• bazar, 22 Dekabr, 17:45
  • Baku Bakı 9°C

Uşaqların sevimli Ələkbər əmisi - ANIM

06.07.24 01:21 11166
Uşaqların sevimli Ələkbər əmisi - ANIM

“Ələkbər Hüseynov səhhəti ilə əlaqədar çalışdığı iki teatrdan birini seçməli idi. Həkimlər ona çox işləməyi məsləhət görmürdülər. Çünki artıq ağrıları vardı və əməliyyat olunmuşdu. O, sonunda Kukla Teatrını seçdi”.

Ələkbər Hüseynov Dövlət Kukla Teatrının tamaşaçıları üçün uzun müddət maraqlı sima olub. Bilet almağa yaxınlaşan böyüklü-kiçikli tamaşaçılar “bu gün Ələkbər əmi oynayırmı?”- deyə maraqlanıblar. Bunu teatrın kassasında çalışan Dilarə Məlikova da təsdiqləyir: “Sanki teatra ona görə gəlirdilər. Ələkbər Hüseynovun tamaşaları zamanı salon dolu olurdu...”

Ələkbər Hüseynov bu sevgini elə-belə qazanmamışdı. 7 iyulda - doğum günü ərəfəsində mərhum aktyoru yad edərkən sənət dostlarının da həmkarlarına olan böyük sevgisinin şahidi olduq.

Hər kəslə dil tapa bilən insan

Xalq artisti Səidə Quliyeva “Mən Ələkbərlə yaradıcılıq ünsiyyətində olanda o, artıq hörmətli və daha çox uşaqların sevimlisi olan aktyor idi”, - deyə xatırlayır: “Əli Əmirlinin “Bala başa bəla” tamaşasında onunla işlədik. Ona qədər isə Ələkbəri bir aktyor kimi tanıyırdım. Hətta Şəki Teatrında işləyərkən də onu izləyirdim. Maraqlı və orijinal bir aktyor idi. Onun bənzəri yox idi, rəngarəng rollar oynayırdı. Bu da məni cəlb etmişdi. “Bala başa bəla” tamaşasına dəvət alanda və biləndə ki, oğlumu Ələkbər oynayacaq, bir az tərəddüd etdim. Mən ondan cəmi 4-5 yaş böyük idim. “Şərif Qurbanəliyevlə Ramiz Həsənoğlu necə olub ki ana rolunu mənə, oğlumu da ona veriblər?”- deyə təəccübləndim. Amma əsəri oxuyandan və məşq prosesindən sonra gördüm ki, yaş fərqi görünməyəcək. Tamaşaçı da “O qədər cavan analar var ki…” - deyə o fərqə varmadı. Biz bu nöqteyi-nəzərdən yanaşdıq və mənə elə gəlir ki, uduzmadıq. “Bala başa bəla” tamaşasının çəkilişləri zamanı dörd ay məşq elədik. İndi demək olar ki, belə məşqlər olmur. Bir ay ərzində hər gün çəkildik”. S.Quliyeva həmkarının xarakterindən danışaraq, onun mülayim təbiətli insan, hər kəslə dil tapa bilən şəxs olduğunu deyir: “Çəkiliş meydançasından çıxanda artıq gec olurdu. Biz evə bir qayıdırdıq. Yol boyu onun xarakterini daha yaxından öyrənirdim. Ələkbər hamı ilə öz dilində danışmağı bacarırdı. Amma özünə qarşı həddindən artıq sərt idi. Uşaqlar onu çox sevirdilər. Dünyasını dəyişəndə uşaqlar ağlayırdılar, bu xəbərə inanmaq istəmirdilər. Ələkbər “Təbəssüm” ordeni ilə təltif olunmuşdu. Dünyanın bir çox məşhur insanları bu ordenə layiq görülüb. Ələkbərin belə bir yüksək mükafata layiq görülməsi ölkəmiz üçün də böyük hadisə idi. Ancaq ordeni alandan sonra cəmi 20-25 gün yaşadı”.

