• cümə, 02 May, 07:49
  • Baku Bakı 13°C

“Xalq Əmanəti” layihəsinin yeni nəşri: Şamo Abasov - FOTOLAR

25.12.21 11:30 543
“Xalq Əmanəti” layihəsinin yeni nəşri: Şamo Abasov - FOTOLAR
Sevdiyi ağ rəngin fonunda bütün rənglərin çalarlarının möcüzəsini yaradıb. Rəngli dünyasından müxtəlif xarakterli insanlar boylanıb, təbiətin ecazkar səsi eşidilib
O, insan qəlbinin ən mübhəm duyğularını rənglərin dili ilə kətana köçürüb, keramika və qrafika əsərlərində əbədiləşdirib. Sevdiyi ağ rəngin fonunda bütün rənglərin çalarlarının möcüzəsini yaradıb. Rəngli dünyasından müxtəlif xarakterli insanlar boylanıb, təbiətin ecazkar səsi eşidilib. Əsərləri sərgilərdə, kolleksiyalarda sənətsevərləri ayaq saxlamağa, düşünməyə sövq edib. Dünyaya, ətraf aləmə fərqli baxışı onu rəssamlığı yaradıcılıq yolu seçən bir çox həmkarlarından fərqləndirib. "Rəssam doğulduğumu özümdən başqa heç kim bilmir. Dünyaya göz açanda rənglərin ecazkar səsini, musiqisini eşitdim”- deyən, bəyaz yuxularının rəngli qanadlarında uzun bir yol keçən görkəmli Azərbaycan rəssamı Şamo Abasovun baxışlarındakı qeyri-adilik insanları sənətin böyüklüyünə, gözəlliyinə və əbədiliyinə inandıra bilib.

Təsviri incəsənətimizi yaşadan nəşr
Bu günlərdə tanınmış rəssamın rənglər dünyasından doğulan rəngkarlıq, keramika və qrafikada yaratdığı obrazları şəxsi emalatxanasının divarları arasından "Xalq” Bankın sərgi salonuna köçüb. "Məhəllə uşaqları”, "Dünya darısqaldır”, "Ailə gəzintisi”, "May çiçəkləri”, "Rəngli yuxu”, "Utancaq qarılar”, "Rəfiqələr”, "Həmyerli qızlar” kimi yağlı boya ilə kətan üzərindəki əsərləri, qrafika və keramika nümunələri "Xalq Əmanəti” layihəsi çərçivəsində ərsəyə gələrək sənətsevərləri başına toplayıb.Rəssamın yaradıcılığını səhifələrində dolğunluqla əks etdirən "Şamo Abasov” bədii albomu isə gecəyə toplaşanları nəfisliyi ilə heyran etdi: "Xalq Əmanəti”nin bu nəşri təsviri incəsənətimizi yaşatmaq, dünyaya tanıtmaq baxımından mükəmməl işdir” - deyə səsləndi. Bununla da Azərbaycanın milli sərvətini qorumaq və dünyaya tanıtmaq məqsədi ilə "Xalq Əmanəti” layihəsinin "Böyükağa Mirzəzadə”, "Maral Rəhmanzadə”, "Səttar Bəhlulzadə”, "Mikayıl Abdullayev”, "Gəncə rəssamları” və bu kimi görkəmli rəssamlarımızın yaradıcılığına, rəssamlıq məktəbimizə həsr olunan əsərlərinin sırasına biri də daxil oldu: "Şamo Abasov”.

Dünyanı vaxtsız tərk etsə də...
"Lap kiçik yaşlarımdan rəssam olmaq istəmişəm. Xoşbəxt, qayğısız uşaqlıq illərimin bütün xatirələri məhz bu arzu ilə bağlıdır. Yaradıcılıq həyatımın mənasıdır. Sənətdə böyük Səttar Bəhlulzadəni özümə müəllim hesab etmişəm”- deyə Şamo Abasov qeyd edib.Yaxşı ki, hazırda rəssamın yaradıcılığına vaxtında canlı şahidlik edən, uğurlarına sevinən, sənət fikirlərini bölüşən dostları, həmkarları çoxdur. Yoxluğuna, dünyanı erkən tərk etməsinə kədərlənsələr də, rəssamlıq tariximiz, sənətsevərlər üçün qoyub getdiyi əsərlərə görə qürur duyurlar.


"Şamo həyatdan gənc getdi. Amma o işini axıra qədər görə və insanlara çatdıra bildi. Ən vacibi də budur”- deyə Xalq rəssamı Fərhad Xəlilov qeyd etdi: "Şamo Azərbaycanın ən istedadlı rəssamları arasında yer tutur. Bu, hər rəssama nəsib olmur. Şamo bir rəssam kimi öz dəst-xəttini tapmışdı. O, həmçinin yüksək şəxsi keyfiyyətlərə malik idi. Mehriban, səmimi insan idi. Hamıya dost hissi ilə yanaşırdı. İndi sıralarımızda onun gülüşü, zarafatı çatışmır. Belə insanlara həmişə ehtiyac duyulur. Şamonun yaradıcılığı əsərləri vasitəsilə həmişə yaşayacaq”.

Leninqrad. Tələbəlik illəri
Şamo Abasov Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Arzularının arxasınca gedərək 1978-ci ildən 1984-ci ilədək Leninqrad (Sankt-Peterburq) V.İ.Muxina adına Rəssamlıq-Sənaye Məktəbində təhsil alıb. Tələbəlik illərinin eksperiment və təxəyyülünün məhsulu olan işləri hələ də emalatxanasında qalmaqdadır. Ş.Abasov 1986-cı ildən Azərbaycanın və SSRİ-nin Rəssamlar İttifaqlarının üzvlüyünə qəbul edilib. İştirak etdiyi beynəlxalq yaradıcılıq qruplarında, simpozium və sərgilərdə nümayiş olunan əsərləri ilə seyrçilərin rəğbətini qazanıb, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.


Xalq rəssamı Hüseyn Haqverdiyev həmkarı ilə keçirdiyi tələbəlik illərini xoş xatirə kimi yada salır: "Şamo əvvəlcə dizayn fakültəsində oxuyurdu. Amma o, bu sənəti atıb yenidən imtahan verdi vəbədii keramika fakültəsinə daxil oldu. Bu, asan deyildi. Amma onun yüksək istedad və qabiliyyəti bu məqsədinə nail olmağa imkan verdi. Şamo institutun əfsanəsi idi. O, pedaqoqların və tələbələrin sevimlisinə çevrilmişdi. Şamo artıq 1-ci kursdan rəngkarlıq əsərləri ilə sərgilərə qatıldı. Bacarıq və sərbəst davranış tərzi erkən əsərlərində özünü göstərdi. İnstitutu bitirəndən dərhal sonra Bakıya qayıtdı və rəssamlar cəmiyyətinə daxil oldu. Baxmayaraq ki, evi yox idi, yataqxanada yaşayırdı, ancaq aktiv fəaliyyətindən qalmırdı. Mənim emalatxanamda məşğul olurdu. Şamo Azərbaycan rəssamlığına bir-birindən maraqlı əsərlər bəxş elədi. Həmin əsərlər onun adını təsviri incəsənət tariximizə əbədi yazdı. Rəssamın xoşbəxtliyi də budur”.

Əsl azərbaycanlı xarakteri
Şamo Abasovun bütün heykəlləri insaniləşmiş canlı obrazlardır. "Hər şeylə maraqlananlar” seriyasından olan bu əsərlər müxtəlif qadın xarakterlərindən ibarət bütöv bir qalereyadır. Sonradan keramikada yaratdığı əvvəlki obrazları rəngkarlıq əsərlərində də canlandırıb. Milli koloritdən yoğurulan əsərlərindətəvazökarlıq, hər şeyə maraq göstərmək, dözümlülük, xeyirxahlıq sərgiləyən qadınları, bir az təlaşlı, bir az məzəli, bəzən vaxtını boş keçirən kişi obrazlarını ustalıqla təqdim edib. Obrazları sanki eyni ruha, dünyaya və hisslərə malikdirlər.


Xalq rəssamı Səlhab Məmmədov həmkarının fəlsəfi dünyasına daha yaxından bələddir: "Şamo Azərbaycan mədəniyyətinin zirvəsində olan rəssamdır. Onun əsərlərində azərbaycanlı xarakterini, məişətini, həyat tərzini aydın görmək olur. Hər bir əsərin təkrarsız milli koloriti var. Biz Şamonun əsərlərini tanıtmalıyıq. Qoy dünya görsün ki, bizim belə bir rəssamımız olub”.

"Cənnət bağı”
Şamo Abasov Qarabağda - Cəbrayıl rayonunun Soltanlıkəndində dünyaya göz açıb. Bədii təxəyyülününtəməli, yaradıcılıq həvəsinin bünövrəsi yurdunun füsunkar təbiət mənzərələrindən, yamyaşıl dağlarından, cənnət quşlarının nəğmələrindən güc almışdı. Bu gözəllikləri saatlarla seyr edib gözünə, könlünə köçürmüşdü. Tələbəlik illərində doğma Soltanlı kəndinin unudulmaz mənzərələrini, sadə kənd adamlarını, ecazkar təbiətinin canlı lövhələrini xarakterik cizgilərlə təsvir etməyi sevirdi. O doğma yurdunun hər qarışına bağlı idi. Təxəyyülü ilə xəyalında canlandırdığı cənnət bağını həmişə təsvir etməyi xoşlayırdı. Bu baxımdan rəssamın yaradıcılığında Qarabağ mövzusu mühüm yer tutub. Ş.Abasovun yaddaşında yurdunun işğal altında olması öz izini buraxmışdı. İçindəki nisgil Qarabağ mövzulu əsərlərinə hopmuşdu. Bəlkə də, onu "Bu əsərlər haqqında indi yazmayın. Mən dünyanı tərk edəndən sonra yazarsınız” sözlərini deməyə məcbur edən də bu nisgil idi. Rəssamın yağlı boya ilə kətan üzərində yaratdığı "Qarabağın göz yaşları” silsilə əsərləri müharibəyə, qaçqın və köçkünlüyə, insanlığın əzabına sənət dili ilə etiraz idi.


Sənətşünas Eldəniz İbrahimov torpaqlarımızın düşməndən azad olduğu bir vaxtda qarabağlı bir rəssamın əsərlərinin nəşr olunması və sərgisinin keçirilməsini sənətə böyük hörmət adlandırır: "Şamonun emalatxanasında çox olmuşam. Amma bütün əsərlərini külliyyat halında bir nəşrdə və sərgidə ilk dəfə gördüm. Bu, mənə həmin əsərlərdən zövq almağa və həmkarımın yaradıcılığını yenidən təhlil etməyə imkan verdi. Şamo bütün obrazlarını eyni dərəcədə sevirdi. Biz yaxın dost deyildik, amma mənəvi yaxın idik. Sənətdə, yaradıcılıqda sərhəd yoxdur. Şamo xoş təbiətli insan idi. Müsbət aurası əsərlərinə də köçüb. Onun əsərləri yalnız nikbinlik aşılayır”.


"Qoy 60 yaşım olsun...”
Nəşrin müəlliflərindən biri - sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova rəssamın emalatxanasına dəfələrlə baş çəkdiyini,əsərlərini təkrar-təkrar seyr etdiyini deyir: "Şamo Abasovun əsərləri onun təbiəti, insanlara münasibəti haqqında söz deməyə imkan verir. O, təvazökar insan idi. "Haqqınızda film çəkək, kitab yazaq”-deyiləndə "Qoy 60 yaşım olsun”- deyə boyun qaçırırdı. Təəssüf ki, o, 59 yaşında dünyasını dəyişdi”. Ş.Məlikova deyir ki, bədii albomun üzərində çalışdıqları ərəfədə torpaqlarımız erməni işğalından azad olunub. "Şamo Qarabağla bağlı əsərlərini heç kimə göstərmək istəmirdi. Zaman keçdi və Şamo məhz bu əsərlərlə şöhrət qazandı. Maraqlıdır ki, rəssamın Qarabağla bağlı əsərləri haqqında yazanda Cəbrayıl rayonu işğaldan azad oldu. "Şamonun ruhu dinclik tapdı”- deyə onda mən sevindim”.

Rəssamın oğlu Turqut Abbaslı "Atam hamını cəlb edən əsərlər yaradıb. Hər kəs bu əsərlərdə özünü maraqlandıran nəsə tapa bilir”- deyə hisslərini bölüşür. T.Abbaslı ailəsi adından atasının əsərlərindən ibarət bədii albomun nəşrinə və sərgiyə görə minnətdardır: "Xalq” Bankın bu tədbiri Azərbaycan rəssamlıq sənətinə verilən yüksək dəyərdir!”
Şamo Abasov "Yalnız zamanın su kimi axıb getməsinə heyfsilənirəm” deyirdi. Su kimi axan zaman onu rənglərdünyasından erkən qopardı. Yaşasaydı 66 yaşı olacaqdı. İnsan duyğularının tərcümanına çevrilən nə qədər əsərlər yaradacaqdı. Ancaq indi bütün sözləri rəssamın emalatxanasında sıralanan, "bütün dünyaya yayılan rəsmlərimin xiffətini çəkirəm” dediyi əsərləri danışır. Artıq görkəmli fırça ustasının ruhu da təskinlik tapıb. "Cəbrayıl bağında ürəyindən keçənlər” gerçəkləşib: Cənnət bağında quşların ecazkar nəğməsi eşidilir...

Şamo Abasovun əsərlərinin ekspozisiyası dekabrın 18-dən başlayaraq "Xalq” Bankın əsas binasında (Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.
Xatırladaq ki, "Xalq Əmanəti” layihəsi ASC "Xalq” Bank tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Ötən bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri” kitabı, "Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində "Bütün əsərləri” işıq üzü görüb.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər