• cümə, 19 Aprel, 21:44
  • Baku Bakı 24°C

“Vətəndaşlar alternativ enerjini dövlətə sataraq gəlir əldə edə bilər” - Video

31.05.20 21:38 749
“Vətəndaşlar alternativ enerjini dövlətə sataraq gəlir əldə edə bilər” - Video
"Yeni qanun layihəsi qəbul olunarsa, vətəndaşlar günəşdən əldə etdiyi alternativ enerjini dövlətə sataraq gəlir əldə edə bilərlər”.
APATV-nin məlumatına görə, bunu "Azalternativenerji” MMC-nin Mərkəzi Dispetçer Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazın ən böyük hibrid elektrik stansiyası ölkəmizdə - Qobustan rayonunda yerləşir.
Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki "Azalternativenerji” MMC-nin tabeliyində olan Qobustan Hibrid Elektrik Stansiyasında 12 minə yaxın günəş paneli quraşdırılıb ki, buradan da əldə olunan enerji "Azərişıq” ASC-yə satılır.
Vüsal Hüseynov bildirir ki, günəş panellərinin işləmə mexanizmi olduqca sadədir və çox xərc tələb etmir. Əsas məsələ panel üçün düzgün yer seçməkdir: "Ərazi gün çıxandan gün batana doğru seçilir. Panel tən ortada, günəşin düşmə bucağına perpendikulyar quraşdırılır. Bu ərazidəki panellər 39-40 dərəcədə quraşdırılıb. Hər bir panel 1-1,65 metr ölçüsündədir. Bunların hər biri 250 vatt, 37 volt, 8 amperlik nəzərdə tutulub”.
Müsahibimiz deyir ki, günəşdən əldə olunan enerji adi elektrik enerjisinə çevrilənə kimi bir neçə mərhələdən keçir: "Enerjinin istehsalı prosesi çox sadədir. Belə ki, günəşin şüası panellərin üzərinə düşür. Əldə olunan xammal panellər vasitəsilə invertora ötürülür. İnvertor da öz növbəsində həmin enerjini bizim evdə istifadə etdiyimiz enerjiyə çevirir və şəbəkəyə ötürür”.
Mütəxəssis deyir ki, günəş panellərinin quraşdırılması üçün heç bir xüsusi sənəd lazım deyil. Həm fərdi şəxslər, həm də sahibkarlar sözügedən sistemi quraşdıraraq 150 kilovatt/saata qədər istifadə edə bilər: "150 kilovatt/saat bir saat ərzində istifadə olunan enerjidir. Bu da böyük fermalar, istehsalat müəssisələri üçün nəzərdə tutulub. Amma fərdi bir abonentin tələbatı üçün 5 kilovatt da bəs edir. Həm şəbəkə ilə bərabər, həm də şəbəkəsiz yerlərdə akkumulyator sistemi ilə enerjini toplayıb öz enerji tələbatını ödəyə bilər”.
Həmsöhbətimiz bildirir ki, alternativ enerjidən istifadə üçün icazə tələb olunmasa da, sözügedən qurğunun sayğacla təmin olunması vacibdir: "İstəyir 3, istəyir 5, istəyirsə də 150 kilovatlıq panel quraşdırılsın, burada sayğacın quraşdırılması mütləqdir. Həmin panellərin hesabına enerji istehsal edirəm və şəbəkəyə ötürürəm. Burada mütləq sayğac olmalıdır ki, mənim istehsal etdiyim enerjinin də, "Azərişıq”dan aldığım enerjinin də hesabatını apara bilsin”.
Vüsal Hüseynovun sözlərinə görə, yaxın gələcəkdə bu sahədə yeni qanun qəbul olunarsa, günəş enerjisindən istifadə edən vətəndaş istifadədən sonra artıq qalan enerjisini dövlətə sata biləcək: "Yaxın gələcəkdə dövlət proqramlarında nəzərdə tutulub ki, xüsusi sayğaclar quraşdırılsın. Hər bir vətəndaş istehsal etdiyi enerjini evində istifadə edəcək. Qanun qəbul olunarsa, vətəndaş istifadə etmədiyi artıq enerjini "Azərişıq” ASC-yə satmaq imkanı əldə edəcək”.
Vüsal Hüseynov deyir ki, günəş panellərinin digər üstün cəhətlərindən biri də günəşsiz havalarda da enerji verməsidir: "Bu panellərin quraşdırılmasında heç bir çətinlik yoxdur. Quraşdırılması asan və mümkün olan bir şeydir. Günəşli hava olmasa da, enerjinin istehsalı mümkündür. Biz bu poliqonda bunların hamısını təcrübədən keçirmişik. Günəş olmasa da, tutqun havada belə enerji istehsalı olur. Amma günəşli hava ilə müqayisədə enerjinin həcmi bir qədər az olur”.
Vüsal Hüseynov bildirir ki, günəş panellərinin istifadəsi ekoloji mühitin qorunması baxımından da əlverişlidir və bu sistem ətraf mühitin qorunmasında əvəzsiz rol oynayır: "Ənənəvi enerjidən fərqli olaraq, alternativ enerji ətraf mühitə mənfi təsir göstərmir. Bu təbiətdən alınan enerjidir. Məsələn, adi elektrik stansiyalarında qazdan, yanacaqdan istifadə olunur. Bu zaman təbiətə tullantı atılır. Amma günəş enerjisi və digər alternativ enerji növləri birbaşa təbiətdən əldə olunduğuna görə ətraf mühitə heç bir ziyan vurmur”.
Qeyd edək ki, 38 hektar ərazidə inşa olunan Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi günəş, külək və bioqaz stansiyaları təchiz edilib. Bu mərkəz Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə fəaliyyətə başlayıb. Buradakı stansiyalarda günəş, külək və bioqaz qurğusundan əldə olunan elektrik enerjisi istehsal edilir.
banner

Oxşar Xəbərlər