Valideynlər də imtahan verməlidirlər ki...

"Prosesdə olanda,
gərginliyi özü yaşayanda, övladını, onun keçirdiyi həyəcanı qiymətləndirməyi
bacarır”
Gələcək məzunların valideynləri rus dilindən Vahid
Dövlət İmtahanı (EQE) veriblər. Moskvada gerçəkləşən prosesdə yüzdən artıq
valideyn iştirak edib. İmtahan, valideynlərin özlərini övladlarının yerində
hiss etmələri, onların keçirdiyi hissləri daha yaxşı anlamaq, prosesin yaxından
iştirakçısı olmaq məqsədi daşıyıb. İmtahan ab-havasını hiss edənlər arasında
aktyorlar, deputatlar, jurnalistlər, iş adamları da olub. "İmtahan pulsuzdur və
istənilən valideyn qoşula bilər”- elanına müraciətlər hələ də davam etməkdədir.
Moskvalı valideynlər üçün rus dili imtahanı artıq
beşinci ildir ki, keçirilir. Təşkilatçıların fikrincə, bu qayda ilə ata-analar
imtahan verməyə hazırlaşan övladlarına görə artıq həyəcandan xilas olur,
onların durumlarını, emosional vəziyyətlərini daha yaxşı anlayırlar.
Öz biliklərini yoxlamaq üçün valideynlər Moskva
Təhsilin Keyfiyyəti Mərkəzinə dəvət olunublar. Hazırda bu mərkəzdə imtahan
günlərində olduğu kimi, kamera müşahidəsi, metal detektorlu çərçivələri yer
alıb. Pandemiya şərtləri nəzərə alınaraq maska ilə giriş, temperaturun
ölçülməsi, auditoriyada sosial məsafənin gözlənməsinə riayət olunub. Hər otaqda
8 valideyn parta arxasına keçib. İmtahana yalnız pasportla daxil olmağa icazə
verilib. Mobil telefonlar və digər əlavə əşyalar isə şkafda saxlanılıb. Stolun
üstündə yalnız imtahan materialları və qara karandaş qoyulub. Bu il
iştirakçılara yenidən rus dili imtahanı vermək təklif olunub. İmtahan sualları
ixtisar olunmuş formada verilib. Yəni normalda 3 saat yarım çəkən imtahan
valideynlər üçün 30 dəqiqə davam edib. Valideynlər üç suala şifahi cavab verib
və inşa yazıblar. Nəticələr valideynlərin elektron poçtuna göndəriləcək.
Rusiyanın Əməkdar artisti Kamil Larin uşaqlıqdan imtahanı sevmədiyini
deyib: "Əlbəttə, istənilən imtahan uşaqlar üçün də, valideynlər üçün də
stressdir. Yaşından asılı olmayaraq həyəcan keçirirsən. Amma qorxulu heç nə
yoxdur, bu, bildiklərini kağız üzərinə köçürmək, yaddaşını vərəqləmək və öz
üzərində çalışmaq üçün məqamdır”.
Bəstəkar Dmitriy Dunayev "əvvəlcə maraqlı idi, sonra həyəcan başladı” deyərək
hisslərini bölüşüb: "Bununla belə, tapşırığı yazdım. Hətta, inşa yazmağa da nail
oldum. Baxmayaraq ki, bunu çoxdan yadırğamışdım. Sovet dövründə istənilən
məktubun məzmunu elə inşa idi. Təəssüf ki, indi məktub yazılmır, sosial şəbəkələrdən istifadə olunur. Buna
görə də, uşaqlar yazı yazmaq vərdişlərini, xüsusən ana dilinin əsaslarını
bilmirlər”.
Digər valideynlər də imtahan zamanı keçirdikləri həyəcanı, müasir texnologiyalarla işləməyin
labüdlüyünü, daimi mütaliənin vacibliyini, yeni trendləri öyrənməyin
əhəmiyyətini qeyd ediblər. Onlar, həmçinin proses zamanı uşaqlarını daha yaxşı
anladıqlarını dərk ediblər.
Vahid Dövlət İmtahanında valideynlərin iştirakının əhəmiyyətini,
ümumiyyətlə, belə bir eksperimentin tətbiqini azərbaycanlı alim və təhsil
ekspertləri də yüksək qiymətləndirir.
Cəmiyyətin maariflənməsi
üçün addım
Filologiya elmləri
doktoru, professor Buludxan Xəlilov valideynlərin
doğma ana dilindən buraxılış imtahanı verməsini, onların müasirləşməsi
istiqamətində maraqlı eksperiment hesab edir: "Bu o deməkdir ki, artıq həmin
valideyn övladının bilik və bacarıqlarına bələd olacaq, eyni zamanda evdə uşağı
ilə işləyə biləcək. Statistik hesablama aparsaq, valideynlərin xeyli bir
hissəsi övladı ilə inşa yazmaq hazırlığında deyil. Bu, çox pis haldır. Uşaq
təkcə məktəbdə öyrənmir, o, həm də internet resurslarından, o cümlədən ailədə
öyrənir. Ailədə valideyn, xüsusən doğma ana dilindən o qədər bilikli və savadlı
olmalıdır ki, övladı ilə polemika apara, uşaq ona müəyyən sualları verərkən
cavab verə bilsin. Bu, iki tərəf üçün də inkişaf olacaq. Həm şagird inkişaf
edəcək, dünyagörüşü artacaq, biliyi zənginləşəcək, həm də valideynlər öz üzərilərində
işləməli olacaq. Valideyn məcbur olacaq ki, doğma ana dilində hər hansı inşanı
yazmaq, açıq və ya qapalı test suallarına cavab vermək üçün öz üzərində
çalışsın. Bu, cəmiyyətin maariflənməsinə gətirib çıxaracaq”. Alimin fikrincə,
Azərbaycan cəmiyyətinin özündə də valideynlərin böyük bir qismi uşağının
buraxılış imtahanından bilik səviyyəsinin necə olmasından xəbərsizdir. Belə ki,
bəzən bu işi məktəbin üzərinə yükləyir, təqsiri müəllimdə axtarırlar: "Bəzən
Azərbaycan məktəbini elə valideynlər
tənqid edir ki, o, heç təhsilin, buraxılış imtahanının nə olduğunu bilmir. Bu,
məhdud düşüncəli valideynlərin yanaşmasıdır. Çünki məktəbin buraxılış
imtahanlarının mahiyyətindən, o prosesdəki gərginliklərdən xəbərsizdir. Bəzi
valideynlər, ümumiyyətlə, uşağının necə oxuması ilə maraqlanmır. Uşağın
təlim-tərbiyəsi birbaşa məktəbin üzərinə yüklənir. Sanki bəzi valideynlər yükdən
öz çiyinlərini kənara çəkməli olurlar. Amma elə olmamalıdır. Uşağın problemini
təkcə məktəbin üzərinə yıxmaq birtərəflidir. Bu mənada, belə bir eksperimentin
aparılması cəmiyyətinin xeyrinə olacaq. Cəmiyyətdə valideyn-şagird, məktəb-valideyn
münasibəti yüksək səviyyədə inkişafını
tapacaq. Nəticədə bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən bir
cəmiyyət formalaşacaq. Valideyn prosesin içində olanda, övladının bilik
səviyyəsini görəcək və məktəbin əlindən gələn hansı işi yerinə
yetirib-yetirmədiyini də biləcək. Həmçinin məktəbin funksiyası bir az önə
çıxacaq, müəllimin funksiyası bir az diqqəti cəlb edəcək. Təəssüf ki, hazırda
valideynlərin bir çoxu məktəbin funksiyasını görə, məktəbin və müəllimin
çəkdiyi əziyyəti qiymətləndirə bilmir və müəllimləri yerli-yersiz tənqid
edirlər. Valideynlərin bu cür imtahanda iştirakı cəmiyyətin maariflənməsində
irəli bir addım olacaq”. B.Xəlilov hesab edir ki, valideynlərin imtahana cəlbi,
övladlarını yersiz qınaqdan da xilas edə biləcək: "Bir qrup valideynlər
buraxılış imtahanlarından az bal toplayan övladlarını qınayır, stress yaradır,
tənbeh edirlər. Bəzən təcrübəsiz şagirdlər intihar edirlər. Onlar stress
keçirir, müxtəlif psixoloji xəstəliklər tapırlar. Valideyn o prosesdə olanda,
prosesin gərginliyini özü yaşayanda, övladını, onun keçirdiyi həyəcanı qiymətləndirməyi
bacarır. Valideyn imtahan prosesində övladının keçirdiyi gərginliyə qiymət
verməyi bacaracaq, bu prosesin içində olaraq doğmalıq hissini artıracaq.
