• çərşənbə, 16 Oktyabr, 02:41
  • Baku Bakı 16°C

Üçüncü baharın əyləncəsi 

24.02.24 04:50 4201
Üçüncü baharın əyləncəsi 

İnsan yaşla bağlı təqaüdə çıxanda onun sosial vəziyyəti, cəmiyyətdə, ailədəki rolu dəyişir. Bu qeyri-müəyyənlik çox vaxt yaşlıların psixoloji vəziyyətlərinə mənfi təsir göstərir. Ona görə də onları bu durumdan çıxarmaq üçün müxtəlif layihələr icra olunur. 

Dünyada yaşlı insanların sayı getdikcə artır. İnsan yaşla bağlı təqaüdə çıxanda onun sosial vəziyyəti, cəmiyyətdə, ailədəki rolu dəyişir. Bu qeyri-müəyyənlik çox vaxt yaşlı insanların psixoloji vəziyyətlərinə mənfi təsir göstərir. Onlar hiss edirlər ki, həyat təcrübələrinə, biliklərinə, istedadlarına daha əvvəlki kimi tələbat yoxdur. Bu durumlarda onlara təcili olaraq ünsiyyət, faydalılıq hissi və bəzi işlərdə iştirak lazımdır. Təbii ki, yaşlı bir insana xəstəlik və maddi çətinliklərə baxmayaraq, yaşamaq və gündəlik problemləri həll etmək, sürətlə dəyişən dünyada öz yerini tapmaq və yeni sosial münasibətləri idarə etmək üçün güc qazanmasına kömək etmək asan məsələ deyil. Psixoloqlar və həkimlər də qeyd edirlər ki, ünsiyyətdən məhrum olan yaşlı insanlar aktiv sosial həyat tərzi keçirən təqaüdçülərlə müqayisədə depressiyadan, psixi pozğunluqdan və erkən qocalmadan daha çox əziyyət çəkirlər. 

Sağlam həyat tərzinin təşviqi

Dünyanın əksər ölkələrində yaşlı insanlara yönələn, sağlam həyat tərzini təşviq edən layihələr icra olunur. Məsələn, onların psixososial problemlərinin həllinə kömək etmək üçün ünsiyyət klubları şəbəkəsi, dərnəklər və s. yaradılır. Yaşlı insanlar üçün maraq klubları həmçinin pensiyaçıları sağlamlıq ekskursiyaları, oyunlar, əyləncələr, rəqslər, müalicəvi və profilaktik məşqlərdə iştirak etməyə dəvət edir. Qocalar krossvord həll etməyi, radio dinləməyi, qəzet-jurnal, kitab oxumağı sevirlər. Stolüstü oyunlar isə təqaüdçülərin ən sevimli məşğuliyyətlərindən biridir. Bu cür fəaliyyətlər sayəsində fərdlər bir komandada birləşir, təkliklərini unudur, öz aralarında ünsiyyət qururlar. Hətta xarici təcrübədə sevib ailə quran qocalar da olur.

Demensiyadan əziyyət çəkənlər üçün

İngiltərənin Exeter Universitetinin alimlərinin bu istiqamətdə tədqiqatları da maraqlıdır. Onlar  piano çalmağın və xorda oxumağın gözlənilməz sağlamlıq təsirlərini qocalar üzərində üzə çıxarıblar. Alimlər qocaların beyin sağlamlığını, o cümlədən planlaşdırma, konsentrasiya, yadda saxlama vərdişlərinə kömək edən zehni prosesləri də araşdırıblar: “Hər hansı musiqi alətində ifa etmək yaddaşı yaxşılaşdırmağa kömək edir. Xüsusən, demensiyadan əziyyət çəkən yaşlı insanlar üçün musiqi qruplarının faydalarına dair əhəmiyyətli sübutlar var”. Bu baxımdan İngiltərədəki qocalar evlərinin hər biri musiqi alətləri ilə təchiz olunub, ahıllar üçün mütəmadi küçə konsertləri və musiqili layihələr həyata keçirilir. 

