• çərşənbə, 24 Aprel, 10:46
  • Baku Bakı 13°C

Vətən uğrunda canından keçmiş qəhrəmanlar heç vaxt unudulmayacaq

23.09.21 11:45 371
Vətən uğrunda canından keçmiş qəhrəmanlar heç vaxt unudulmayacaq
Tarix boyu ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik mövqeyində olublar. Son 200 ildə ermənilərin qədim Azərbaycan torpaqlarında məskunlaşdırılmasından sonra onlar düşmənçilik siyasətini daha da genişləndirməyə başladılar və özlərini bütün dünyaya yazıq, məzlum xalq kimi təqdim etməyə çalışdılar. 1915-ci ildə "soyqırımı”na məruz qaldıqlarını bütün dünyaya sübut etməyə çalışan ermənilər, əslində, istər çar Rusiyası, istərsə də sonrakı dövrlərdə azərbaycanlılara qarşı kütləvi soyqırımlar törədiblər. 1905-1907 və 1918-ci illərdə yüz minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib. 1918-ci ilin mart qırğınları xalqımızın yaddaşından heç zaman silinməyəcək. Həmin vaxt Qarabağda, Zəngəzurda, Şamaxıda, Göyçayda on minlərlə soydaşlarımız ermənilər tərəfindən soyqırımına məruz qalmış, yaşadıqları yurd yerlərindən qovulmuşlar.
Kaspi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı professor Kamilə Əliyeva bildirib.
Deputat bildirib: "Azərbaycanlıların öz tarixi torpaqlarından qovulması sovetlər dövründə də davam edib. 1948-1953 və 1988-ci illərdə 500 mindən çox soydaşımız ermənilər tərəfindən öz ata-baba yurdundan deportasiya olunaraq Azərbaycanda yerləşdirilib. Yük vaqonlarında acınacaqlı şəraitdə köçürülən minlərlə azərbaycanlı yollarda həlak olub. Törədilmiş bu vəhşilik və soyqırımı siyasətinə məhz ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib. Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Ermənilər dünyada baş verən əlverişli tarixi proseslərdən hər zaman məharətlə istifadə ediblər. Sovetlər birliyinin dağılması ərəfəsində Ermənistan öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etdi. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar 30 il işğala göz yumdular. BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qəbul etdiyi 4 qətnaməsi icra olunmadı. BMT 30 ilə yaxın müddətdə tərəfləri sülhə dəvət etməklə kifayətləndi, Ermənistana işğala son qoymaq üçün heç vaxt təzyiq göstərmədi.
Bütün bu illər ərzində Ermənistan işğalçılıq siyasətini davam etdirdi, dəfələrlə təxribatlar törətdi. Təxribatlar nəticəsində hərbçilərimizlə yanaşı, mülki dinc insanlar da qətlə yetirildi. Buna cavab olaraq Azərbaycan Ordusu tərəfindən 2016-cı ildə Lələtəpə döyüşlərində və 2020-ci ilin iyulunda Tovuz istiqamətində düşmənə layiqli cavab verildi. Eyni zamanda, Ermənistana mesaj verildi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq”.
K.Əliyeva qeyd edib ki, işğal zamanı ermənilər mülki obyektlərlə yanaşı, tarixi- mədəni abidələrimizə qarşı da vandallıq törədiblər. Dünya əhəmiyyətli yüzlərlə abidəmiz məhv edilib. Azərbaycan dövləti ermənilərin bu vəhşiliklərini bütün dünyaya nümayiş etdirdi. Özlərini "qədim” və "mədəni” xalq adlandıran ermənilərin əsl simaları dünyaya məlum oldu.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Silahlı Qüvvələrimiz bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən güclü orduları sıralarındadır. Ordumuz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda yer alır. Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman Azərbaycanda ordu quruculuğuna böyük diqqət ayırır. Bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın ən güclü və müasir silahları yer alır. Bunun nəticəsidir ki, ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu "məğlubedilməz ordu” imici yaratmış Ermənistan ordusunu 44 gün ərzində darmadağın etdi. İşğal altındakı torpaqlarımız azad olundu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi döyüş taktikası istər ABŞ, istərsə də digər böyük dövlətlər tərəfindən yüksək qiymətləndirilib. Başda ABŞ olmaqla, bir çox böyük dövlətlər bu döyüş taktikasının öz hərbi məktəblərində tədrisi barədə qərar qəbul edib. Prezident İlham Əliyev hər zaman ordu quruculuğunun dövlət siyasətinin prioritetlərindən biri olduğunu qeyd edir.
Müharibə zamanı Azərbaycan Ordusunun qabağında tab gətirə bilməyəcəyini görən Ermənistan silahlı birləşmələri daha bir müharibə cinayətinə əl atdılar. Azərbaycan şəhərlərini ballistik raketlərlə atəşə tutdu. Aralarında uşaqlar da olmaqla 100-dən çox dinc sakin qətlə yetirildi. Müharibə zonasından uzaqda yerləşən şəhərlərimizin atəşə tutulması və nəticədə dinc əhalinin qətlə yetirilməsi əsl müharibə cinayəti sayılır. Ermənistan buna görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaq.
Deputat diqqətə çatdırıb ki, Ermənistanın hərbi cinayətkar olmasının bir sübutu da işğal zamanı minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə verməməsidir. Basdırılmış yüz minlərlə mina regionda bərpa işlərini ləngidir, eləcə də mülki əhalimizin və hərbçilərimizin həyatını təhlükə altına alır. Müharibədən sonra 150-dən çox mülki şəxs və hərbiçimiz minaya düşərək həyatlarını itiriblər. Beynəlxalq təşkilatlar isə bu məsələdə də ikili standartlar sərgiləyir. Minalanmış ərazilərin xəritələrin Azərbaycan tərəfinə verilməsi ilə bağlı Ermənistana heç bir təzyiq göstərilmir. Müharibədə olduğu kimi Azərbaycan özü Ermənistanı xəritələrin verilməsinə məcbur edəcək.
Vətən müharibəsində Azərbaycan Ordusu böyük Zəfərə imza atdı. İgid oğullarımız böyük qəhrəmanlıq göstərdilər. İstər birinci, istərsə də ikinci Qarabağ Müharibəsində şəhid olmuş hərbçilərimizin və mülki əhalimizin qisasını aldılar. Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailə üzvləri, eləcə də qazilərimiz hər zaman dövlətimizin diqqətindədir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və yaralanmış hərbiçilərimiz döyüşdə göstərdikləri qəhrəmanlıqlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə dövlətin ən ali orden və medalları ilə təltif edilib. Bu qəbildən olan hərbçilərimizin bütün ehtiyacları dövlət tərəfindən ödənilir. Onlar evlərlə, mənzillərlə təmin edilirlər. Prezident İlham Əliyev hər zaman yaralı əsgərlərimizin yanında olacağını qeyd edib və onların bütün problemlərinin həll olunacağını vurğulayıb. Bu gün də şəhidlərimizin ailə üzvləri və qazilərimiz dövlətimizin onlara göstərdiyi qayğıdan razılıqlarını bildirirlər.
Bir neçə gündən sonra – sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olmuş zabit və əsgərlərimizin Anım Günü qeyd olunacaq. Prezident İlham Əliyev 27 sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycanda Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Dövlətimiz və xalqımız Vətən, torpaq, dövlət uğrunda canından keçmiş qəhrəmanlarını heç vaxt unutmayacaq, onların xatirəsi hər zaman anılacaq və xatırlanacaq.
banner

Oxşar Xəbərlər