• cümə, 29 Mart, 12:05
  • Baku Bakı 14°C

“The Jerusalem Post”: Ermənistan terrorçuları dəstəkləməklə faşizmi dövlət siyasətinə çevirib

15.12.17 10:15 1407
“The Jerusalem Post”: Ermənistan terrorçuları dəstəkləməklə faşizmi dövlət siyasətinə çevirib
Son vaxtlar dünyanın bəzi ölkələrində faşizmin və terrorizmin populyarlaşdırılması, başqa xalqlara və millətlərə münasibətdə dözümsüzlük müşahidə olunur. BMT Baş Assambleyası bunu nəzərə alaraq yaxın vaxtlarda "Faşizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə qəbul edib. Təəssüflə qeyd etmək istəyirəm ki, bu qətnamə bir qədər gecikib, onu bir neçə il bundan əvvəl qəbul etmək lazım idi.
AZƏRTACxəbər verir ki, İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu fikirləri İsraildə çıxan nüfuzlu ingilisdilli "The Jerusalem Post” qəzetinin 13 dekabr tarixli nömrəsində dərc edilmiş "Ermənistan terrorçuları tərifləməklə faşizmi dövlət siyasətinə çevirib” sərlövhəli məqaləsində yazıb (bax:http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/By-promoting-terrorists-Armenia-made-propaganda-of-fascism-state-policy-517647).
Məqalə müəllifi vurğulayır ki, başqa xalqlarla müqayisədə faşizmdən, terrorizmdən və antisemitizmdən daha çox əziyyət çəkənlərdən biri yəhudi xalqıdır. İsrailli analitik vurğulayır: "İsrailin bu qətnamə barəsində mövqeyi birmənalı və dəyişməzdir. Bu sənəd bütün bəşəriyyətin xeyrinədir, çünki Almaniyada faşizmin təbliğ edilməsinin nəticələri hələ atalarımızın və babalarımızın xatirindədir. Holokost yəhudi xalqının yaddaşında həkk olunmuş dəhşətli və dözülməz sözdür. Bu, yəhudi xalqının vəhşiləşmiş faşist rejimi tərəfindən alçaldılması, təhqir edilməsi, vəhşilik, barbarlıq, kütləvi qırğındır. Biz başqa xalqların öz tarixini necə şərh etmək barədə suveren hüquqlarına, öz tarixi keçmişinə və öz milli qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi məsələlərinə müdaxilə etmirik. Lakin Holokost kimi dəhşətli cinayətlərdə əli olmuş insanların milli qəhrəmanlara çevrilməsini görəndə biz susmamalıyıq. İndi, gah Ermənistanda, gah Ukraynada və ya başqa bir yerdə nasizm baş qaldıranda israillilər bunu dinməzcə müşahidə edə bilməzlər və etməməlidirlər. Ona görə ki, nasizm, terrorizm və faşizm oddan daha sürətlə yayılmaq xassəsinə malikdir, onun qarşısını almaq və yanğın başlayana qədər onu dayandırmaq lazımdır, sonra gec ola bilər”.
Qutun fikrincə, Azərbaycanda da bu qətnaməyə müsbət münasibət bildirilib. Bu, gözlənilən idi, çünki Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqına xas olan tolerantlıq və multikulturalizm onun əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri ilə ortaq dil tapmasına imkan verir. Azərbaycan xalqlar və konfessiyalar arasında sabitlik, əməkdaşlıq və qarşılıqlı anlaşma adasıdır. Bu gün Avropa ölkələrinin çoxunda və ərəb ölkələrində millətçilik, ksenofobiya və şovinizm təzahür etdiyi, antisemitizmin tüğyan etdiyi bir vaxtda Azərbaycanda belə faktlar yoxdur və heç vaxt olmayıb. Burada bütün milli azlıqlar kimi yəhudi icması da həmişə cəmiyyətin inteqral hissəsi olub.
Hamıya məlumdur ki, İkinci Dünya müharibəsində qələbə qazanılmasında Azərbaycan nefti çox böyük rol oynayıb. Faşizmin üzərində qələbə qazanılmasına Azərbaycan xalqı da böyük töhfə verib və İkinci Dünya müharibəsində qələbə naminə Azərbaycan böyük qurbanlar verib. Bu müharibədə əksəriyyəti yəhudilər olan çoxsaylı qaçqınlar və məcburi köçkünlər Azərbaycanda sığınacaq tapır. Onların arasında mənim ailəmin üzvləri də olub. Bu insanlar Azərbaycan xalqının humanizmi və tolerantlığı sayəsində xilas olublar”.
