• şənbə, 20 Aprel, 19:54
  • Baku Bakı 24°C

Vicdanlı tədqiqatın dəyərli məhsulu

25.02.20 10:30 2688
Vicdanlı tədqiqatın dəyərli məhsulu
Və ya Azərbaycan uşaq ədəbiyyatının maarifçi-realist mərhələsi

XX yüzilliyin 90-cı onilliyinin ilk illərindən başlayan müstəqillik dönəmi bütün sahələrdə olduğu kimi ədəbiyyatşünaslığımızın qarşısında da bir sıra yeni tələblər qoydu. Əlbəttə, hamının bildiyi bu həqiqəti xatırlatmaq o anlama gəlmir ki, sovet dövründə ədəbiyyatşünaslığımız durğunluq dövrü keçirmiş, bu sahədə heç bir iş görülməmişdir. Əksinə, dediyimiz tarixi mərhələdə görülən işlərin, baş verən irəliləyişin miqyası, çəkisi, həqiqətən, böyükdür və danılmazdır. Ancaq iki mühüm məsələyə diqqət yetirmək lazım gəlir: Birincisi, müxtəlif humanitar elmlər sahəsində olduğu kimi, sovet dönəmində ədəbiyyatşünaslıq istiqamətində də aparılan tədqiqatlar və təhlillər, bir qayda olaraq siyasi rejimin diktəsinə, ideoloji şablonlarına uyğun olaraq aparılmışdır. Ona görə də, bir çox məsələlərə yenidən baxmaq, onları yenidən araşdırmaq və analizdən keçirmək lazım gəlir; İkincisi, o dövrdə nə qədər faydalı işlər görülsə də, boşluqlar, görülməli işlər kifayət qədər çoxdur. Bu boşluqları doldurmaq istiqamətində yeni-yeni işlər görmək, elmi axtarışlara baş vurmaq indiki və gələcək filoloqlar nəslinin qarşısında duran ümdə vəzifələrdəndir. Həmin vəzifəni ləyaqətlə icra edənlərdən biri də filoloq alim Sevinc Rəsulovadır.
Diqqətimizi cəlb etdiyindən Sevinc xanımın bu yeni tədqiqat əsərini nəzərdən keçirdik. Monoqrafik səviyyədə və səpkidə aparılan tədqiqat əsəri Azərbaycan uşaq ədəbiyyatının XIX-XX əsrlər mərhələsini, daha dəqiqi, XIX-XX əsrlərin hüdudlarını əhatə edir. Monoqrafiyanın adı belədir: "Azərbaycan uşaq ədəbiyyatının maarifçi-realist mərhələsi (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri)” (Bakı, Elm və təhsil, 2018).
Adından da göründüyü kimi, elmi əsər bizim milli uşaq ədəbiyyatımızın son dərəcə maraqlı, gərəkli, zəngin, məhsuldar bir mərhələsinin tədqiqinə həsr olunmuşdur. Bu mərhələ özünün spesifik xüsusiyyətləri, məxsusi əlamətləri, fərqli parametrləri ilə sonrakı mərhələlərdən seçilir. Sonrakı mərhələlərdən ona görə deyirik ki, əslində həmin dövr bizim milli uşaq ədəbiyyatımızın həm də təşəkkül və ilkin inkişaf mərhələsidir. Bilavasitə kiçik nəsil üçün yaradılan bədii sərvətimizin ondan əvvəlki dövrü yoxdur. Bu mərhələ həm də kiçiklər üçün ədəbiyyatımızın yaranış, baza və bünövrə mərhələsidir.
Monoqrafiyada Azərbaycan uşaq ədəbiyyatının o dövrdəki təsnifatı təşəkkül, inkişaf və zaman baxımından bu cür müəyyənləşdirilir: Birinci mərhələ: Milli uşaq ədəbiyyatımızın təşəkkülü ərəfəsi, təşəkkülü və formalaşması dövrü. Həmin mərhələ XIX yüzilliyin ortalarından başlayır, əsrin 70-80 ci illərində real nəticələr verib "kiçiklər üçün” ədəbiyyatımızın yaranmasına gətirib çıxarır. Birinci rus inqilabının başlanğıcına (1905-ci ilə) qədər davam edir; İkinci mərhələ: Milli uşaq ədəbiyyatımızın yetkin inkişaf mərhələsi (1905-1920). Artıq ilk mərhələdə formalaşma başa çatır, balacalar üçün ədəbiyyatımız yeni intensiv inkişaf yoluna qədəm qoyur, kamilləşmə və zənginləşmə mərhələsini yaşayır.
Alim apardığı bölgü barədə atüstü fikir söyləməklə kifayətlənmir. Onu elmi faktlarla əsaslandırır, fikrinin doğruluğunu dəlillərlə isbata yetirir. "İsbata yetirir” anlayış və fikrini biz təsadüfi olaraq vurğulamırıq. Belə ki, Sevinc xanımın araşdırmalarına qədər Azərbaycan ədəbiyyatşünaslığında milli uşaq ədəbiyyatımızın təşəkkül tarixi, yəni kimdən və hansı dövrdən başlaması ilə bağlı fərqli mülahizələr mövcud olmuşdur. Alim bu mülahizələrin hamısını bir araya yığır, saf-çürük edir, elmi cəhətdən analizdən keçirir. Hansının nə dərəcədə doğru olduğunu izah edir. Nəhayət, bizim uşaq ədəbiyyatımızın təşəkkül tarixinə tamamilə elmi aydınlıq gətirir, bu tarixin nə vaxtdan, kimdən və nə üçün başlanılmalı olduğunu arqumentlərlə, məntiqi dəlillərlə ortalığa qoyur. Bununla da, demək olar ki, bu barədə mübahisələrə son qoymuş olur. Bu, araşdırmanın diqqətəlayiq cəhətlərindən biridir.
Müəllif haqlı olaraq haqqında danışılan zaman kəsimində gənc nəsil üçün yaradılan bədii sərvətin faktiki nümunələrinin təhlilinə keçməzdən əvvəl bu ədəbiyyatın yaradılması və inkişafı ilə əlaqədar mübarizəni, ədəbi-nəzəri fikrin bu sahədə gördüyü işləri incələyir. Deyilən məsələni o, iki mərhələyə ayırır: XIX əsr boyunca görülən işlər; XX əsrin əvvəllərində atılan addımlar. Alim XIX əsr boyunca milli ziyalı elitasının görkəmli nümayəndələri A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi, M.Şahtaxtlı, Səid və Cəlal Ünsizadə qardaşları, S.Ə.Şirvani, S.Vəlibəyov, Ə.Axundzadə, A.O. Çernyayevski, H.Qaradaği, R.Əfəndizadə, F.Köçərli, S.Kəngərli, Ə.Gorani və başqalarının, habelə "Əkinçi”, "Ziya” və "Kəşkül” kimi milli mətbuat orqanlarının bu yöndə gördüyü işləri diqqətlə, səbirlə, fəhmlə nəzərdən keçirir. Daha sonra isə XX yüzilliyin ilk onilliklərində həmin missiyanın F.Köçərli, N.Nərimanov, C.Məmmədquluzadə, M.Mahmudbəyov, M.Ə.Rəsulzadə, M. H.Əfəndizadə, Ə.İ.Cəfərzadə, Q.R.Mirzəzadə, S.Hüseyn, Ü.Hacıbəyov və s. fikir münəvvərləri tərəfindən necə davam etdirildiyini aydınlaşdırır. Onların uşaq ədəbiyyatımızın inkişafına və intişarına nəzəri-estetik mənada necə yol göstərdiklərini aşkarlayıb analizdən keçirir. Bu zaman çoxlu sayda qəzet və jurnal məqalələrini, dərsliklərdə yer almış müəyyən nəzəri izahatları, oxu kitablarına yazılmış ön sözləri, dərsliklər və qiraət kitabları barədə yazılmış mətbu resenziyaları, şəxsi məktubları və s. nəzərdən keçirməli olur. Əlbəttə, bu çoxsaylı mənbələri tapıb üzə çıxarmaq, onları diqqətlə araşdırıb əsas cövhərini ortalığa qoymaq axtarışçı alimdən böyük əziyyət, səbir, vaxt və erudisiya tələb edir. Təqdirəlayiq cəhətdir ki, Sevinc xanım bu çətin işin öhdəsindən şərəflə gəlmişdir.
Tərcümə əsərlərinin bizim milli uşaq ədəbiyyatımızın təşəkkülünə və inkişafına təsirindən danışanda da müəllif eyni məsuliyyəti və cəfakeşliyi nümayiş etdirmişdir.
Uşaq ədəbiyyatımızın maarifçi-realist mərhələsində mövcud olan ədəbi növlərin miqyasına müvafiq olaraq monoqrafiyanın növbəti üç fəsli ayrı-ayrılıqda üç ədəbi növə aid bədii nümunələrin bir küll halında araşdırılmasına həsr edilmişdir.
II Fəsildə uşaq poeziyası bir bütöv halında təşrih obyektinə çevrilir. Bu zaman filoloq alim diqqətini yalnız S.Ə.Şirvani, M.T.Sidqi, R.Əfəndiyev, A.Səhhət, M.Ə.Sabir, A.Şaiq və s. kimi şairlərin şeirlərinə yönəltmir. O sənətkarları da diqqət mərkəzində saxlayır ki, onların yaradıcılığı ya az öyrənilmiş, ya da ümumiyyətlə, diqqətdən kənarda qalmışdır. Bu cür qələm sahiblərindən H.Qaradağini, Mirzə Ələsgər Növrəsi, Yusif Əfəndizadəni, Əlisəttar İbrahimovu, Əlabbas Müznibi, Əlimşan Hüseynzadəni, Əbdürrəhman Daini, Əli Ülvini, Abbas ağa Naziri, Cabbar Əfəndizadəni, Hacı Səlim Qasımzadəni, Mirzə Kazım Əsgərzadəni, Mir Seyfəddin Seyidov Şirvanini, Rza Sabiti və başqalarını göstərmək olar. Həm burada adını verdiyimiz , həm də adlarını göstərmək imkanına malik olmadığımız (çünki hamısının adını göstərsək, uzun bir siyahı əmələ gələr) və balalarımız üçün poeziya nümunələri yaradan bir çox şairlərimiz vardır ki, indiyə qədər onların yaradıcılığı ya ümumiyyətlə, öyrənilməmiş, ya da barələrində cüzi məlumat verilmişdir. Onları ilk dəfə elmi ictimaiyyətə daha geniş şəkildə təqdim etmək məsuliyyəti və şərəfi S.Rəsulovaya nəsib olmuşdur.
Eyni sözləri biz XIX əsrin II yarısı, XX əsrin əvvəllərində xalq övladlarından ötrü nəsr əsərləri yazan qələm sahiblərinə də aid edə bilərik. Məsələn, A.Şaiq, S.S.Axundov, S.M.Qənizadə, A.Divanbəyoğlu, İ.Musabəyov kimi nasirlərimizin kiçik oxuculardan ötrü yazdıqları hekayələr tədqiqatçıların diqqətini daha çox cəlb etmiş və uşaq ədəbiyyatımızın maarifçi-realist mərhələsinin nəsr örnəklərindən danışan mütəxəssislər daha çox adını çəkdiyimiz müəlliflərin əsərlərini əsas obyekt kimi götürmüşlər. Halbuki bizim bu dövrdə İslamzadə, Məhəmmədhəsən Tahirzadə, Cəfər Bünyadzadə, Şəfiqə Əfəndizadə, Hüseyn Hövzi, Əlağa Qafarzadə, Əli Səfa, Hacı Gözəlov, Əli Fəhmi, Əlimirzə Nərimanov Sənani, Həsən Şeyxzadə, Abbasqulu Vəlixanov, Ağahəsən Mirzəzadə, Rüxsarə xanım Mehrəlibəyova və s. kimi ziyalılarımız da kiçik oxucular üçün müxtəlif janrlarda (hekayə, nağıl, lətifə, rəvayət, hekayət və s.) nəsr əsərləri qələmə almışlar. S.Rəsulova bir axtarışçı səriştəsi ilə onları da üzə çıxarmış və təhlilə cəlb etmişdir.
Uşaq pyeslərinin araşdırılması zamanı da tədqiqatçı, ənənəvi, tapdanmış yolla getmir. Həm praktiki materialın üzə çıxarılmasında, həm də onların elmi analizində yeni yolla hərəkət edir. Onun barəsində danışdığı uşaq dramları mövzu obyekti kimi götürülən dövrün uşaq dramaturgiyasının əksəriyyətini əhatə edir. Bunlar A.Şaiqin, A.Səhhətin, M.Hacıbababəyovun, R.Əfəndizadənin, A.İsrafilbəyovun və A.Mirzə-zadənin pyesləridir. Qəribə görünsə də, indiyə qədər bizim ədəbiyyatşünaslıqda yalnız A.Şaiq və A.Səhhətin uşaq pyeslərindən söhbət açılmışdır. Digər müəlliflərin əsərləri isə demək olar ki, unudulmuşdur. S.Rəsulova uşaq dramaturgiyamızın unudulmuş həmin nümunələrini də ədəbiyyatşünas nəfəsi ilə dirildib isindirmiş, elmi ictimaiyyətə təqdim etmişdir.
Monoqrafiyada nəzərimizi cəlb edən uğurlardan biri də aparılan təhlillərin sərrastlığı və elmi şirinliyidir. Fikrimizin isbatı üçün S.S.Axundovun "Qaraca qız” hekayəsinin təhlilindən bir parçaya diqqət yetirək: ”Yazıçı obrazları xarakter baxımından dürüst, inandırıcı təsvir edir. Onların hər biri öz əxlaqı, mənəviyyatı, baxışları, əməlləri, psixologiyası ilə mənsub olduqları zümrənin, ictimai-sinfi ierarxiyanın, "kiçiklər və böyüklər” dünyasının inandırıcı təmsilçiləridirlər. Müəllif Qaraca qızın - baş qəhrəmanın, demək olar ki, bütün taleyi ilə bizi tanış edir. Prinsip etibarı ilə o, talesiz, qısa ömrü çətinliklər, əzablar, sıxıntılar içərisində keçən bir qəhrəmandır. Zirəkdir, çevikdir, istedadlıdır, qəlbi təmizdir, cəsarətlidir, səmimidir, sədaqətlidir, fədakardır. Mənəvi-əxlaqi cəhətdən gözəl, lakin zahirən çirkindir”. Göründüyü kimi, bu kiçik parçada təfərrüat, obrazın xarakteri yetərincə yığcam, dəqiq, elmi, həm də şirin bir ovqatda verilir. Təhlil quru və cansıxıcı deyil. Əlbəttə, bu, tədqiqatçının müsbət cəhətlərindən biri kimi dəyərləndirilməlidir.
Filoloq alimin faktiki materialla davranışı da xüsusi maraq doğurur. O, materiala həssas və qayğıkeş münasibət bəsləyir. Onun "nazı ilə oynamağı” bacarır. Ona hər bir rakrusdan baxır, yerini və çəkisini dəqiq şəkildə müəyyənləşdirir. Yalnız bundan sonra onun barəsində söz deyir. Elə buna görə də fikirləri məntiqli, inandırıcı, sübutlu görünür. Biz bu sanballı elmi əsərdən uşaq ədəbiyyatımızın təşəkkül və ilkin inkişaf mərhələsi barədə dolğun elmi məlumat ala bilirik.
Bəllidir ki, hər hansı səviyyəli, elmə faydası olan tədqiqat əsərinin meydana çıxması üçün araşdırıcıdan bir sıra keyfiyyətlər tələb olunur. Məsələn, zəhmətkeşlik, məsuliyyət, obyektivlik, təfəkkür və məsələlərə baxış ampluasının hansı dozada olması və s. Fikrimizcə, bu cərgədə öndə gələn keyfiyyətlərdən biri də tədqiqatçı vicdanının oyaqlığı, diriliyidir. İrili-xırdalı hər bir elmi əsərin ərsəyə gəlmə prosesində ilk axtarışdan son nöqtəyə qədər tədqiqatçının vicdanı oyaq olmalıdır. Oyaq vicdan hər addımda öz sahibini düzgün yola, zəhmətə, məsuliyyətə, obyektivliyə, ayıq təfəkkürə, məsələlərə baxış tərzində ciddiliyə sövq edir. Başqa sözlə, dəyərli, gərəkli elmi məhsulun ortalığa çıxmasına aparan yol, əslində elə vicdanlı tədqiqatdan (tədqiqatçı vicdanından!) başlayır. Haqqında söhbət açdığımız monoqrafiyanın müvəffəqiyyətini təmin edən birinci faktor tədqiqatçı vicdanının oyaqlığıdır. Kitabın hər bölməsində, hər səhifəsində və abzasında həmin vicdanın işartıları özünü aydın surətdə təzahür etdirir.

İslam Ağakərimov,
BSU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru




banner

Oxşar Xəbərlər