Uşaqları “Şaxta babanın toyuna” dəvət edirlər

Yeni ilə iki həftədən
də bir qədər az vaxt qalıb. Bayram, demək olar ki,qapımızınkandarındadır.
Artıq Bakının küçələrində bayram ab-havası yaşanır.Bayramın gəlişinə isə
daha çox uşaqlar sevinir. Şam ağacı, Şaxta baba, Qar qız, tətil günləri və bir
də yeni il tamaşaları, əyləncəli bayram tətili onları gözləyir. Bəzən uşaqlarla
bərabər, valideynlər, gənclər də bu bayrama xüsusi hazırlaşırlar. Bayram
ab-havası duyulan kimi, valideynləri bir
sual maraqlandırır: Bayram günlərində uşaqları hara aparaq? Artıq ənənə halını
almış bu yazının da missiyası bəllidir: Valideynləri bayram proqramı ilə məlumatlandırmaq.
Teatrlardan, mədəniyyət ocaqlarından yeni ildə uşaqların görüşünə necə
hazırlaşdıqlarını və onlara nələr təqdim edəcəklərini soruşduq.
Heydər Əliyev Sarayında
sehrli nağıl dünyasına səyahət olacaq
İlk olaraq Heydər
Əliyev Sarayının sözçüsü Anar Fərəczadə ilə danışdıq. Müsahibimiz bildirdi ki, yanvarın
2 və 3-də Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri keçiriləcək:
"Burada uşaqlara nağıl qəhrəmanları dovşan, qarğa, canavar, pirat, ifrit və küpəgirən
qarının iştirakı ilə böyük şam ağacının ətrafında musiqili, əyləncəli və
interaktiv nağıl-tamaşa təqdim olunacaq. "Şaxta baba və Küpəgirən qarı” adlanan
tamaşa zamanı Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla
görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə
sevindirəcəklər. Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin
milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya
xüsusi rəng qatacaq. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə
fərqlənən nağıl-tamaşa uşaqları sevindirəcək və gözəl əhval bəxş edəcək.
Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına səyahət edəcəklər”.
Saat 12:00 və 15:00-da başlayacaq nağıl-tamaşa
üçün biletlərin qiyməti 6-25 manat təşkil edir.

Ana teatrda uşaq bayramı
Akademik Milli Dram Teatrının
kollektivi ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə
azyaşlıları sevindirəcək. Teatrdan aldığımız məlumata görə, bayram tamaşaları dekabrın
27-dən yanvarın 6-na qədər davam edəcək. Proqrama əsasən, tamaşa gündə 4 seans
- saat 11:00, 13:00, 15:00 və 17:00-da uşaqlara təqdim olunacaq. Uşaqlara nümayiş olunacaq "Nindza tısbağalar
və kapitan Cekin macəraları” tamaşasının məşqləri yekunlaşmaq üzrədir.
Tamaşanın quruluşçu rejissoru Anar Sadıqovdur.
Səhnə əsərinin rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin
quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.
Teatrın mətbuat
katibi Cavid Zeynallı qeyd etdi ki, Akademik Mili Dram Teatrının azyaşlı
tamaşaçıları bayram şənliyində iştirak edib tamaşaya baxandan sonra onlara hədiyyələr
də təqdim olunacaq: "İnanırıq ki, teatrımızın kollektivinin böyük sevgi ilə
hazırladığı şənlik uşaqların, eləcə də valideynlərin yaddaşından uzun müddət
silinməyəcək və onlar növbəti bayramlarını da məhz bizimlə birlikdə qeyd edəcəklər”.
Musiqili Teatrda "Cırtdanın sərgüzəştləri” olacaq
Azərbaycan Dövlət
Musiqili Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova bildirdi ki, repertuarda
hər zaman uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr bayram günlərində balaca
teatr həvəskarlarının görüşünə Azərbaycan xalq nağılı "Cırtdan”ın motivləri əsasında
hazırlanmış "Cırtdanın sərgüzəştləri” musiqili nağıl tamaşası ilə gələcək: "Rəngarəng
dekorasiyaları, işıq effektləri, şən musiqiləri və oyunları ilə zövq oxşayan
bayram əhval-ruhiyyəli tamaşada, hadisələrin süjet xətti uşaqlıqdan hamımızın
adət etdiyimiz "Cırtdan”dan fərqli məcrada cərəyan edir. Burada da Cırtdan öz
dostlarını ətrafına toplayıb meşəyə odun yığmağa gedir. Tamaşanın quruluşçu
rejissoru Ayla Osmanovadır. Səhnə əsərində
Əməkdar artist Novruz Əliyev, Məhərrəm Qurbanov, aktyorlar Gülnarə Əzizova,
Gültac Əlili, Əmrah Dadaşov, Fərid Rzayev, Zaur Əliyev, Ruslan Mürsəlov,
Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Murad Əliyev və Əli Kərimovun ifasında
uşaqlar biri-birindən maraqlı qəhrəmanlarla tanış olacaq və onlarla birgə möcüzələr
aləminə səyahət edəcəklər. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, rejissor
assistenti Tamilla Aslanovadır”.

