“Virtual məktəb”də qeydiyyatda problem yaranıb

Ötən gündən Azərbaycanda "Virtual məktəb” layihəsinə start verilib. Nazirlik bütün şagirdləri və onların valideynlərini aprelin
2-dən başlayaraq virtual.edu.az onlayn portalında qeydiyyatdan keçməyə dəvət
edib.
Qeydiyyatdan keçmək üçün saytda
təlimatlar da yerləşdirilib. Belə ki, hər bir şagird sayta
daxil olmalı, şəxsiyyət vəsiqəsinin fin kodunu, doğum tarixini, özünün və ya
valideyninin email adresini müvafiq xanalarda qeyd etməli, qeydiyyatını təsdiqləməli
idi. Lakin dünən günorta saatlarından etibarən həm sayta girişdə, həm də
qeydiyyatda problemlər yaşanıb. Qeydiyyat üçün davamlı cəhdlər uğursuz alınıb. Saytda
yaşanan problemlə bağlı Təhsil Nazirliyindən "Kaspi” qəzetinə bildirilib ki, "Virtual
Məktəb” layihəsi
dayandırılmayıb və saytda qeydiyyat davam etdiriləcək. Sadəcə aprelin 2-də virtual.edu.az
onlayn portalı üzərindən
"Virtual
Məktəb”də
35 mindən
çox şagird qeydiyyatdan keçib.
Hazırda
qrupların
komplektləşdirilməsi
prosesi gedir. Bu proses yekunlaşdırıldıqdan sonra növbəti
qeydiyyat mərhələsinə başlanılacaq.

Xatırladaq ki, "Virtual məktəb” layihəsinin məqsədi Təhsil Nazirliyi tərəfindən
yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris
imkanlarını genişləndirməkdir. Sözügedən layihə Təhsil Nazirliyi və
"Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata
keçirilir. "Virtual
məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər "AppStore”
və "Google Play” marketlərindən "Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi
adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə bilərlər. Hər bir şagird "Virtual məktəb” portalında
qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi
teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını
yerinə yetirəcək. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni
tapşırıqlar əlavə olunacaq."Virtual məktəb” portalında müəllimlər tərəfindən
onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda
şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün "Chat”
funksiyasından istifadə edə biləcəklər.

Onu da əlavə edək ki, Təhsil Nazirliyinin təşkilatçılığı
ilə martın 11-dən "Mədəniyyət” və "ARB Günəş” kanallarında ölkənin
ümumi təhsil müəssisələrinin şagirdləri üçün teledərslərin yayımına başlanılıb.
Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etməklə həm Azərbaycan, həm
də rus bölmələri üçün əvvəlcədən elan edilmiş cədvələ uyğun olaraq təqdim
edilir. Teledərslər həmçinin həftədə bir dəfə
canlı yayımlanır ki, bu da fənn müəllimlərinin şagirdlərin bu və ya digər
mövzular üzrə suallarını birbaşa olaraq çəkiliş studiyasından cavablandırmasına
və zəruri olan əlavə izahatları verməsinə imkan yaradır. Teledərslərin bütün
ölkə ərazisinə yayımlanan televiziya kanalları vasitəsilə nümayiş etdirilməsində
əsas məqsəd tədrisdə yaranmış fasilə zamanı hər bir şagird üçün əlçatanlığı təmin
etməkdir. Bununla yanaşı, şagirdlər teledərsləri və hər bir fənn üzrə əlavə
video materialları Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında
onlara uyğun olan vaxtda da izləmək imkanına malikdirlər.
Alpər TURAN