Arye Qutun fikrincə, heç də bütün ölkələrdə vəziyyət belə olmayıb. Başqa dövlətlərə nəzər salanda orada tamam fərqli mənzərə görünür. Məqalə müəllifi yazır: "Məsələn Cənubi Qafqazın digər dövlətində - Ermənistanda tamamilə bunun əksi olan vəziyyət müşahidə olunur. Doğrudur, Ermənistan gözdən pərdə asmaq üçün o da yuxarıda adı çəkilən qətnaməyə səs verir, lakin bununla bərabər Ermənistanda faşizm ideologiyası, irqi ayrıseçkilik dövlət səviyyəsində təbliğ olunur, faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş erməni millətçilərinə abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə və başqa obyektlərə onların adları verilir. Bu ölkədə faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ermənistanda antiazərbaycan siyasəti ilə yanaşı, antisemitizm də tüğyan edir”.
Politoloq Moşe Bekker haqlı olaraq yazır: "1998-ci ildə erməni politoloqu, professor İqor Muradyan "Ermənistanın səsi” qəzetində dərc edilmiş məqaləsində açıq-aşkar nasizm ideologiyasını dəstəkləyirdi. Onun sözlərinə görə, yəhudi-erməni qarşıdurması semitlərlə arilər arasında münaqişədir. O, qondarma erməni soyqırımında yəhudiləri ittiham etməklə kifayətlənməyib sübut etməyə çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin arxasında məhz yəhudi xalqı və İsrail dövləti dayanır. Dörd il sonra Yerevanda Romen Yepiskopyanın "Milli sistem” adlı kitabı çapdan çıxdı. Bu kitab Ermənistan yazıçılarının rəsmi birliyi tərəfindən buraxılmışdı.
Müəllif bu "elmi əsər”də ermənilərin başına gələn bütün müsibətlərdə yəhudiləri ittiham edir və eyni zamanda, yəhudi xalqının tarixində ən dəhşətli səhifə olan Holokostu inkar edir, onu "Yəhudilərin arilərə qara yaxmaq məqsədilə uydurması” adlandırır. Həmişə olduğu kimi, bu dəfə də anlayışlar saxtalaşdırılır”.
Qut qeyd edir ki, Ermənistan özünün müsibətlərində yəhudiləri ittiham etməklə paralel olaraq faşist Almaniyasının SS generalı Qaregin Njdenin, "Dro” ləqəbi ilə tanınmış Drastamat Kanoyanın, terrorçu Monte Melkonyanın və onlara oxşar başqalarının "milli qəhrəmanlar” kimi populyarlaşdırılması siyasəti yürüdür, onların xatirəsini və adlarını əbədiləşdirir.
Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli "The Jerusalem Post” qəzetində yazır: "Vaxtilə Qaregin Njde tərəfindən formalaşdırılmış şovinist erməni millətçi ideologiyası, irqçilik meyli müasir mərhələdə Ermənistan respublikaçılar partiyasının və Serj Sarkisyan başda olmaqla Ermənistan hökumətinin ideologiyasının əsasıdır. 2016-cı ilin may ayında Sarkisyan Yerevanda faşist Njdenin heykəlinin açılışında şəxsən iştirak edib. Ən dəhşətlisi və insanı hiddətləndirən odur ki, "Njdeizm” adlı faşist ideologiyası tədris müəssisələrinin proqramına daxil edilib və Ermənistanın gənc nəsli bu "dəyərlər” ruhunda tərbiyə edilir.
Siz deyin, nasist, faşist və antisemit Qaregin Njdeyə Yerevanda abidə qoyulmasına necə münasibət bildirək. Bu ölkə bəşəriyyətə qarşı cinayət törətməkdə təqsirli bilinmiş faşist canini özünü qəhrəmanı adlandıra bilərmi? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinə təhqirdir. Şəxsən mənim üçün – babasının ailəsinin bütün üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan üçün bu, dözülməz ağrıdır. Məhz bu səbəbdən bu mənim üçün də şəxsi faciədir”.
Məqalə müəllifi vurğulayır ki, belə hadisələri gec işə düşən bomba adlandırmaq olar, çünki bu ideologiya əsasında böyüyən gənclər gələcəkdə faşizm və terror işini davam etdirəcəklər. Arye Qut yazır: "Ermənistan hökumətinin maliyyə dəstəyi ilə "Qaregin Njde və onun təlimi” adlı kitab nəşr edilib, onun haqqında bir neçə milyon ABŞ dollarına başa gəlmiş film çəkilib. ABŞ-ın və Rusiyanın maliyyə yardımı Ermənistanda nasizmin, faşizmin və terrorizmin populyarlaşdırılmasına xərclənir. Ermənistanın bu dövlət siyasəti İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara, xüsusən faşizm üzərində qələbədə müstəsna xidmətləri olmuş keçmiş SSRİ vətəndaşlarına hədsiz hörmətsizlik nümunəsidir. Burada belə bir sual yaranır: Doğrudanmı ermənilərin Njde və Dro kimi faşistlərdən başqa qəhrəmanları olmayıb? Ermənistanda faşizm ilə yanaşı, dövlət səviyyəsində terrorizmin qəhrəmanlaşdırılması siyasəti yürüdülür. Terrorizmə fikir versək görərik ki, onunla dözümsüzlük və ekstremizm ideologiyası arasında az fərq var”.