“Sanki iki daşın arasında qalmışdı”

“1987-ci ildə Kukla Teatrına baş rejissor təyin olunduqdan sonra Ələkbər Hüseynovu teatra dəvət etdim” - deyə rejissor Namik Ağayev xatırlayır: “Onda Ələkbər Şəki Teatrında işləyirdi. Eyni zamanda, Hüseynağa Atakişiyevin Gənclər Teatrında çalışırdı. Sanki iki daşın arasında qalmışdı. Gənclər Teatrı da ağır sənət yeri idi, Kukla Teatrı da gərgin zəhmət tələb edirdi. Ələkbər səhhəti ilə əlaqədar iki teatrdan birini seçməli idi. Həkimlər ona bu qədər işləməyi məsləhət görmürdülər. Çünki artıq ağrıları vardı və əməliyyat olunmuşdu. O, sonunda Kukla Teatrını seçdi. Biz onunla “Pəri cadu” tamaşasını hazırladıq, baş rolda oynadı. Ələkbərlə kukla sənətinə adaptasiya dövrü keçirdik. Çünki dram teatrından gələn rejissor yarı canlı, yarı kukla istifadə etməklə bağlı bir adaptasiya dövrü keçir. Biz bu mərhələni birlikdə adladıq. Teatrda Oqtay Dadaşov, Şahmar Hüseynov, Ruslan Həsənov, Mansur Mansurov kimi ustadlar vardı, onlar da təcrübələrini Ələkbər əmi ilə paylaşdılar və biz böyük nailiyyətlər əldə etdik. Onu sanki transfer edilmiş futbolçu kimi komandaya yerləşdirmişdim. Sonradan başqa əsərlərdə də rol aldı. O, dünya mədəniyyətini öyrənməyə çalışan insan idi. Gözəl musiqi qabiliyyəti də vardı. Nağara, saz çalmağı, nəlbəkilər üzərində ifa etməyi öyrəndi. Biz çox festivallara dəvət alırdıq. Sonra o, mənsiz də “Bülbül” və “Keçəlin toyu” tamaşaları ilə Avropanı dolaşdı. Onun tamaşaları bir sıra beynəlxalq festivallarda birincilik qazandı. Sonra da Polşanın “Təbəssüm” ordeninə layiq görüldü. Bu medalı ona şəxsən birinci xanım Mehriban xanım Əliyeva təqdim etdi. Bu, böyük şərəf idi”. 

“50 yaşına qədər sanki 100 illik həyat yaşadı”

N.Ağayev deyir ki, Ə.Hüseynov hiperaktiv insan idi: “Uşaqların sevgisini çox tez qazandı və onların sevimlisinə çevrildi. O, televiziyada uşaq verilişinin aparıcısı idi. Televiziya tamaşaçılarının da sevimlisi olmuşdu. Ələkbər 50 yaşına qədər sanki 100 illik həyat yaşadı. Mən Türkiyəyə işləməyə gedəndən sonra da onunla tez-tez danışırdıq. Qayıdıb gələndə isə onunla hazırlayacağımız tamaşadan əvvəl görüşür, küçələri dolaşır, müzakirələr edirdik. Təsəvvür etmirdim ki, onsuz tamaşa işləyə bilərəm. Çünki onun bütün hərəkətləri mənə ruhən uyğun idi. Hətta Türkiyəyə köçəndə də onun üçün ştat danışmışdım ki, yaradıcılığımızı davam etdirək. Amma o, Bakıda qalmalı oldu. Öz dünyasını müstəqil şəkildə qurdu. Mən həmişə onu etalon kimi misal çəkirəm. Heyif ki, onu erkən itirdik!”

“Dəyərli dost və gözəl insan idi”

Əməkdar artist Rəhman Rəhmanov deyir ki, Ələkbər Hüseynov Kukla Teatrına gələndə ilk dəfə onların truppasında işləyib: “Biz onunla son günə qədər yaxın dost olmuşuq. İlk dəfə qastrola da mənimlə gedib. Bir neçə ölkəni gəzdik. Hər səfərdə onun nə qədər istedadlı aktyor olduğuna heyran olurdum. Sonra bir çox tamaşalarda bir yerdə oynadıq. Tehranda Ümumdünya Kukla Teatrları Festivalında “Oxay və Əhmədin nağılı” ilə qalib olduq. Dəyərli dost və gözəl insan idi”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər