Uşaqlarımız daha klassik nağıllara inanmır

- Mənim balam, Şəngülüm,
Şüngülümün anası canavarın onun balalarını yediyini biləndə, buynuzlarını itiləyir
və canavarın qarnına batırır. Şəngülümlə Şüngülüm canavarın qarnından çıxaraq
analarının qucağına qaçırlar.
- Dayan e, bəs canavar
onları yeyibsə, necə sağ qalıblar? Bir də ki, iki keçi balası bir canavarın
qarnına necə sığışır? Sən deyəsən, bizə yalançı nağıllar danışırsan...
Övladımla olan bu dialoqdan sonra, açığı, ona deməyə söz tapmadım.
"Yat balam, artıq gecdir” – deyəndə isə, "axı heç bundan qabaq danışdığın
nağıldakı Cırtdan da yatmırdı” cavabını eşitdim.4 yaşında iki övladım var, ancaq onlar mənim anamdan eşidərək
böyüdüyüm nağıllara inanmırlar. Bunun üçün də məcburam özümdən yeni nağıllar
uydurum. Digər tərəfdən, onların bizim nağıllarımızı bilməyini, həm də "Maşa və
ayı”, bir binadan o biri binaya tullanan Spiderman kimi nağıl qəhrəmanlarını özlərinə
örnək götürməsini də istəmirəm. Bizim klassik nağıllarımızda çox uydurmalar
var. Evdə böyüyən uşaqlarımızı nənələrimizdən, analarımızdan eşitdiyimiz
nağıllara inandıra bilmədiyimiz halda, bəs görəsən teatrlarımız bu nağılları səhnələşdirərkən,
balacaları inandırmaq üçün hansı üsullardan istifadə edirlər? Bu sualla mütəxəssislərə
müraciət etdim.
Əgər
övladınız nağıllara inanmırsa...
Bakı Uşaq Teatrının
direktoru, əməkdar artist İntiqam Soltan mövzu ilə bağlı danışarkən
qeyd etdi ki, bu günün uşaqları daha dinamik, çevik və gözüaçıq böyüyürlər:
"Teatrımızın səhnəsində hazırlanan tamaşalara çox həssaslıqla yanaşırıq. Belə
ki, müraciət etdiyimiz nağıllarda uşaqlara ötürəcəyimiz mesajlar bizim üçün çox
önəmlidir. Çalışırıq ki, nağılları olduğu kimi təqdim etməyək. Misal üçün, "Şəngülüm,
Məngülüm, Şüngülüm” nağılında canavar
keçini yemir, sadəcə onu oğurlayır. Biz nağıl qəhrəmanlarını məhz o nağılın
içində deyil, başqa hadisə zamanı istifadə edirik. Bizim üçün əsas personajdır,
nağılın özü deyil. Məsələn, Tıq-tıq xanım özünə dost axtarmaya və məktəbə gedə
bilər. Biz hazırladığımız tamaşalarda uşaqları beyinlərinin
avtomatlaşdırılmasından kənara çıxarmağa, onlara adət etdikləri ssenaridən fərqli
bir hadisə göstərməyə çalışırıq. Ona görə ki, nağılı izləyən uşaq yalnız bu
situasiyada ilişib qalmasın. Düzdür, bəzi klassik nağılların mövcudluğundan mən
də narazıyam. Elə götürək, "Cırtdan” nağılını. Bu nağılın böyük siyasi tərəfləri
var. Məmnuniyyətlə bu nağılı böyüklər
üçün hazırlayardım. Nağılda Cırtdan liderlik edir, dostlarının belində gəzir və
sair”.

İ.Soltan klassik nağılların formatını dəyişərək, müasir zamana
uyğunlaşdırmağın tərəfdarı olduğunu bildirdi: "Əlbəttə ki, bütün nağıllar dəyişiklik
edilib səhnələşdirilməlidir. Bu gün bəzi rejissorlarımız klassik nağıllara və əsərlərə səhnə həlli verirlərsə,
orada heç bir dəyişiklik etmirlər, hər hansı cümləni dəyişməyə ehtiyat edirlər.
