Sənəd turizm prosesi iştirakçılarının vəzifələrini,
turistlərin və turizm subyektlərinin hüquqlarını, turizm növlərinin təşviqini özündə ehtiva edir
Azərbaycan
Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan turizm sektoru nümayəndələrinin
etik kodeksi turizm sektorunun bütün nümayəndələri, o cümlədən turistlər üçün nəzərdə
tutulub. Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan sənəd 10 maddədən ibarət
olmaqla tövsiyə xarakteri daşıyır və ümumi turizm qaydaları və etik normaları
özündə əks etdirir.
Turizm sektoru
nümayəndələrinin etik kodeksinin təqdimatı və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) yarım illik
fəaliyyətinə həsr olunan tədbir ölkə turizminin inkişafı istiqamətində görülən
işlərə aydınlıq gətirdi.
ATAA İdarə Heyətinin sədri Rufət Hacıyev tədbirdə çıxış edərək 2019-cu ili Azərbaycanın
turizm sənayesində uğurlu il adlandırdı: «Biz keçən il 3 milyon turisti qəbul
etdik. Bu rəqəm son illər ərzində görülən işlərin bəhrəsidir. Bu, Azərbaycan
Turizm Bürosu, Azərbaycan Turizm
Agentlikləri Assosiasiyası və turizm agentliklərinin əməyinin nəticəsidir.
Biz, turistlərin ölkəyə cəlb olunması üçün turizm şirkətlərini öz ətrafımıza
toplamışıq. Bu sayın yaxın zamanlarda daha da artacağı istisna deyil. Bütün
görülən işlər qısa zamanda aparılan aktiv fəaliyyət nəticəsində başa gəlib”.
ATAA-nın fəaliyyətindən danışan R.Hacıyev qurumun keçən ilin mart ayında
qeydiyyatdan keçdiyini və iyun ayında təqdim olunduğunu xatırladı:
"Assosiasiyanın fəaliyyəti ölkədə turizm agentliklərinin fəaliyyətinə dəstək
olmaq, mövcud çatışmazlıqları aradan qaldıraraq birgə inkişafa nail olmaq və əməkdaşlıq
imkanlarını genişləndirmək məqsədi daşıyır. Fəaliyyətə başladığımız gündən əsas
istiqamətimiz Azərbaycan turizm sənayesində aktiv iştirak etməkdir. Eyni
zamanda, fəaliyyətimiz Azərbaycanda turizm agentliklərinin vahid platformasını
yaratmağa, xidmətlərin keyfiyyətini artırmağa yönəlib. Azərbaycanın turizm
imkanlarının təbliği üçün bir çox ölkələrin təşkilatları ilə sazişlər
bağlamışıq və əməkdaşlıq edirik. Hədəflərimiz xarici ölkələrdə keçirilən turizm
tədbirlərində və sərgilərdə iştirak etmək, bu istiqamətdə treninqlər,
seminarlar, təlimlər və s. təşkil etməkdir”. R.Hacıyev turizm sənayesi nümayəndələri
üçün hazırlanan etik kodeks haqqında məlumat verərək, turizm bazarında fəaliyyət
göstərən subyektləri, fəaliyyətləri zamanı ölkənin ümumi turizm maraqlarına xidmət edən
bu etik normaları nəzərə almağa çağırdı: "Kodeksdə turistlərin düzgün
qarşılanması və yola salınması, onlara keyfiyyətli xidmətin göstərilməsi,
turistlərin təhlükəsizliyi və məmnunluğunun təmin edilməsi öz əksini tapıb.
Bundan başqa, turizm prosesi iştirakçılarının vəzifələri, turistlərin və turizm
subyektlərinin hüquqları, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsinə də
xüsusi yer ayrılıb”. R.Hacıyev eyni zamanda, turizm agentliklərinin göstərdiyi
xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün
assosiasiyaya üzv olan agentliklərlə müştərilər arasında mütləq formada ikitərəfli
müqavilə imzalanmasının vacibliyindən danışdı: "Tərəflər arasında imzalanacaq
vahid sənəd tur-agentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək”.
"Azərbaycan
Turizm Agentlikləri Assosiasiyasına 50 turizm şirkətinin üzv kimi qeydiyyatdan
keçməsi bizim üçün xoşdur” deyən Azərbaycan
Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit qeyd etdi ki, bu sənəd
turizm xidmətlərinin artmasında rol oynayacaq: "Əlbəttə, bu, təkcə xarici
turistlərin Azərbaycana gəlməsi üçün yox, həm də xaricə getmək istəyən insanlar
üçün çox vacibdir. Bütün turizm iştirakçılarını bu kodeksdən yararlanmağı
tövsiyə edirəm. Biz keyfiyyətli iş görən turizm agentliklərini həmişə dəstəkləmişik.
Fəaliyyətimizdə assosiasiyaya qoşulan şirkətlərə daha çox üstünlük veriləcək.
İnanıram ki, quruma üzv olan şirkətlərin sayı daha da artacaq. Hazırda bu
proses davam edir”.
ATAA-nın nəzdindəki ekspert şurasının üzvü Ayxan Əlləzli
təmsil etdiyi qurumun
fəaliyyətindən danışdı: "Assosiasiyanın nəzdində fəaliyyət göstərən ekspert
şurası özündə 20 turizm şirkətinin rəhbərini birləşdirir. Şuranın getmə, gəlmə
və logistikadan ibarət 3 bölümü var. Biz mütəmadi toplaşır və problemləri müzakirə
edirik. Müəyyən məsələlərin həlli yolları ilə bağlı təkliflərimizi Turizm Agentliyinə
və digər aidiyyəti orqanlara çatdırırıq. Şura Turizm Agentliyi ilə sıx əlaqədə
işləyir. Biz daim onların diqqətini öz üzərimizdə hiss edirik». A.Əlləzli
turizm agentlikləri ilə turistlər arasında müqavilə imzalanmasının vacibliyindən
də danışdı: "Bəllidir ki, bir çox hallarda tərəflər arasında müqavilə
imzalamır. Biz ekspert şurası olaraq bu müqaviləni ilk dəfə tətbiq etdik. Bu sənəd
bizim hüquqşünaslar tərəfindən təsdiq olunub. Burada həm agentliyin, həm də
müştərinin hüquqları qorunur. Biz həm turizm agentliklərini, həm də müştəriləri
müqaviləni imzalamağa çağırırıq. Müştərilər agentlikdən turizm məhsulunu alarkən
bu sənədin olub-olmaması ilə maraqlansınlar”.
Tədbirdə qeyd
edildi ki, Turizm Sənayesi Nümayəndələrinin etik kodeksi tövsiyə xarakterli sənəd
olmaqla turizm sektorunda fəaliyyət göstərən hər bir işçinin etik hüquqlarını
qoruyur və peşə etikasını bariz şəkildə önə çıxarır. Sənəd mahiyyət etibarilə
dünya təcrübəsinə, Ümumdünya Turizm Təşkilatının 1999-cu ildə qəbul etdiyi
ümumdünya turizm etikası kodeksinə əsaslanır və Azərbaycan turizm sektoruna
uyğunlaşdırılıb.
Kodeksdə turizmin
xalqlar və cəmiyyətlər arasında qarşılıqlı anlaşma və hörmətə töhfəsi; Turizm –
fərdi və kollektiv təkmilləşmə amilidir; Turizm – davamlı inkişaf amili; Turizm
– bəşəriyyətin mədəni irsindən istifadə edən və onun zənginləşməsinə töhfəsini
verən sahədir; Turizm – yerli əhali üçün faydalı fəaliyyətdir; Turizm prosesi
iştirakçılarının vəzifələri; Turizm hüququ; Turizm səyahətlərinin azadlığı;
Turizm sənayesi işçiləri və sahibkarlarının hüquqları; Turizmin etik kodeksinin
prinsiplərinin gerçəkləşdirilməsi ilə bağlı maddələr yer alıb. Bunlar,
ümumilikdə turizm prosesi iştirakçılarının vəzifələrini, turistlərin və turizm
subyektlərinin hüquqları, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsi,
turizm növlərinin təşviqi və s. məsələləri özündə ehtiva edir. Assosiasiya üzvlərinə yalnız icbari şəkildə
təqdim edilən kodeks digər turizm şirkətlərinə də tövsiyə və təklif olunur.
Tədbir çərçivəsində
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvlərinə üzvlük sertifikatları
da təqdim olundu.