Növbəti raund İstanbulda oldu
Türkiyənin İstanbul şəhərində “3+3” regional platformasının nazirlər toplantısı keçirilib. “Report” xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib. İclasda Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirləri Hakan Fidan, Sergey Lavrov, Abbas Ərakçi və Ararat Mirzoyan da iştirak ediblər.
Ceyhun Bayramov görüş zamanı bildirib ki, mövcud çağırışlarla mübarizədə ölkəmiz regional əməkdaşlıq və bu kimi formatlar çərçivəsində məsləhətləşmələrə xüsusi əhəmiyyət verir.
Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri, o cümlədən ziddiyyətli hərbiləşdirmə ilə məşğul olmaqla, geosiyasi eskalasiya və bölücü xətləri regionumuza proyeksiya cəhdlərini artırması fonunda regional fəaliyyət və dialoqun daha da vacib olduğu vurğulanıb.
Keçmiş münaqişənin yekunlaşması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə regional əməkdaşlıq üçün açılan yeni imkanların fonunda Azərbaycanın Ermənistanla dayanıqlı sülh quruculuğu prosesinin davam etdirilməsi və irəlilədilməsinə dair qətiyyəti bir daha təsdiq olunub.
Sülh prosesinin qarşısında duran maneələrin aradan qaldırılmasının, xüsusilə Ermənistanın təcavüz və işğalının bir daha təkrarlanmayacağı və sülhün daxili siyasi və hüquqi vəziyyətdən asılı olmayacağına zəmanət verən zəruri konstitusiya dəyişikliklərinin vacibliyi vurğulanıb. Mövcud problemlərin gözardı edilməsi ilə dayanıqlı sülh quruculuğunu təxirə salan “yarımçıq sülh”ün Ermənistan tərəfindən təbliğatının "gizli gündəm"in mövcudluğuna dair sual doğurduğu qeyd olunub.
Toplantı çərçivəsində Türkiyənin İstanbul şəhərində Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Müqavilə üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu da keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib. Qeyd olunub ki, görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan iştirak ediblər.