliyyəti
üçün əlimdən gələni edirdim. Bilirdim ki, bu qayğı onun üçün əsasdır”.
Əminə xanım danışırdı ki, son illər böyük bəstəkar əsasən ailə
üzvləri ilə ünsiyyət qururmuş: onu konsertlərdə, tədbirlərdə və yaxud illər
boyu dərs dediyi Konservatoriyada çox nadir halda görmək olarmış. Buna səhhəti mane
olurdu. Ancaq Cövdət Hacıyev artıq XX əsrin əvvəllərində başlanan musiqi sənətimiz
üçün öz sözünü demiş - zəngin yaradıcılıq irsi Azərbaycan musiqi
mədəniyyətinin klassikasına çevrilmişdi. Elə bir irs ki, zaman keçdikcə musiqi tariximizdə əbədi qalacaq, insanları daim saflığa,
yüksək ideallara səsləyəcək...
Təranə
Məhərrəmova
