• şənbə, 19 Oktyabr, 19:26
  • Baku Bakı 15°C

Türkiyədən iqtisadi “asılılıq”

09.07.21 15:30 519
Türkiyədən iqtisadi “asılılıq”
Ekspertlərin fikrincə, Ermənistanın Türkiyənin iqtisadi təsiri altına düşməsi bu ölkə üçün əlavə dividendlər qazandıracaq
Ermənistanla Türkiyə arasında sərhədlərin açılması yeni reallıqlar kontekstində mümkün görünür. Hətta bu istiqamətdə ayrı-ayrı ölkələrin ekspertləri fikirlər səsləndirir və qeyd edirlər ki, Ermənistan Türkiyədən iqtisadi cəhətdən asılı vəziyyətə düşəcək. Hətta Ermənistandakı bəzi dairələr bunu qorxulu tendensiya adlandırır. Rusiyalı ekspertlər də bunu istisna etmirlər. Maraqlıdır ki, Ermənistanın Türkiyədən iqtisadi cəhətdən "asılılığı" ermənilərə nə verəcək? Ümumilikdə, bölgədə hansı dəyişikliklərin şahidi olacağıq?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, ilk olaraq sərhədlərin açılıb-açılmayacağını gözləmək lazımdır: "Çünki Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımağa tələsmir. Bu olmadan nə Türkiyə sərhədi açacaq, nə də Azərbaycan münasibətləri formalaşdıracaq. Yəni Paşinyan bu istiqamətdə addımlar atmalıdır, iki qonşusunun ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra sərhədlərin açılması aktuallaşa bilər. Digər yandan, rusiyalı və hətta erməni ekspertlərin fikirləri ilə razıyam ki, əgər sərhədlər açılsa, iqtisadi əlaqələr bərpa olunsa, Ermənistanın həm Azərbaycandan, həm Türkiyədən asılılığı artacaq. Çünki Azərbaycan vasitəsilə müəyyən regional layihələrə qoşulacaq. Bundan sonra Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası qaldırarsa, sərhədlər qapanacaq və regional layihələrdə iştirakı məhdudlaşdırılacaq, iqtisadiyyatına böyük zərər dəyəcək”.
E.Şahinoğlu qeyd etdi ki, Türkiyə prezidenti Ərdoğanın dediyi kimi, indinin özündə sərhəd bağlı ola-ola yüz minlərlə erməni Türkiyədə işləyir və qazandıqlarını Ermənistana göndərirlər: "Hələ Gürcüstan üzərindən müəyyən ticarət əlaqələri var. Bu, sərhəd bağlı olduğu halda belədir. Türkiyənin müəyyən şirkətləri Ermənistanda iş yerləri açsa, bəli, bu asılılıq yaradacaq. Ermənilərin işğalçılıq siyasəti beyinlərinə o qədər yeridilib ki, Türkiyə və Azərbaycandan asılı olacaqlarını düşünürlər. Sizə nə lazımdır, sakit həyat, inkişaf, rifah, yoxsa, dava-dalaş, müharibələr? Onsuz da ermənilərin itkiləri böyükdür. Yəni bunlar hələ də zəhərli ideologiyadan əl çəkənə oxşamırlar. Bir daha təkrar edirəm, Paşinyan məntiqi hərəkət etsə, iki ölkənin ərazi bütövlüyünü tanısa, "Zəngəzur dəhlizi”nin açılmasına mane olmasa, Azərbaycan və Türkiyə ilə normallaşma prosesi başlayacaq. Bu, əslində Ermənistanın özünün də xeyrinədir. Bölgəyə sülh və sabitlik gələcək, əlaqələr inkişaf edəcək və Ərdoğanın irəli sürdüyü "altılıq formatı” işə düşəcək”
İqtisadçı Eldəniz Əmirov bildirdi ki, perspektivdə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi qaçılmaz zərurət olacaq: "Çünki "Zəngəzur dəhlizi” açıldıqdan və böyük sülh sazişi imzalandıqdan sonra, yəqin ki, bir çox siyasi məsələlər orada öz həllini tapacaq. İstər siyasi, istər hərbi, istər iqtisadi münasibətlərin yeni platforması, eskizləri cızılacaq. Bu zaman Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılma məsələsi də mütləq şəkildə baş verəcək. Sərhədlərin açılmasının nə verəcəyi ilə bağlı suala gəldikdə isə, Türkiyə-Ermənistan sərhədinin açılmasının həm iki ölkəyə, həm də üçüncü, dördüncü tərəflərə üç formada təsiri olacaq. Yəni biz Ermənistan, Azərbaycan, Türkiyə, Rusiya, İran Gürcüstan və digərlərini də məhz bu üç kontekstdə qiymətləndirə bilərik. Hansı ölkəyə bunun zərəri olacaq, hansı ölkəyə xeyri olacaq.
