Turistlər üçün əski cığırların bərpası
Son zamanlar turizm sektoru
Azərbaycanda inkişaf dövrünü yaşayır. Dünyanın bir sıra ölkələrindən
turistlərin ölkəmizi seçməsi, Azərbaycanın dünya miqyasında tanınmasına
əhəmiyyətli təsir göstərir. Hazırkı vəziyyətdə turizm qeyri-neft sektorunun ən
aktiv sahəsidir. Sahənin aktivliyi ona olan tələbatı artırır. Bu aktivliyin
daimiliyinə nail olmaq üçün tələbi ödəyən təkliflər irəli sürülməlidir. Belə ki, Azərbaycanda sovet dövründə olan turizm marşrutlarının
bərpası təklif edilir. Təklifin turizm sahəsinin inkişafına necə təsir
edəcəyini, hansı effektləri verəcəyini öyrənməyə çalışdıq.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, sovet dövründə Azərbaycana gələn turistlər üçün bir çox
maraqlı marşrutlar olsa da, bu gün həmin marşrutlar üzrə turlar təşkil edilmir:
"Məsələn, sovet dövründə Bakı-Şamaxı-Şəki-Gürcüstan turu təşkil olunurdu.
Albaniya turistləri bu tura çox maraq göstərirdilər və buna görə ölkəmizə səfər
edirdilər. Bundan başqa, indi elə turizm marşrutları var ki, onlar yeni
istiqamət kimi qəbul edilir, amma sovetlər vaxtı da populyar olub. Məsələn,
sovet dövründə Qubanın Təngəaltı, Afurca kəndlərinə, eləcə də Qusarda Laza
şəlaləsinə səfərlər çox olurdu. İndi də turistlər bu yerlərə səfər etməyə maraq
göstərirlər”.
M.Ağakərimov
qeyd etdi ki, yay mövsümündə Azərbaycana gələn əcnəbi turistlər ölkəmizin regionlarına
daha çox maraq göstərirlər. Onun sözlərinə görə, son illərdə Azərbaycana
Rusiya, İran və ərəb ölkələrindən gələn turistlərin sayı artıb. Turistlər daha
çox Şamaxı, Qəbələ, Şəki, Qax, Quba və Qusar rayonlarına səfər edirlər. Sədrin
müşaviri qeyd etdi ki, əvvəllər mövcud olmuş bütün turizm marşrutlarını bərpa
etmək lazımdır: "Bu tip marşrutları genişləndirmək vacibdir. Əvvəllər İrana
avtobusla getmək olurdu. Düşünürəm ki, dəmiryolu turizmi də açılsa, daha yaxşı
olar. Bundan başqa, birbaşa yox, dairəvi xarakterli marşrutların da fəaliyyətə
başlaması turizmə müsbət təsir edər. Məsələn, Qəbələ-Şəki-Zaqatala-Qax
marşrutu. Yəni bu tip marşrut bir deyil, bir neçə bölgəmizi əhatə edir. Belə
turizm marşrutları həm yerli əhali, həm də xarici turistlər üçün maraqlı olardı.
Xarici turistlər bu marşrutlar sayəsində bizim maddi və mənəvi irsimizlə
yaxından tanış ola bilərlər”.
Müsahibimizdən
bu kimi turizm marşrutlarını bərpa etmək üçün hansı işlərin görülməli olduğunu
soruşduq: "Bu işdə əsas yük turizm şirkətlərinin üzərinə düşür. Onlar xüsusi
turlar tərtib etməlidirlər. Hətta lazım gələrsə, bu marşrutlar üzrə qonşu
ölkələrlə də müqavilə imzalaya bilərlər. Bundan başqa, bizim qərb bölgələrimizə
də turların təşkil olunması məqsədəuyğundur. Maraqlı, əyləncəli tur-paketlərlə
həmin zonalara daha çox turist cəlb etmək olar. Mən bunu hər zaman qeyd etmişəm
ki, Azərbaycanın turizm potensialı bundan artığına qadirdir və tükənməzdir. Bu
potensialdan da səmərəli istifadə etmək çox vacibdir. Bunun üçün də yeni
marşrutlar yaradılmalıdır. Xüsusi araşdırmalar aparılmalıdır ki, turistlər
hansı yerləri görmək istəyir, onlara ölkəmizdə daha çox nə maraqlı gəlir.
Həmçinin qiymətlər də münasib olmalıdır. Əgər biz daha çox turist qəbul etmək
istəyiriksə, bu zaman kompleks şəkildə işlər görməliyik. Yəni münasib qiymətə
keyfiyyətli xidmət göstərməliyik”.
"Çox gəzən bilər” verilişinin aparıcısı Mirsəməd Cəfərli qeyd etdi ki, kənd turizminə də xüsusi önəm verilməsi vacibdir: "Sovet
dövründə "İnturist” adlanan böyük bir şəbəkə var idi. Həmin şəbəkə vasitəsilə
xaricdən turistləri qəbul edirdilər. Təkcə sosialist yox, həm də kapitalist
ölkələrindən də turistlər gəlirdi. Onların yerləşdirilməsi, ölkə ilə tanış
edilməsi ilə "İnturist”in Azərbaycan bölməsi məşğul olurdu. Həmin dövrdə
rayonlara xüsusi olaraq tematik səyahət turları hazırlayırdılar. Yəqin ki,
həmin o marşrutları yenidən istifadəyə vermək istəyirlər. Ümumiyyətlə, əvvəlki
turizm cığırlarını yenidən bərpa etmək çox yaxşı fikridir. Həmçinin yaxşı
olardı ki, qonşu ölkə Gürcüstanda olduğu kimi, bizdə də kənd, aqrar turizm
sahələrinə də xüsusi önəm verilsin, inkişaf etdirilsin”.
Turizm üzrə ekspert Rüfət Məmmədov deyir
ki, köhnə nostalji reyslər turistlərin marağını cəlb edə bilər: "Sovet dövrü
turizm marşrutu deyiləndə, əsasən Orta Asiya ölkələri nəzərdə tutulur. Bu
marşrutun fəaliyyətə başlaması, az da olsa, turizmin inkişafına öz təsirini
göstərəcək. Çünki hazırda statistikaya baxsaq, görərik ki, ölkəmizə Orta
Asiyadan gələn turistlərin sayı artır. Həmçinin bu ölkələrə gediş-gəliş vizasız
olduğu üçün daha çox turistin gəlmə ehtimalı böyükdür. Bundan başqa, Bakı-Qars dəmiryolunun da
açılması buna bir təkan verə bilər. Düşünürəm ki, köhnə nostalji reyslər
turistlərin marağını cəlb edə bilər. Reyslərin də ucuz olması bu sahəyə marağı
olan turistlər üçün ciddi şəkil stimullaşdırıcı rol oynayacaq. Bundan əlavə, otellərdə, restoranlarda da qiymətlər münasib
olmalıdır ki, turistlər üçün cəlbedici olsun”.
Günel
Azadə