• çərşənbə axşamı, 19 mart, 14:45
  • Baku Bakı 8°C

Vətəndə vətən yaradıcılığı - ƏDƏBİYYAT

20.11.21 11:30 845
Vətəndə vətən yaradıcılığı - ƏDƏBİYYAT
Ola bilər ki, baş verən böyük bir hadisə qalacaq bir kənarda, orada gördüyümüz adi, sadə bir detal boy qaldıracaq, deyəcək ki, məni yaz. Bax, onda böyük bir əsər yaranacaq.
44 günlük Vətən müharibəmizin zəfəri tariximizə yazılan ən gözəl gün, ən gözəl qalibiyyət oldu. Bu qalibiyyət digər sahələrdə də – rəssamlıqda, fotoqrafiyada, bəstəkarlıqda, teatrda da öz əksini tapdı və tapmaqdadır. Bu zəfər tarixə yazılıbsa, deməli ədəbiyyata da yazılmalıdır, ədəbiyyatda da onun ətri gəlməlidir. Əlbəttə ki, müharibə ağır izlər buraxır və mövzu kimi də ağır və ağrılı mövzudur. Bunu hər şair, hər yazıçı bir cür canından, ruhundan keçirir, vərəqə ötürür. Bu proses Qarabağda doğulub, orda böyüyən, oranın havasından, suyundan, çörəyindən uzaq düşən yazıçı, şairlərin ruhlarına, yaradıcılıqlarına, düşüncələrinə və ümumiyyətlə, həyatlarına necə təsir edib? Axı onlar bunu daha çox hiss etməli, daha çox duya bilməlidirlər. Bəlkə də, səhv edirəm. Bəlkə də, hər bir qələm adamı, yerindən-yurdundan asılı olmayaraq, bu həsrətin intizarlı yollarının sonundakı sevinci eyni cür hiss edir, eyni cür yaşayır. Ümumiyyətlə, "qılıncı” klaviatura olan qarabağlı yazıçılar bu gün hansı hissləri yaşayır? Sabah nə yazacaqlar? Birisi gün yaradıcılıqlarında hansı yenilikləri etməyi düşünürlər?
Vətənə bağışlanan şəhid təbəssümü

Laçının Sus kəndində doğulan, ibtidai və orta təhsilini orda alan şair İlham Qəhrəman deyir ki, müharibənin qələbə ilə başa çatması, torpaqlarımızın azad olunması boynumuzdan töhməti götürdü: "Şəhidlərimiz, qazilərimizin sayəsində biz bu gün üzüağ, alnıaçıq gəzə bilirik. Şəhidlərimiz simalarındakı təbəssümü sanki bu vətənə bağışladı. 44 günlük müharibənin tamamında bütün Azərbaycana sevinc, təbəssüm gəldi. Torpaqların azad olunmasından gözəl heç nə ola bilməz. Mənim ən böyük arzum gerçəkləşib. Buna görə Allaha gecə-gündüz şükür edirəm. Bircə buna təəssüf edirəm ki, mənim doğulduğum kənd hazırda sülhməramlıların nəzarəti altında olan ərazidədir. Biz, hələ ki, ora gedə bilmirik. Amma internet üzərindən öz ata-baba evimizi görə bilirəm. Bircə damımızın rəngi dəyişib. Qalan hər şey əvvəlki kimidir. Heç nə dağılmayıb. Elə olduğu kimi də qalıb. Elə arzulayıram ki, tezliklə ora gedə bilim. Oranın torpağının, ağaclarının, gül-çiçəyinin ətrini alım yenidən. İçimdəki bu həsrət bitsin, mən evimə qovuşum.

Hər şey yaxşı olacaq

Tez-tez xəyallar qururam, düşünürəm. Bilmirəm ora çatanda hansı şeirləri yazacağam, ilham mənə necə gələcək, mən özümü necə hiss edəcəyəm? Heç birini bilmirəm. Amma bircə bunu bilirəm ki, misralarımda kədərlənən həsrət, intizar sona yetəcək... Daha oradan məyus-məyus mənə boylanmayacaq. Hiss edirəm ki, şeirlərimdə sevinc, azadlıq havası daha çox olacaq. Hələliksə, səbirsizliklə kəndimizə, obamıza, evimizə qayıdacağım günü gözləyirəm. İstəyirəm ki, gedək orda hər şeyi təzələyək, ocağımızı yandıraq, bacamızdan tüstü çıxsın. İndi Allahdan dilədiyim budur. Orada təbiətdən, elə adicə torpaqdan, sudan alacağım ilhamı gözləyirəm. Hamısı üçün çox darıxmışam. Mən bütün qarabağlılara tezliklə evinə qayıda bilməyi arzu edirəm. Əminəm ki, orda həyat yenidən əvvəlki kimi qaynayacaq. Hər şey yaxşı olacaq”.
Biz elə bilirdik ki...
Əslən Cəbrayıldan olan yazıçı Mübariz Örən deyir ki, bu zəfər, bu qalibiyyət bizim tariximizin ən şanlı səhifəsidir: "Biz bu torpaqların geri alınmasını, işğaldan azad olunmasını 27 il gözlədik. Ürəyimizdəki sevinc nə qədər böyük, nə qədər dərin olsa da, bir qədər məyusluqla da qarşılaşdıq. Biz elə bilirdik ki, elimiz-obamız qoyub gəldiyimiz kimi gözəl, cənnətməkan olacaq. Amma, təəssüf ki, elə olmadı. Erməni vandalları o cür gözəl yerləri dağıdıb, viranə qoyublar. Meşələr yoxdur, evlər yoxdur, hər yer darmadağın olub. Bütün bunlar bir yana, hətta ata-babalarımızın məzarları da yerlə-yeksan edilib. Bunu bilmək, bunu görmək olduqca ağırdır. Şəxsən mənim üçün bu, böyük bir faciədir.
"İki gün özümə gələ bilmədim”
Ora gedən dostlar atam dəfn olunan məzarlığın videosunu çəkmişdilər. Ona baxandan sonra iki gün özümə gələ bilmədim. İnsanlıqdan uzaq olan bu məxluqlar tarixi abidələrimizi, evlərimizi, məzarlarımızı darmadağın ediblər. 27 ildən sonrakı bu qayıdış çox ağır qayıdış olacaq. Milli ordumuzun rəşadəti, qüdrəti, şəhidlərimizin qanı hesabına çox böyük bir zəfər əldə etdik, torpaqlarımızı geri qaytardıq. Qalib olmaq, torpağa yenidən sahiblənmək möhtəşəm bir hissdir. Bunu bizə yaşadanlar var olsun!

İpə-sapa yatmayan yaradıcılıq

Yaradıcılıq ipə-sapa yatmayan bir şeydir. Bunu əvvəldən proqnozlaşdırmaq olmur. Onun nə vaxt, necə gələcəyini bilmək olmur. Ora gedəndə hansı hisləri keçirəcəyimi, nə düşünəcəyimi bilmirəm. Bəzən olur, görürəm, çatan kimi nəsə yazırlar. Amma məncə, hiddətlənməli, sevinməli, hisslər qaynamalı, sonra yatmalıdır. Ortaya sakitlik çökməlidir. Olub keçənləri qiymətləndirə-qiymətləndirə, düşünə-düşünə, artıq soyuq başla əsər yazmaq lazımdır. O, əslində, bizdən asılı olan bir şey deyil. Ondan ötrü əvvəlcə torpağımıza qayıtmalıyıq, hiss etməliyik. Elə bilirəm ki, elə şeylər yazılacaq ki, heç onu əvvəldən düşünməmişdik də. Ola bilər ki, baş verən böyük bir hadisə qalacaq bir kənarda, orada gördüyümüz adi, sadə bir detal boy qaldıracaq, deyəcək ki, məni yaz. Bax, onda böyük bir əsər yaranacaq”.
Xanım Aydın

banner

Oxşar Xəbərlər