Deməli, Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasında fayda görən ölkələr Azərbaycan, Türkiyə və Ermənistan olacaq. Amma sərhədlərin açılmasını arzu etməyən və bunu ifadə etmək istəməyən ölkələr də var. Yəni İran, Rusiya, eləcə də Gürcüstanın özü sərhədlərin açılmasını istəmir. Bir də uzaq ölkələr var ki, nə Ermənistan, nə Azərbaycan, nə də Türkiyə ilə müttəfiq deyil. Onlar da bu məsələdə neytral mövqe nümayiş etdirirlər.
Azərbaycan üçün Türkiyə-Ermənistan sərhədlərinin açılmasının iqtisadi əhəmiyyəti yox dərəcəsindədir. Amma daha çox əhəmiyyəti siyasi və hərbi stabilliyin bərqərar olması, sülh sazişinin imzalanması və uzunmüddətli icrası ilə bağlıdır. Ermənistanın iqtisadi cəhətdən Türkiyənin asılılığına düşməsi, belə deyək, diktəedici bir funksiyanı yerinə yetirməsi, stabilliyin təmin olunması Azərbaycan üçün çox vacibdir. Yəni Azərbaycana daha çox siyasi-iqtisadi tərəfdən faydalıdır”.
E.Əmirov qeyd etdi ki, Türkiyə "Zəngəzur dəhlizi”ndən istifadə edərək Orta Asiya əlaqələrini daha da şaxələndirməyi planlayır: "Çünki Türkiyənin xarici ticarət dövriyyəsində Orta Asiya ölkələrinin xüsusi çəkisi çox aşağıdır. Bu da birbaşa çıxışın olmamağı ilə bağlı idi. İndi Türkiyə "Zəngəzur dəhlizi”ndən istifadə edərək Orta Asiyaya çıxacaq. Bu da qismən Ermənistan ərazisindən istifadəyə gətirib çıxarır. Sonradan isə sərhədlərin tam açılması ilə Türkiyə yeni bazar qazanmış olacaq. İlk növbədə ixrac yönlü məhsullar üçün bir bazar əldə edilmiş olacaq və bu da, sözsüz ki, Türkiyəyə iqtisadi cəhətdən fayda verəcək. Türkiyənin iqtisadi cəhətdən güclənməsi siyasi təsir imkanlarını da formalaşdıracaq.
Ermənistanın sərhədlərin açılması məsələsində götürdüyü dividendə gəldikdə isə deyə bilərəm ki, region ölkələri arasında ən böyük fayda götürən Ermənistan olacaq. Təsəvvür edin ki, hazırda Ermənistan vitrinləri dağıdılmış, pəncərəsi sınıq, qapısına isə icarəyə verilir” yazılmış boş bir obyekt şəklindədir. Yəni Ermənistan onsuz da batır və mütləq şəkildə hansısa ölkənin tabeliyində olmalıdır. Əgər bir ölkə hansısa ölkənin təsiri altına düşməklə bağlı seçim edirsə, o zaman iqtisadi cəhətdən daha müasir, inkişaf etmiş ölkəni seçməlidir, təbii ki, ağılları olarsa. İndiki halda Ermənistanın ağıllı gedişi məhz Türkiyəni seçməsi olacaq. Yəni Türkiyənin iqtisadi təsiri altına düşməsi, bu ölkə üçün əlavə dividendlər qazandıracaq.
Əlavə edim ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Ermənistanı Rusiya və İranın təsirindən qismən qurtarmış olacaq. Fikrimcə, erməni tərəfi Türkiyə-Ermənistan sərhədlərinin açılmasına sevinməlidir.
Əlbəttə ki, Gürcüstan, İran və Rusiya üçün sərhədlərin açılması arzuolunan hal deyil. Amma hansı ölkənin arzu etməsindən və ya etməməsindən asılı olmayaraq, sülh sazişindən sonra sərhədlərin açılması bir zərurət olacaq. Bu, ümumilikdə regionda iqtisadi inkişafa, stabilliyə töhfə verəcək vacib addımdır”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər