Unikal və çoxşaxəli münasibətlər
"The
National İnterest” nəşrindən ABŞ-a tövsiyə: "Xarici siyasətə qərəzsiz və
balanslı yanaşma sayəsində Azərbaycanla İran səmimi və dürüst danışıqlar apara
bildilər. Bu, ABŞ və İranın qarşılıqlı etimadsızlıq dairəsində ilişib qaldığı
situasiyadan xeyli fərqlənir”.
"Birləşmiş
Ştatlar və İran arasında Birgə Hərtərəfli Nüvə Fəaliyyət Planına (JCPOA)
qayıtmaq üçün danışıqlar davam etsə də, müşahidəçilər vaxtın daraldığını və
kompromis əldə edilməməsinin ciddi beynəlxalq nəticələrə səbəb ola biləcəyini bəyan
edirlər. Razılaşmaların əldə olunacağına şübhə ilə yanaşan amerikalı müşahidəçilər
və xarici siyasət ekspertləri, yaxşı olardı ki, İran və Azərbaycan arasında
uğurlu razılaşmaların ardıcıllığına diqqət yetirsinlər”. Bu fikir Qərbin
nüfuzlu "The National İnterest” nəşrində əks olunub. Məqalədə vurğulanır ki,
son vaxtlara kimi İran və Azərbaycan arasında gərginlik hökm sürsə də, qısa
zaman kəsiyində ölkələr arasında diplomatik münasibətlərdə və qarşılıqlı mənfəət
doğuran məsələlərdə ciddi nailiyyətlər əldə olunub.
Azərbaycan
nümayiş etdirdi ki...
Müəllif
yazır ki, 2021-ci il aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev İkinci
Qarabağ müharibəsi nəticəsində Ermənistanın işğalından azad edilmiş ərazilərə səfər
edərək Azərbaycan və İran sərhədini "dostluq sərhədi” adlandırıb. "Bu bəyanat
digər jestlərlə yanaşı, Azərbaycanın münasibətləri qəsdən pisləşdirməyə
çalışmadığını nümayiş etdirdi. Daha sonra rəsmi Bakı Tehrana bildirib ki, İran
yük maşınlarının müvafiq gömrük nəzarəti olmadan Qarabağa daxil olmasını ərazi
bütövlüyünə hörmətsizlik kimi qiymətləndirir. İlham Əliyev deyib ki, Bakı əvvəlcə
İrana şifahi xəbərdarlıq edib. Azərbaycan ikinci dəfə Tehrana rəsmi nota göndərib.
Ermənistanla İranı birləşdirən avtomobil yolunun Azərbaycan ərazisindən keçən
hissəsində nəzarət-buraxılış məntəqələri, gömrük və polis postları qurulub. Qarabağa gedən İran yük maşınlarının sürücüləri həbs
edilib”, - deyə məqalədə vurğulanır.
Tehran təslim
olmamışdan əvvəl...
Qərb nəşri
onu da yazır ki, iranlı sürücülər qeyri-qanuni yollarla Qarabağa daxil olmaq üçün
yük maşınlarına erməni nömrələri quraşdıraraq fırıldaq etməyə cəhd ediblər: "İkinci
Qarabağ müharibəsinə qədər Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində İranın
qeyri-qanuni mövcudluğu ilə bağlı digər hallar da qeydə alınıb. Lakin Tehran ya
bunu təkzib edib, ya da yük maşınlarının özəl şirkətlərə məxsus olduğunu və
hökumətin özəl bizneslərin fəaliyyətinə nəzarət etmədiyini iddia edib. Tehran
yük maşınları məsələsində təslim olmamışdan əvvəl İran Azərbaycanla sərhəddə hərbi
manevrlər keçirib. Bakı və bəzi xarici müşahidəçilər bunu İranın Azərbaycanı
qorxutmaq cəhdi kimi qiymətləndirsələr də, nəticə vermədi. Bu gərginliyin
aradan qaldırılması üçün diplomatik normallaşma prosesi İran hökumətinin yük
maşınlarının qeyri-qanuni yollarla Qarabağa daxil olmasına qadağa qoyulması ilə
bağlı Bakının yeganə və tamamilə əsaslı tələbini yerinə yetirməsi ilə başladı”.
Razılaşma
mümkündür
Nəşr
vurğulayır ki, diplomatik normallaşma nəticəsində yaranan mühit hər iki ölkənin
xeyrinə oldu: "Ötən ilin sonunda, noyabrın 28-də İran və Azərbaycan prezidentlərinin
Türkmənistanda görüşü olub və bu görüşdə tərəflər mühüm və konstruktiv
razılaşmalar əldə ediblər. İran, Azərbaycan və Türkmənistan qaz tədarükü
haqqında razılığa gəliblər: müqavilənin şərtlərinə əsasən, Türkmənistandan hər
il İran vasitəsilə Azərbaycana 2 milyard kubmetrədək qaz tədarük ediləcək.
Bunun ardınca başqa müsbət xəbərlər gəldi. Dekabrın 7-də İranın yollar və şəhərsalma
nazirinin müavini Xeyrulla Xadəmi Azərbaycan və İran sərhədində Astaraçay çayı
üzərində yeni avtomobil körpüsünün tikiləcəyini bildirib. Dekabrın 8-də İran,
Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizlə birləşdirən tranzit
marşrutunun təşkili barədə razılığa gəliblər. Dekabrın 11-də İranın Qaz Nəqliyyatı
Şirkətinin baş icraçı direktoru Mehdi Cəmşidi Dana bildirib ki, İranda mövcud
infrastruktur üçtərəfli sazişdə nəzərdə tutulduğundan daha çox qazın tədarükünə
imkan verir. Türkmənistan və İran qaz ehtiyatlarının TANAP və TAP qaz kəmərləri
ilə Avropa bazarına mümkün nəqli geosiyasi uyğunluğu dəyişə bilər. Hazırda
Avropa ölkələri tarixin ən pis enerji böhranından biri ilə üz-üzədir”.
Gözlənilənin
əksinə
Məqalədə
qeyd olunur ki, bu razılaşmalar ABŞ və İranın qarşılıqlı etimadsızlıq dairəsində
ilişib qaldığı situasiyadan xeyli fərqlənir.
"Xarici siyasətə qərəzsiz və balanslı yanaşma sayəsində Azərbaycan və İran səmimi
və dürüst danışıqlar apara bildilər. Bu, sırf Azərbaycanla İran arasında
yaranmış son gərginlik əsasında geniş geosiyasi bəyanatlar verməyə və yanlış nəticələr
çıxarmağa tələsən ekspertlərin diqqətindən yayınıb. Məsələn, son eskalasiya
zamanı bəzi analitiklər İranın mövqeyini dəstəkləməyə tələsdilər. Bu cür
ekspertlərin fikrincə, Bakı məqsədyönlü geosiyasi gündəmin bir hissəsi kimi
İranla gərginliyi qəsdən artırmağa çalışırdı. Bir çox Qərb ekspertləri çox vaxt
Azərbaycanın xarici siyasətinin mahiyyətini və məntiqini dərk edə bilmirlər. Bəzi
keçmiş sovet ölkələrinin xarici siyasətini "qərbyönümlü”, "rusiyapərəst”,
"israilyönlü” və s. kimi bəsit kateqoriyalara bölmək və bununla da dövlətlərin
olması ehtimalını tamamilə inkar etmək xoşagəlməz bir tendensiya yaradır”.
Məqalənin
sonunda vurğulanır ki, Azərbaycan-İran münasibətləri unikal, çoxşaxəli və mürəkkəbdir:
"Təəssüf ki, İranla bağlı ənənəvi Qərb liberal təsəvvürlərindən hədsiz dərəcədə
təsirlənən müşahidəçilər, bu münasibətləri izah edə bilmir və onların
izahatları çox vaxt təbliğata çevrilir. İndi Azərbaycanla İran arasında münasibətlərin
yaxşılaşması sınanılma mərhələsindədir”.
Azər
NURİYEV