• çərşənbə, 16 Iyul, 11:26
  • Baku Bakı 23°C

Uşaqları əyləndirə-əyləndirə öyrədən oyun

01.02.19 14:33 2194
Uşaqları əyləndirə-əyləndirə öyrədən oyun
Müasir dövrdə texnologiya demək olar ki, həyatımızın bütün sahələrinə sirayət edib. Artıq şagirdlər də telefon və kompüterlərdən gündəlik olaraq istifadə edir. Məsələ burasındadır ki, uşaqların böyük əksəriyyəti texnologiyanın verdiyi imkanlardan düzgün şəkildə yararlana bilmir. Əslində bu mənada uşaqları da qınamaq olmaz. Çünki öz dilimizdə uşaqları maarifləndirən, onlara məlumat verən kontentlərin sayı çox azdır. Bu səbəbdən də əksər uşaq, günün böyük hissəsini kompüterdə lazımsız oyunlar oynamaqla keçirir. Amma son zamanlar bu sahəyə olan diqqət bir qədər artıb. Artıq bu istiqamətdə xeyli işlər görülür. Buna misal olaraq "İlmənin macəraları” layihəsini nümunə göstərmək olar. Qeyd edim ki, layihənin müəllifi "İrs” tədris məktəbinin rəhbəri, yazıçı, professor Solmaz Amanovadır. Ötən il "İlmə əyləncəli əlifba” elektron kitabı istifadəyə verilmişdi. Bu kitab azyaşlı uşaqlara doğma əlifbanı öyrətməyə kömək edir. Bu yaxınlarda isə artıq kitabın oyun versiyası da hazırlanaraq internetdə yerləşdirilib. Layihənin ərsəyə gəlməsi haqda müəllifin özü ilə həmsöhbət olduq. S.Amanova bildirdi ki, qısa müddət ərzində layihə xeyli insanın diqqətini çəkə bilib: "Bu oyun hələ ki, internetə yenicə yerləşdirilib. Android istifadəçiləri pulsuz olaraq tətbiqetməni yükləyərək uşaqlarının boş vaxtlarını səmərəli keçirməsini təmin edə bilər. Tətbiqetmədə həm kitab, həm də müxtəlif oyunlar mövcuddur. Oyunlar hazırlanarkən biz nağılları onun tərkibinə əlavə etdik. Uşaqlar bu tətbiqetmə vasitəsilə nağıl oxuya, cizgi filmlərinə baxa, yazı yaza bilərlər”.
Həmsöhbətim deyir ki, belə layihələrə böyük ehtiyaca var: "Nağılların bəziləri hərflərin üzərində qurulub. Burada müxtəlif fənlər var. Uşaqlar riyaziyyatdan, həyat bilgisi fənnindən müxtəlif tapşırıqlar yerinə yetirə bilər. Yəni onları maraqlandıran, öyrədən bütün detallar bu oyunun tərkibinə daxildir. Biz əvvəlcə layihəni elektron kitab halında dərc etdik. Qeyd edim ki, kitab 2017-ci ildə Moskvada kitab sərgisində ikinci yeri tutdu və beş dildə nəşr olunub. Kitabın motivləri əsasında ingilis dilində cizgi filmi çəkilib. İsveçdə isə 61 ölkə arasında dördüncü yeri tutduq. Daha sonra kitab layihəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qrant layihəsinin qalibi oldum. Fikirləşdim ki, elektron kitabı bir qədər təkmilləşdirməyə ehtiyac var. Bu ideya ətrafında işləməyə başladım. Düşündüm ki, uşaqların diqqətini cəlb etmək üçün ən ideal vasitə oyunlardır. Beləcə, oyunlar hazırladıq. Oyunların hazırlandığı ərəfədə şəkilləri müxtəlif rəssamlar çəkdilər. Çalışırdıq ki, hər xırda detala diqqət edək. Çünki hədəf kütləmiz uşaqlar idi. Hansısa yanlışlıq onların nəyisə səhv öyrənməsinə gətirib çıxara bilərdi. Oyunda hər bir hərf bizim milli irsimizə aid nələrisə özündə əks etdirir. Düşünürəm ki, bunun, uşaqların hərifləri, sözü öyrənməsində böyük faydası olacaq. Oyun, kitabın əsasında hazırlanıb. Oyunu hazırlayarkən proqramlaşdırmanı elə etdik ki, 152 səhifədən ibarət kitab oldu. Həmçinin, bu tətbiqetməni yükləyən uşaq, müxtəlif oyunlar oynaya bilir. Layihə Ukrayna, Azərbaycan və Norveçdə hazırlandı. Səsləndirilmə işi Strasburqda, animasiyalar isə Ukraynada reallaşdı. Beləliklə, belə bir layihə yaratdıq. Hələlik bu oyun Android istifadəçiləri üçün pulsuzdur. İstəyən hər kəs bu oyunu yükləyib istifadə edə bilər. Gələcəkdə layihəni dərslik çərçivəsinə salmaq niyyətimiz var. Bu zaman tətbiqetmə bütün istifadəçilər üçün ödənişli olacaq. Amma deyim ki, qiymət dərsliklərlə müqayisədə dəfələrlə ucuz olacaq. Həmçinin, kitabların səhifələri də çoxdur. Amma bu tətbiqetməni yükləməklə, bütün fənlər üzrə yararlanmaq mümkündür. Məqsədimiz uşaqların əyləncəli şəkildə dərs öyrənməsini təmin etməkdir.
Çünki belədə, uşaqlar yorulmur, dərsdən bezmirlər. Valideynlər özləri də etiraf edir ki, bu, digərlərindən tamamilə fərqli layihədir. Rəhbərlik etdiyim tədris mərkəzində də uşaqlar həftəsonu bu oyunları oynayaraq öz biliklərini artırırlar. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, şagirdlərimiz bundan böyük zövq alırlar. Qısa müddət ərzində oyuna 10 mindən çox insanın baxması da məhz bunun göstəricisi sayılmalıdır”.
Şəbnəm
banner

Oxşar Xəbərlər