Fəridə xanım
Yeni ilin ilk günlərini övladları ilə xoş ovqatda və yaddaqalan keçirmək istəyən
valideynlərə səsləndi: "Əziz valideynlər, sizi 2018-ci ilin dekabrın 28-dən
başlayaraq, 2019-cu il yanvarın 6-na qədər davam edəcək bayram şənliklərinə dəvət
edirik”.
Öyrəndik ki, bir biletin qiyməti 8 manatdır.
Bu biletə hədiyyə də daxildir. Tamaşa gün ərzində 4 seans nümayiş olunacaq.
"Kuklaçılar”ın sürprizi var
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirdi
ki, teatr ənənəvi proqrama uyğun olaraq,
bu il də azyaşlıları maraqlı tamaşa ilə sevindirəcək: "Bu dəfə də Kukla Teatrında çox maraqlı tamaşa
hazırlanıb. Bu tamaşanı sorğumuzda iştirak edən yüzlərlə uşağın istəyi ilə ərsəyə
gətirmişik. Yeni il ərəfəsində uşaqlara nümayiş etdirəcəyimiz tamaşanın adı
"Maşa və Ayının qış nağılı” adlanır. Tamaşaya Anar Məmmədov quruluş verib. Tamaşanın quruluşçu rəssamı İqabl Əliyevdir.
Səhnədə Şaxta baba, Qar qızı da olacaq. Tamaşa dekabrın 26-dan başlayaraq, hər gün
4 seans olmaqla, yanvarın 16-na qədər təqdim olunacaq. Tamaşada
mahnılar, rəqslər yüksək səviyyədə hazırlanıb”.
Biletlərin qiyməti 3 manatdır. Biletlər ayın
20-dən sonra satışa çıxarılacaq.
Bakı Uşaq
Teatrında "Şaxta babanın toyu” olacaq
Bakı Uşaq
Teatrının sözçüsü Leyla Həşimova bildirdi ki, Azərbaycanı qarış-qarış gəzən
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı bu dəfə Gədəbəydə tamaşa göstərəcək: "Bayram günlərində
uşaqlara təqdim edəcəyimiz "Şaxta babanın toyu” tamaşasının quruluşçu rejissoru
respublikanın əməkdar artisti İntiqam Soltandır. Tamaşanın rejissor köməkçisi
İlhamə Əhmədova, rəssamı Sevda Məmmədovadır. Musiqi tərtibatı Rauf Hüseynliyə,
rəqslərin quruluşu Könül Şahbazovaya məxsusdur”.
Bayram tamaşası
üçün nəzərdə tutulmuş biletlərin qiyməti
5 manatdır.
Bakı Dövlət Sirkinin yeni il şousu
Bakı Dövlət
Sirki Yeni il şənliyi üçün Rusiya və Belarus artistlərindən ibarət komandanı
ölkəmizə dəvət edib. Bu barədə sirkin mətbuat xidmətinin rəhbəriMahir
Hümbətov məlumat verdi: "Tamaşalar
dekabrın 28-dən yanvarın 13-dək nümayiş olunacaq. Yeni ilə həsr olunmuş
proqramda əhliləşdirilmiş heyvanlar, cigitlər qrupu, hava gimnastları,
akrobatlar, perş, qeyri-adi lazer və işıq effektləri və s. olacaq. Şən klounlar,
Şaxta baba və Qar qız bir-birindən maraqlı, rəngarəng şoularla izləyicilərə xoş
anlar yaşadacaq”.
Biletlərin qiymətləri
sıraya görə - 10, 12, 15 və 20 manat arasında dəyişir.
Bulvar da bayrama
hazırdır
Dənizkənarı
Bulvar İdarəsi Yeni il bayramı ilə əlaqədar hazırlıqları davam etdirir.Dənizkənarı
Bulvar İdarəsindən verilən məlumata görə, parkın ərazisi boyunca ağaclar çıl-çıraqlarla
bəzədilib: "Kukla Teatrının arxasında, bulvar ərazisində olan meydanda yolka
qurulub. Kukla Teatrının yanında, yeraltı keçidin önündən bulvar ərazisi
istiqamətində çıl-çıraqlarla bəzədilən, uzunluğu 35, eni 4,3 və hündürlüyü 5 m olan tunel quraşdırılıb.
Tunelin qurtaracağında, təxminən 30
m məsafədə diametri 5 m olan, işıqlarla bəzədilən şar
quraşdırılıb (içərisində şəkil çəkdirmək üçün). Şarın yaxınlığında Yeni ilin rəmzi
olan maral qoşulmuş xizək, işıqlarla bəzədilmiş retro maşınlar qoyulacaq.
Bayram günlərində Dənizkənarı Bulvar İdarəsi paytaxt sakinləri və qonaqlara
maraqlı proqramlar təqdim edəcək”.
Xəyalə Rəis
