• şənbə, 21 Dekabr, 15:36
  • Baku Bakı 10°C

Uşaqlar niyə kütləvi şəkildə xəstələnir?

05.10.24 02:17 2409
Uşaqlar niyə kütləvi şəkildə xəstələnir?

Hazırda uşaqlar üçün təhlükəli hesab edilən Koksaki virusudur. Həkimlər vurğulayırlar ki, bu virus qızdırma və ishalla müşahidə olunur. Kiçik yaşlı uşaqlar üçün daha təhlükəlidir. 

Son vaxtlar uşaqlar arasında yayılan xəstəliklər valideynlərin narahatlığına səbəb olub. Bəziləri COVİD olduğunu deyir, bir qismi qızılcadan şübhələnir, digərləri isə yeni bir virus yayıldığını iddia edirlər. Xəstəliyi ağır keçirən də var, iki günə sağalan da. 
Bəs uşaqlar arasında yayılan xəstəlik əslində nədir? Həqiqətən, koronovirusdur, yoxsa yeni növ virusla üz-üzəyik? Ən əsası, bu virusla necə mübarizə aparmalıyıq?

Qızdırma, öskürək, halsızlıq...

Pediatr Vaqif Qarayev deyir ki, payız və qış aylarında havaların soyuması virusların aktivliyini artırır. Bu dövrlərdə respirator infeksiyalar (soyuqdəymə, qrip və s.) daha çox yayılır. Soyuq havada uşaqların immuniteti zəifləyir və viruslara qarşı həssas olurlar: “Hazırda uşaqlar arasında yayılan mövsümi viruslardır. Bu, hər il olub, olacaq da. Ölkə ərazisində havalar tez-tez dəyişir. Bu mövsümdə daha çox tənəffüs sistemini zədələyən respirator viruslar baş qaldırır. Ümumi əlamətləri isə qızdırma, burun tıxanıqlığı, öskürək, halsızlıq və zəiflikdir. Valideynlərin bəziləri COVID olduğunu düşünür. “COVID yoxdur” demirik, amma hazırda koronavirusla bağlı ölkədəki vəziyyət qənaətbəxşdir. Bu viruslar COVID deyil, mövsümi viruslardır”.

Zənglərin ardı-arası kəsilmir

Virusla mübarizə aparmağın yollarına gəldikdə isə, pediatr deyir ki, onun kütləvi şəkildə yayılmasının səbəbi bağçalar və məktəblərdir: “Xüsusilə, 16 sentyabrdan sonra uşaqların xəstələnməsi ilə bağlı zənglərin ardı-arası kəsilmir. Valideynlər də şikayətlənirlər ki, uşaq məktəbə gedir, xəstələnib gəlir. Uşaqların qapalı məkanlarda, xüsusən də məktəblərdə və bağçalarda sıx təmasda olması virusların asanlıqla yayılmasına şərait yaradır. Qrup şəklində tədris zamanı bir uşağın xəstə olması digərlərinə də infeksiyanı ötürə bilər. Bunun səbəbi məktəb, yaxud bağça deyil, valideynlərdir. İnfeksiya məktəbdən öncə də var idi. İnfeksiyanı yaradan məktəb deyil. Sadəcə olaraq, xəstə uşaq məktəbə getməməli, evində oturmalıdır. Uşağını xəstə-xəstə məktəbə yola salan valideyn həm öz övladını təhlükəyə atır, həm də digər uşaqları yoluxdurur. Çünki xəstə uşaq evdə istirahət etməsə, gec sağalır, hətta bəzən ağırlaşma halları olur. Biz bunu valideynlərə izah edə bilmirik. Mövsümi viruslar ev şəraitində üç-dörd günə sağala bilər. Əsas qızdırmaya nəzarət etmək, meyvə-tərəvəzlərlə zəngin menyu və yataq rejimidir. Ümumiyyətlə isə, əllərin düzgün yuyulmaması, sanitariya qaydalarına riayət olunmaması virusların yayılmasını asanlaşdıran əsas faktorlardandır. Uşaqlar arasında gigiyenik vərdişlərin aşılanması vacibdir”. 

Uşaqlar üçün təhlükəli virus - Koksaki

Hazırda uşaqlar üçün təhlükəli hesab edilən virus isə Koksakidir. Həkim vurğulayır ki, bu virus qızdırma və ishalla müşahidə olunur: “Bu virusu kiçik yaşlı uşaqlar üçün daha təhlükəli hesab edirəm. Çünki qusma və ishalla uşaqlar maye itirir, bu, kompensasiya olmalıdır. Üç yaşa qədər, xüsusilə südəmər uşaqlarda həkim nəzarəti mütləqdir. Evdə müalicə, həkim məsləhəti olmadan uşağa antibiotik vermək vəziyyəti daha da pisləşdirir. Xəstəliyin əlamətlərinə gəldikdə isə, hərarət yüksəlir, ağızda, əllərdə, ayaqlarda, bəzən genital nahiyədə səpkilər müşahidə olunur. Spesifik müalicəsi yoxdur, hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır. Virus düzgün müalicə olunarsa, 5-7  gün ərzində keçir”.

COVID testi pozitiv çıxan uşaqlar da var

Pediatr Nigar Mirzəyeva da təsdiqləyir ki, müraciət edən uşaqlarda yüksək hərarət, davamlı asqırma, burun axıntısı, əzələ və boğaz ağrısı müşahidə edilir: “Payızın gəlişi, məktəb və bağçaların açılması səbəbilə uşaqlar arasında kəskin respirator virus infeksiyaları ilə yoluxma halları artmaqdadır. Viruslar yoluxucu olduğu üçün qapalı məkanlarda bir uşaq xəstələndiyi zaman bütün uşaqlar bu virusa yoluxurlar. Yoxlanışa gələn uşaqlarda aparılan qan və ya boğaz yaxma analizlərində COVID testi pozitiv çıxan uşaqlar da olur”.

Ağırlaşmaların qarşısını alan ən yaxşı vasitə

Xəstəliyin müalicəsinə gəldikdə, pediatr vurğulayır ki, digər virus infeksiyalar kimi bol maye qəbulu, istirahət və simptomatik müalicə aparılır: “Hərarətsalıcı, öskürək əleyhinə müalicə, burun tıxanıqlığı və ya axıntısı ilə bağlı burun damcıları təyin olunur. Qorunma yollarına gədikdə isə, ilk olaraq, bağça və məktəbə getməzdən öncə, uşaqların yaşa uyğun bütün peyvəndlərinin tamamlanması məsləhətdir. Peyvəndlər virusa bağlı ağırlaşmaların qarşısını alan ən yaxşı vasitədir. Bu gün uşaqların ağırlaşmalarla xəstəxanaya yatış səbəbi əsasən, inflüenzadır. Xüsusilə oktyabr-noyabr aylarında qrip peyvəndi ilə bundan qorunmaq mümkündür. Hazırda həm dövlət, həm də özəl xəstəxanalara müraciət edib yararlana bilərlər”.

Həkimlər vurğulayır ki, viruslardan qorunmaq üçün uşaqlar tez-tez əllərini yumalı, gigiyenik qaydalara riayət etməli, onların sağlam və balanslı qidalanmasına diqqət yetirilməli, olduqları məkanların havasını tez-tez dəyişməli və mövsümə uyğun geyimlər seçərək havanın təsirlərindən qorunmalıdırlar.  Peyvəndlər, xüsusilə qripə qarşı vaksinlər, uşaqların virus infeksiyalarına qarşı müdafiəsini gücləndirir. 

Aygün Əziz

banner

Oxşar Xəbərlər