Ancaq bu, absurd fikirdir. Əsas odur ki, ideya dağılmasın. Hər rejissorun öz
yanaşması var. Bizim məqsədimiz hadisəni uşaqlara çatdırmaqdır. Əgər nəyinsə
qarşısına "quş” qoymaq xatirinə bu əsəri hazırlayıramsa, əlbəttə ki, hər şey
başdansovdu olacaq və uşaqlar baxdıqları tamaşaya inanmayacaq. Mənim üçün hər
şey təqdimatdan asılıdır. Yetər ki, uşaqlara qarşı səmimi olasan. Hələ indiyə qədər
bizim tamaşalarımızda "mən buna inanmadım” - deyib zalı tərk edən uşaqlar
olmayıb. Əgər övladınız nağıllara inanmırsa, siz həmin nağılları ifadə etməyin
formasını dəyişin”.
"Uşağın
nağıl eşitməyə ehtiyacı var”
Abdulla Şaiq adına Dövlət
Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq” uşaq teatr studiyasının rəhbəri,
yazar, rejissor Səidə
Haqverdiyeva deyir ki, uşaqları nəyəsə inandırmaq, onları hər hansı bir
yalanın içinə salmaq o qədər də çətin deyil: "Hətta müasir uşaqlar belə
nağılları sevir. Hansı dövrdə yaşamasından asılı olmayaraq, əgər sən nağılçı
olaraq hər hansı bir nağılı gözəl danışırsansa, uşaq bütün diqqətini nağılçının
üzərinə yönəldəcək və diqqətlə sona qədər qulaq asacaq. Əgər nağıl bitdikdən
sonra suallar verməyə başlayacaqsa, demək ki, onu nəsə maraqlandıran var və o,
bu hekayədə nəyəsə inanmayıb. Yox əgər sual vermirsə, demək, bu sənin
qazancındır və sən onu inandıra bilmisən. Çox vaxt ayıq, gözüaçıq uşaqları
nağıllara inandırmaq olmur. Hiss edir ki, burda nələrsə düz deyil. Müqayisə etməyə
başlayır və bəzi məqamlar onu narahat edir. Uşağa elə dəqiq danışmalısan ki,
onu inandırasan. Nağıllarsız dünya mümkün deyil. Hər uşaq nağıl eşitmək istəyir.
Çünki uşağın nağıl eşitməyə ehtiyacı var. Valideynlər övladlarını yola vermək
üçün onlara həvəssiz, başdangetdi nağıl danışmamalıdır, bunu sevgi və istəklə
etməlidir. Əgər uşaq nəyəsə inanmırsa, başqa nağıla keçmək lazımdır. Təəssüf
hissi ilə qeyd edim ki, bu gün valideynlərimiz cəmi 3-4 nağıl bilir - "Göyçək Fatma”, "Cırtdan” və "Məngülüm, Şəngülüm,
Şüngülüm”. Nağıl uşağı yatızdırmaq, beynini sakitləşdirmək üçündür. Uşaq
yatdığı yerdə fikirləşməməlidir ki, görəsən bu keçilər canavarın qarnında necə
sağ qalıb? Bu tip düşündürücü nağıllarla uşağı dərin mövzunun içərisinə də
salmaq olmaz”.

S.Haqverdiyeva qeyd etdi ki, "Oyuq” teatr studiyasında sonu xoşbəxt
sonluqla bitən tamaşalar hazırlanır: "Hər hansı bir nağılın sonunda qəhrəman
ölürsə, bu, uşağa mənfi təsir göstərir. Misal üçün, "Qoğal” nağılının sonunda
qoğalı yeyirlər. Bu, uşaq üçün dram və faciədir. Biz "Oyuq” teatr studiyasının
səhnəsində uşaqlarla "Qırmızı papaq” nağılını nümayiş etdirdik, orada canavar
Qırmızıpapağı yemədi, biz zamanı geri çəkdik”.