“Uzunömürlülük” layihəsi

“Moskva uzunömürlülük” layihəsində iştirak edən pensiyaçıların ümumi sayı isə 5 il ərzində yarım milyon nəfəri keçib. Layihənin əsasını 65-75 yaşlı sakinlər təşkil edirlər ki, onların 85 faizi qadınlardır. Qocalar layihə ilə həyatlarının necə müsbət dəyişdiyini, ruhlarının necə cavanlaşdığını həyəcanla danışırlar. Rəqs bu layihə iştirakçılarının üstünlük verdiyi populyar sahələrdən biridir. Maraqlısı odur ki, sevimli istiqamətlərin vektoru dəyişir, əgər əvvəllər nordic gəzintisi (çubuqlarla gəzinti) lider idisə, indi yaşlı insanlar bədən və ağıl üçün bədən tərbiyəsini seçirlər. Keçən yay layihənin ən populyar istiqaməti “Gəzinti”  və “Mühazirə zalı” olub. Gümüş yaşda olan insanlar fiziki və əqli hazırlıqla məşğulluğa üstünlük verirlər. Mütəxəssislər qocalarla bağlı kəndlərdə vəziyyətin daha çətin olduğunu bildirirlər. Belə ki, kənd mədəniyyət ocaqlarının işi ilk növbədə gənclərə yönəlib.

Beynəlxalq təcrübənin öyrənilməsi

Bizim ölkəmizdə də yaşlı insanların istirahəti, asudə vaxtlarının təşkili üçün hansı işlərin həyata keçirildiyi ilə maraqlandıq. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sorğumuza verilən cavabda bildirilir ki, son illər ölkədə sosial müdafiə sahəsinin təkmilləşdirilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dövlət dəstəyinin əhatəliliyinin və əlçatanlığının artırılması yönündə davamlı addımlar atılır, proqramlar icra olunur: “Həyata keçirilən tədbir və layihələrin əsas məqsədi ahılların fiziki aktivliyinin qorunması, istedad və bacarıqlarının inkişafı, yay fəslində istirahətlərinin səmərəli təşkil olunmasıdır”. ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən mütəmadi olaraq imtiyazlı şəxslərin sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilməsi də təmin edilir. Belə ki, agentliyin bütün ölkəni əhatə edən filial və müəssisələri ilə bütün yaş kateqoriyalarından olan əhaliyə səyyar, stasionar və yarımstasionar xidmətlər göstərilir: “Tədbirlər Planında 2024-2026-cı illərdə bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur”.

Artıq qocalarımız da dəyişib

“Üçüncü Bahar” İctimai Birliyinin həmtəsisçisi Natəvan Yusifova təşkilatın Bakı, Şamaxı və Mingəçevir şəhərlərindəki mərkəzlərinin 60 yaşdan yuxarı 6 minə yaxın ahıl insanı birləşdirdiyini deyir: “Hər gün mərkəzlərdə müxtəlif mövzularda dərnəklər təşkil olunur. Toxuculuq, qurama, əl işləri, poeziya, idman və yoqa dərsləri beynin daha uzun müddətə fəaliyyətdə qalmasını təmin edir, müəyyən qədər demensiyanın qarşısını alır. Ahıl insanların hər biri öz marağına uyğun olaraq dərnəklərə yazılırlar. Onların psixoloqlarla da görüşləri keçirilir. Bizim qocalar təqaüdə çıxandan sonra bir çox hallarda passiv həyat tərzi keçirirlər. Hətta çoxu oturub ölümünü gözləyir. Ancaq ahıllar bu mərkəzlərdə vaxtlarını səmərəli keçirirlər. İndiki yeniliklərə adaptasiya olunur və fəal həyat tərzini davam etdirməyə başlayırlar. Regionlarda onların mərkəzlərə cəlbi də uğurla həyata keçirilir. Düzdür, Şamaxıda bu istiqamətdə bir qədər maneələrlə qarşılaşdıq. “Qadınlar evdə oturmalıdır”, ya da “kişilər ayrı, qadınlar ayrı gəlməlidir” kimi tələblər vardı. Ancaq bir həftədən sonra məsələ həllini tapdı”. Həmtəsisçi hesab edir ki, qocalara yönələn bu tip layihələrin genişləndirilməsinə və bütün regionları əhatə etməsinə ehtiyac var: “Artıq qocalarımız da dəyişib. Onlar evdən çıxmaq istəyirlər. Ona görə də ahıl insanlara yönələn layihələrin miqyası genişlənməlidir”. 

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər