Universitetlər niyə publik hüquqi şəxsə çevrilir?

Prezidentİlham ƏliyevBakı Dövlət Universitetinin və
Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam
imzalayıb. Sərəncama əsasən, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət
İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs
statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Bir neçə gün əvvəl dövlət başçısı Azərbaycan Dillər Universitetinin də Təhsil
Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetə
çevrilmə yolu ilə yenidən təşkil edilməsinə dair sərəncam imzalayıb. Bu
sərəncamda nəzərdə tutulmuş publik hüquqi şəxslərin nizamnamələrinin
layihələrini və təsisçilərinin səlahiyyətlərini həyata keçirənlər barədə
təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək
Nazirlər Kabinetinə tapşırılıb.
Bəs
Publik hüquqi şəxsə çevrilmə nə deməkdir?

Publik hüquqi şəxs heç vaxt müflis
ola bilməz
Prezident
Administrasiyasının şöbə müdiri Şahin Əliyev qaranlıq
məqamlara aydınlıq gətirib: "Publik hüquqi şəxslər doktrinası hüququn digər
doktrinaları ilə müqayisədə daha gəncdir. Mülki hüququn digər konsepsiyalarının,
digər anlayışlarının min illik tarixi olsa da, publik hüquqi şəxs doktrinası
təxminən 200 il bundan əvvəl Fransada inzibati dövlət quruculuğu çərçivəsində
yaranıb. XIX əsrin axırından bir çox Avropa ölkələrində tətbiq olunub və
nəhayət, 1900-cü ildə kontinental hüquq dövlətləri üçün nümunə sayılan Almaniya
Mülki Məcəlləsinin 80, 85 və 87-ci paraqraflarında öz əksini tapıb. Keçmiş SSRİ
məkanında publik hüquqi şəxs haqqında qanunlar Gürcüstanda, Ukraynada,
Moldovada və Baltik ölkələrində qəbul olunub. Bir sıra ölkələrdə, məsələn,
Yunanıstanın Əsas Qanununun 17-ci maddəsində publik hüquqi şəxslərə
Konstitusiya statusu verib.Ümumiyyətlə, dövlət idarəetməsi bir sistem olaraq
daim inkişafdadır. Bildiyiniz kimi, dövlət hakimiyyətinin 3 qolu var: qanunvericilik,
icra və məhkəmə hakimiyyəti. Burada heç bir dəyişiklik və düzəliş etmək mümkün
deyil. Ona görə ki, bu, aksiomatik bir modeldir. İcra hakimiyyəti orqanları
təsərrüfat idarəçiliyi ilə məşğul ola, gəlir götürə, pullu xidmət göstərə
bilməz. Çünki vətəndaş dövlətə vergi və rüsumunu ödədikdən sonra dövlət ondan
gəlir götürmək məqsədi ilə başqa bir ödəniş tələb edə bilməz”.

Ş.Əliyev qeyd edib ki, burada çıxılmaz vəziyyət
yaranır. Ona görə ki, iqtisadiyyat inkişaf etdikcə, yeni yaranan bir sıra
qurumlar dövlətin adından insanlara pullu xidmət göstərir. Bu cür qurumlara,
məsələn, Dövlət Metrologiya və Standartlaşdırma Komitəsindəki müxtəlif
laboratoriyaları, Dövlət Əmlak Komitəsində yer quruluşu işlərinin aparılması
ilə bağlı xidmətləri aid etmək olar: "Belə qurumların sayı kifayət qədərdir və
onlar məcburdurlar ki, bu xidmətləri göstərən strukturlarına mülki hüququn adi
hüquqi şəxs statusu versinlər. Adi hüquqi şəxs isə o deməkdir ki, onun əmlakı
girov qoyula, bu əmlaka qarşı məhkəmə icraatı başlana, bu qurum müflis ola
bilər, baxmayaraq ki, bu qurum dövlət əhəmiyyətli funksiyaları həyata keçirir.
Publik hüquqi şəxs doktrinası qarşıya çıxan bütün bu suallara cavab verir. Publik
hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata
keçirir. Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər
imtiyazları var. Birincisi, publik hüquqi şəxs heç vaxt müflis ola bilməz.
Publik hüquqi şəxsə qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati
icaraat çərçivəsində mümkündür. İkincisi, publik hüquqi şəxs həm pulsuz, həm də
pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, ya da zərurət olduqda
büdcədən maliyyələşər. Üçüncüsü, publik hüquqi şəxsin əməkdaşları dövlət
qulluqçuları ola bilər, onun bağladığı müqavilələr mülki müqavilə yox, dövlət
orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər. Onun
üçün mülki hüququn adi hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətləri yoxdur.
Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir. Sual oluna bilər: həmin
funksiyaları, məsələn, qeyri-kommersiya təşkilatları həyata keçirə bilməzmi?
Xeyr, qeyri-kommersiya təşkilatlarının həyata keçirdiyi funksiyalar dar
çərçivədədir. Publik hüquqi şəxsin isə bütün maliyyə icraatı, mühasibat
hesabatı və uçotu dövlət orqanları üçün nəzərdə tutulan qaydada aparılır. Özəl
qurumlarda olan qaydalar bunlara şamil edilmir. Ona görə bu anlayışın əhatə
dairəsi həddindən artıq genişdir”.

Publik
hüquqi şəxs yeni imkanlar yaradır
Onun sözlərinə görə, inkişaf etmiş Avropa
ölkələrinə nəzər yetirsək, görərik ki, uşaq bağçalarından başlamış, məktəb və
universitetlərə, dövlətə məxsus tibb klinikalarından tutmuş, böyük
korporasiyalaradək publik hüquqi şəxslər var: "Məsələn, Almaniyada və digər
Qərbi Avropa ölkələrində dəmir yolu korporasiyaları publik hüquqi şəxsdir. Onlar
müflis ola bilməz, çünki ölkədaxili sərnişin daşımaları üçün həyati əhəmiyyət
kəsb edən dəmir yolu hər bir halda işləməlidir. Ona görə dövlət bunu öz üzərinə
götürüb və bu, idarəçilik funksiyası deyil, təsərrüfat funksiyası olduğu üçün
dəmir yolu şirkətlərinə publik hüquqi şəxs statusu verilib. Azərbaycanda isə
belə bir zərurət yoxdur. Çünki avtomobil nəqliyyat daşımaları əhalinin ehtiyaclarını
tam ödəyir. Yaxud Almaniya və Fransada mərkəzi banklar da publik hüquqi
şəxsdir. Ona görə ki, onların funksiyaları dövlət hakimiyyəti orqanı
funksiyalarından fərqlidir. Dövlət orqanı heç bir halda kredit verə və faiz
hesabına gəlir götürə bilməz. Bu, dövlət hakimiyyətinin funksiyası deyil. Ona
görə də həmin ölkələrdə mərkəzi banklar publik hüquqi şəxsdir. Publik hüquqi
şəxs Azərbaycan üçün kifayət qədər yeni imkanlar yaradır ki, idarəçilik
sistemini pozmadan, həmin sistemin üzvi bir hissəsi kimi yeni qurumlar
yaradılsın və dövlət mövcud sistemi dəyişmədən yeni funksiyaları həyata
keçirmək imkanı əldə etsin”.
Biz də "təhsil ocaqlarının publik hüquqi şəxsə
çevrilməsinin hansı üstünlükləri var və növbəti mərhələdə hansı effektləri
olacaq” sualına cavab tapmağa çalışdıq.

Büdcənin
yüngülləşməsi...
Milli
Məclisin Elm və təhsil komitəsinin üzvi Asim Mollazadədeyir ki, universitetlərin bu cür publik hüquqi şəxsə çevrilməsi büdcədən
deyil, məhz öz qazancı əsasında inkişafını təmin edəcək: "Bu, universitetlərin
maliyyə imkanını, eyni zamanda bu təhsil ocaqlarına cəlb olunan müəllimlərin də
maaşlarını kifayət qədər artıracaq. Bununla yanaşı, universitetin tədris
prosesi, təhsillə bağlı olan bütün qərarlar təbii olaraq Təhsil Nazirliyinin
nəzarətində olacaq. Edilən bu dəyişikliklər əsas etibarilə, idarəetməyə,
maliyyələşməyə və büdcənin yüngülləşməsinə gətirib çıxarır. Bugünə qədər
büdcədən təhsilə ayrılan maliyyə digər istiqamətlərə yönəldilə bilər. İlk
növbədə orta təhsil məktəblərinin gücləndirilməsi və təhsillə bağlı digər
sahələrin inkişafına xərclənməsi məqsədəuyğun olar. Hələ ki hazırlıq işləri
gedir. Bununla bağlı sənədlər tam hazır olduqdan sonra yenidən bu məsələyə
qayıdacağıq”.

Komitənin
digər üzvi, millət vəkili Gövhər Baxşəliyeva bu işi
müsbət qiymətləndirdiyini deyir: "Bu, dünya təhsil sisteminə inteqrasiya
yolunda atılmış növbəti bir addımdır. Dünyanın bir çox ölkələrində təhsil
müəssisələri publik hüquqi şəxs qismində fəaliyyət göstərir və ali təhsil
sistemi bu yolla inkişaf edir. Bizim universitetlərdə də bunun tətbiq edilməsi
çox yaxşı haldır. Onlara bu hüququn verilməsi təkmilləşdirilməsində əhəmiyyətli
rol oynayacaq. Həmin qurumların fəaliyyət sisteminin genişlənməsinə, müstəqil
şəkildə maliyyə vəsaiti qazana bilməsinə, həmçinin universitetlərin nəzdində
elmi-tədqiqat institutlarının yaradılmasına böyük təsir göstərəcək”.

Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı
şöbəsinin müdiri Hümeyir Əhmədov bildirir ki,
bu sistem başqa ölkələrdə çoxdan mövcuddur: "Burada məqsəd adambaşı maliyyələşməyə
keçməklə əlaqədardır. Tutaq ki, dövlət hesabına
ali məktəbdə yüz tələbə təhsil alırsa, bunun pulunu universitetə dövlət
ödəyir. Ümumiyyətlə hazırkı dövrdə təhsil ocağı tələbədən aldığı illik təhsil
haqqı pulu ilə yaşamalı deyil. Publik hüquqi şəxs statusu geniş şərait yaradır
ki, təhsil müəssisəsi imkanlarını, elmi işçilərinin, doktorlarının,
professorlarının işini satışa çıxara bilsin. Məncə, bu alqışlanası bir
addımdır. Bu qərar həmin universitetlərin inkişaf etməsinə, iqtisadi
vəziyyətinin daha da yaxşılaşmasına xidmət edəcək”.
Günel Azadə