Müsahibim deyir ki, "Oyuq” teatr studiyasında hazırlanan tamaşaların
bəzilərini özü yazır: "Studiyada çalışan uşaqları tanıdığım üçün onların
xarakterinə uyğun obrazlar yazıram. Bəzən uşaqlar özləri mənə yaxınlaşıb,
canlandırmaq istədikləri obrazları deyirlər. Biz o uşaqlara öz rollarını seçmək
imkanları veririk. Belə olduğu halda, o uşaqlar daha gözəl oynayırlar”.
"Uşaqların
fantaziyasının inkişafı üçün belə nağıllar lazımdır”
Uşaq ədəbiyyatı yazarı Elvira Məmmədova deyir
ki, hər dövr üçün yeni nağıllar yaranmalıdır. Ancaq klassik nağıllara gəldikdə,
bu, uşaqdan da asılıdır: "Müasir dövrdə inkişaf etmiş tibbin sayəsində ən
balaca uşaq da bilir ki, insanın, hətta heyvanın da qarnından qeysəriyyənin köməyi
ilə canlı çıxır. Canavarın qarnından Qırmızıpapağı çıxarmaq bəlkə də indiki
uşaqlar üçün uydurma yalan kimi görünmür. Bu, həyati bir faktdır. Uşaqlar hər
şeyə tez inanırlar, onların qavrama, dünyagörüşləri məsələsi var. Uşaqlar daha
tez inkişaf edir və müəyyən yaşa qədər bu nağıllara inanırlar. Amma bu günün
uşağı hər şeylə maraqlanır və bunun üçün də davamlı olaraq suallar verir. Bu
suallar əvvəlki nəslin uşaqlarının verdiyi suallardan çox fərqlənir. Alimlər
araşdırmalar edib, belə bir qənaətə gəliblər ki, klassik nağılların alt mənaları
varmış. Bizim əzbər bildiyimiz Puşkinin "Qızıl balıq” nağılındakı qarı hiyləgər,
tamahkar, naşükür bir insan kimi tanınırdısa, amma əslində müəllif nağılın alt
qatında başqa bir mesaj ötürməyə çalışıb. Qoca kişi yaşlı, gözəl olmayan, pis
xasiyyətli qadının nazını çəkirsə, bu, insanın insana sevgisini tərənnüm edir.
Burada tamamilə başqa alt mənalar gizlənir. Klassik nağıllarımızın çoxunda belə
alt mənalar var. Sadəcə olaraq, biz o alt qatdakı mənaları uşaqlara izah edə
bilmirik. Hər dövrün uşaqlarına uyğun nağıllar yazılmalıdır. Onların
dünyagörüşü ilə ayaqlaşmağı bacarmalıyıq”.

Ekspert oxuduğumuz nağılları hər yaş dövründə fərqli şəkildə qəbul
etdiyimizi deyir. Bildirir ki, uşaq yaşlarında o nağılları oxuyanda tamam fərqli
anlayıb: "Bir neçə ildən sonra o nağılı oxuyanda başqa cür dərk edir,
anlayırsan. Elə cizgi filmləri var ki, onlar başdan-ayağa fantaziya ilə
doludur. Uşaqlar bunlara inanırsa, niyə də klassik nağıllarımıza inanmasınlar?
Klassik nağılların çoxunda baş verənlərə inanan uşaqlar kifayət qədərdir.
Uşaqlarla işlədikcə görürəm ki, onların gözəl fantaziya və ideyaları olur.
Nağıllarda bu fantaziya o qədər çox olur ki, uşaqların fantaziyasının inkişafı
üçün belə nağıllar lazımdır. Bəzən deyirlər ki, 5 yaşa qədər olan uşağın
beyninin fantaziyası və onun verə biləcəyi məhsul 6 alimin beyninə bərabər olur.
Yəni deməyim odur ki, uşaqlarda bu fantaziyanı inkişaf etdirmək lazımdır. Çünki
bu, uşaqlarda yaradıcılığa və kreativliyə yol açır. Onlar bizə yeni ideya
verir, yeni düşüncə tərzi yaradırlar. Nağıllar isə bu ideyaların yaranmasına əsas
yardımçı olan vasitədir”.
Xəyalə Rəis