Politoloq Moşe Bekker haqlı olaraq yazır: "1975-ci ildə yaradılmış ASALA – Ermənistanın gizli azadlıq ordusu antisemitizm və antitürkizm ideyalarının davamçısı oldu. Onun məqsədi ənənəvi erməni torpaqlarını "azad etmək”, Türkiyə hökuməti tərəfindən reparasiya ödənilməsinə nail olmaq və qondarma 1915-ci il soyqırımının Türkiyə hökuməti tərəfindən açıq etiraf edilməsidir. 1980-ci ildə ASALA-nın rəhbəri İraqda doğulmuş Akop Akopyan (Əbu Cihad) oldu. Akopyan 1972-ci ildə Münxendə İsrailin olimpiya yığma komandasının üzvlərinin qətlə yetirilməsində fəal iştirak edib. Beləliklə, millətçilik məntiqi erməni şovinistlərini dünya birliyi tərəfindən pislənilmiş beynəlxalq terrorçu alyansın sıralarına gətirib çıxarıb”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bu yaxınlarda verdiyi bəyanatda maraqlı faktlar göstərib: "1983-cü ildə Fransada Orli hava limanında terror törətmiş ASALA terrorçusu Varujan Qarabedyan 2000-ci ildə müəmmalı şəkildə Fransada həbsdən azad edildi və Ermənistanda qəhrəman kimi qarşılandı və təltif olundu. Varujan Qarabedyan hazırda Ermənistanın hərbi diktatura rejiminin kriminal dayaqlarından biridir”.
Hikmət Hacıyevin göstərdiyi digər misal Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən olan Murad Topalyanla bağlıdır. O deyib: "M.Topalyan ABŞ-ın siyasi rəhbər dairələri ilə sıx əlaqələrə malik ola-ola, ABŞ ərazisində ASALA-nın xətti ilə terror əməllərini təşkil edir və yönləndirirdi. Terror əməlləri sübut edildikdən sonra həmin şəxs minimal həbs cəzası aldı və hazırda yenə də Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən biri kimi fəaliyyət göstərir, ABŞ siyasi dairələri ilə sıx əlaqə saxlayır və lobbist fəaliyyəti həyata keçirir, antiazərbaycan təbliğat aparır və hətta ABŞ Konqresinin üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərini təşkil edir və maliyyələşdirir. Murad Topalyan və onun digər tərəfdaşları Ermənistanın "milli qəhrəmanları” sırasındadır”.
Amerikalı jurnalist, siyasi icmalçı Piter Teys bu yaxınlarda yazıb: "Ermənistan öz qonşusu Azərbaycana qarşı terrora başlayıb. Nəticədə Azərbaycan xalqı itkilər və müsibətlərlə üzləşib”. Piter Teys təəssüflənir ki, Aİ və ABŞ kimi aparıcı dünya güc mərkəzləri Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş terrorun cavabında susurlar. Piter Teys vurğulayıb: "Mən dünya birliyini Serj Sarkisyanın faşist rejiminin əməllərinə münasibət bildirməyə çağırıram. Ermənilər Dağlıq Qarabağ ərazisindən dünya bazarına narkotik maddələr göndərirlər. Bundan Qərb də əziyyət çəkir. Ermənilər Azərbaycanın etnik mədəniyyətinə və ətraf mühitinə ciddi ziyan vurublar. Ermənistan Avropa üçün və bütün dünya üçün təhlükədir”.
Rusiyalı müəllif Olqa Suxova da bu barədə yazıb. O, Rusiyanın nasistlərlə əməkdaşlıq etmiş erməni lideri Njdeyə Armavir şəhərində xatirə lövhəsi vurulması ilə əlaqədar şəhər sakinlərinin hiddətləndiyini bildirir. Şəhər fəalları hər il bu lövhənin çıxarılmasını tələb edirlər. Kubanlı tarixçi Sergey Novikov isə yazır: "Bu insana xatirə lövhəsi vurulması nasional-sosializmin təbliği deməkdir”. Məqalə müəllifi soruşur: "Belə iş olarmı? Böyük Vətən müharibəsi qəhrəmanlarına xatirə lövhəsi ilə yanaşı, nasistlərlə əməkdaşlıq etmiş erməni liderinə də xatirə lövhəsi vurulsun?”