Bir-birilə bölüşmək iqtidarında olacaqlar, artıq bir birlərini başa düşəcəklər.
Bu, məktəbin nüfuzuna da hörmət gətirəcək. Bu mənada, bu cür təcrübə məktəblə,
müəllimlə valideyn arasında sıx əlaqə yaradacaq. Təhsil cəmiyyətin problemidir.
Buraxılış imtahanlarında valideynlərin iştirakı, cəmiyyətin təhsilə
qoşulmasında və təhsillə maraqlanmasında irəli bir addım olacaq. Cəmiyyətin özü
maariflənəcək”. Alim hesab edir ki, valideynlərin imtahan verməsi, həmçinin
onların özlərinin özlərinə təhsil verməsi üçün yaxşı eksperimentdir. Belə ki,
bəzi valideynlər var ki, onların Ana dili, riyaziyyatdan bilikləri çox zəifdir
və müasirlikdən geri qalırlar: "Ona görə, o valideynlər öz üzərilərində işləyib
müasirliklə ayaqlaşmağa çalışmalıdırlar. Valideynin təhsil aldığı zaman da
fərqlidir. Elm-texnika daim inkişaf edir. Adətən valideyn övladını qiymətləndirərkən,
öz dövrü ilə müqayisələr aparmağa başlayır. Halbuki onun oxuduğu dövrdəki
təhsillə indiki dövrün təhsili fərqlidir. Valideynin o dövrdə oxuduğu resurslar,
metodika ayrıdır. Bu baxımdan, valideyn müasir dövrün texnologiyasına,
resurslarına yiyələnməklə, övladı ilə yaxşı mənada dostluq münasibəti quracaq.
Bu da, mənə elə gəlir ki, məktəbin, müəllimin işinə kömək edəcək. Valideynin bu
prosesə daxil olması imtahanın nə qədər gərgin olmasını anladacaq. Elə onlayn
tədris bir çox valideynlərə prosesin nə qədər
gərgin olduğunu anlatdı. Övladları onlayn dərsə qoşuldu və valideynlər
müəllimin hansı çətinlikləri çəkdiyini, övladlarının nə qədər hazırlıqlı olub-olmadığını
müşahidə edə bildilər. Yəni bu mənada cəmiyyət nə qədər hazırlıqlı olarsa,
məktəbin işinə, müəllimin tədris prosesində əldə etdiyi nailiyyətə bir o qədər
kömək etmiş olacaq”.
Empatiyaya ehtiyac
Təhsil eksperti
Qoşqar Məhərrəmov hesab edir ki, belə bir sınaq, hər şeydən
əvvəl valideynlərin uşaqlara təzyiqinin qarşısını almaqda rol oynaya bilər:
"İnsanların empatiya qurması bir az çətin məsələdir. İnsan, prosesi tam
yaşamadan empatiya qura bilmir. Valideynlər də o hissləri tamamilə yaşamadan,
uşaqlarının hansı hissləri keçirdiyini bilməzlər. Hesab edirəm ki, bu cür
imtahan valideynlərin övladlarına qarşı yaratdığı stress faktorunu azaldacaq.
Nəticədə abituriyentlər imtahanlardan sonra yaxşı və ya pis nəticələri ilə daha
şüurlu və təmkinli üzləşə biləcəklər”. Dünyanın müxtəlif yerlərində bəzən aşağı
bal toplayan abituriyentlərin özlərinə qəsdetmə faktlarının olduğunu deyən
ekspert hesab edir ki, bu cür problemlər də həll oluna bilər: "Ümid edirəm ki,
belə addımlarla bu məsələlər də həll olunar. Çünki insanlarda empatiya hissinin
formalaşması çox vacib məsələdir”.
Hərçənd bizdə hələ ki, bu tip eksperimentlər
haqqında düşünülmür. Amma cəmiyyətin inkişafı naminə yaxşı nümunələrin təkcə
yazılması və ya söylənməsi yox, tətbiq olunması zəruridir. Xüsusən, əgər
cəmiyyətdə imtahandan sonra xoş hadisələrlə yanaşı, ürək açmayan olaylar da baş
verirsə...
Təranə Məhərrəmova