Njde 1942-ci ildə Berlində yaradılmış "Erməni milli şurası”na daxil olub və öz həmyerlilərini SSRİ-yə qarşı silahlı mübarizəyə çağırıb. Njde faşistlərlə əməkdaşlıq etdiyini görə 25 il azadlıqdan məhrum edilib və həbs olunub, 1955-ci ildə həbsxanada xəstəlikdən ölüb. İndi isə 57 ildən sonra birdən-birə Armavirdə (Njdenin bu şəhərə heç bir aidiyyəti yoxdur, sadəcə burada onun həmyerliləri yaşayır), erməni məbədinin ərazisində bu adamın şərəfinə xatirə lövhəsi vurulub. Bir ildən sonra isə həmin memorial üzərində 1918-ci ildə Azərbaycanda mart qırğınında əli olan başqa şəxslərin: azərbaycanlılarla yanaşı 3000-dən çox yəhudini məhv etmiş çar ordusunun general-mayoru Andranik Ozanyanın və Amazasp Babacanyanın da adları yazılır.
Qutun fikrincə, faşizmin və terrorizmin populyarlaşdırılması üçün erməni millətçilərin bu cür fəaliyyəti nəticəsində son illərdə dünyanın bir sıra dövlətlərində Ermənistanın və erməni millətçilərinin adları terrorizm və faşizm ilə assosiasiya doğurur. Müəllif yazır: "Bu günlərdə hətta Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan "Zvezda” telekanalında göstərilmiş bir süjetdə rəsmi Yerevan faşistlərinin əlaltılarını qəhrəmanlar kimi qələmə verməkdə ittiham edilib. Lakin bu da Ermənistan prezidentini və onun komandasını dayandırmır, onlar terrorçuların və faşistlərin populyarlaşdırılmasını, beləliklə bütün dünyaya meydan oxumağı davam etdirirlər.
Njde, Drastaman Kanoyan və başqalarından sonra Sarkisyan və onun komandası daha bir beynəlxalq terrorçunu populyarlaşdırmağı qərara alıblar. Ermənistan prezidenti lap yaxın günlərdə Ermənistanın Dilican şəhərində "milli qəhrəman” Monte Melkonyan adına Hərbi İdman Məktəbinin rəsmi açılış mərasimi münasibətilə keçirilən tədbirdə iştirak edib.
Adı məktəblərə, küçələrə verilmiş bu "milli qəhrəman” tərəfindən törədilmiş "igidlikləri” xatırlatmaq istərdik. Melkonyan bütün dünyada məşhur terrorçu, ASALA terror təşkilatının üzvü olub. Melkonyan Azərbaycandan əlavə İtaliya və Yunanıstan kimi Avropa ölkələrində də terror aktları həyata keçirib. 1985-ci ilin noyabrında Melkonyan Parisdə həbs edilib, qanunsuz silah saxlanmasına və sənədlərin saxtalaşdırılmasına görə 6 il həbs cəzasına məhkum edilib, lakin 1989-cu ildə o, müəmmalı şəkildə həbsdən azad edilib və Cənubi Yəmənə sürgün olunub.
1991-ci ildə bu terrorçu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gəlib, orada milliyyətcə azərbaycanlı olan qocaların, qadınların və uşaqların kütləvi şəkildə qətlə yetirilməsində ən fəal formada iştirak edib. 1993-cü ilin iyun ayında qaniçən erməni terrorçu döyüş əməliyyatları zamanı Azərbaycan hərbi qulluqçuları tərəfindən məhv edilib.
Məqalə müəllifi yazır: "Dünya birliyi artıq indi belə bir məsələ üzərində fikirləşməlidir: terrorçunun adını daşıyan bu hərbi idman tədris müəssisəsində kimləri hazırlamaq niyyətindədirlər? Cavab aydındır: bu məktəb təkcə Dağlıq Qarabağ üçün deyil, həm də ermənilərin yığcam şəkildə yaşadığı bütün ölkələr üçün potensial təxribatçılar və terrorçular hazırlayacaq. Bu terrorçular erməni millətçilərin xoşuna gəlməyən dövlətlərlə və bu cür şəxslərlə "hesabı çürüdəcəklər”.
Arye Qut vurğulayır ki, Serj Sarkisyan faşizmin əsas məqsədlərindən birini - terrorçu "Daşnaksütyun” partiyasının və Njde, Dro və Melkonyan kimi "qəhrəmanların” Ermənistanı monoetnik dövlətə çevirmək ideyalarını həyata keçirir.
İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli "The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda yazır: "Bütün bunlar belə deməyə əsas verir ki, Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyən ölkədir. Əgər dünya birliyi Ermənistanda faşizmin və terrorizmin təbliğinin cavabında bundan sonra da susmaqda davam edərsə, onda sabah Yerevanın mərkəzində Njdenin heykəli ilə yanaşı Hitlerə də abidə qoyulsa, heç kəs heyrətlənməsin”.
banner

Oxşar Xəbərlər