• şənbə, 27 Aprel, 06:46
  • Baku Bakı 12°C

Texnologiyanın inkişafı işsizlik problemini kəskinləşdirir

17.12.18 18:34 1221
Texnologiyanın inkişafı işsizlik problemini kəskinləşdirir
Bu gün dünyada böyük problemlərdən biri işsizlikdir. 2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir. Trend-in məlumatına görə, bunu Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında Oksford Universitetinin professoru Daniel Susskind deyib. Professorun sözlərinə görə, bu problemin kökündə elm və texnologiyanın sürətli inkişafı və onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır: "Çünki texnologiyalar inkişaf etdikcə işçi qüvvəsinə, əl əməyinə ciddi ehtiyac qalmır. İşləri məhz həmin texnoloji avadanlıqlar, cihazlar görür”.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) təmsilçisi Xoloud Alxadi də konfransda çıxışı zamanı dünyada işsizlik problemi məsələsinə toxunub. Onun sözlərinə görə, bu gün dünya üzrə işsizlik həddi artıq 63 faiz səviyyəsindədir. X.Alxadi bildirib ki, bu rəqəm bəzi ölkələrdə daha yüksəkdir. BƏT təmsilçisi qeyd edib ki, xüsusilə gənclərin iş tapması ilə bağlı ciddi problemlər var: "Onların çoxu işsizdir. Ona görə də dünyanın qarşısında bu məsələ çox ciddi və aktual problem olaraq dayanır. Bu problemlərin, xüsusən də gənclərin işsizlik probleminin aradan qaldırılması yönündə daha ciddi addımlar atılmalı, böyük layihələr icra edilməlidir”.
Əslində, bu, bizim gəncliyi də narahat edən məsələlərdəndir. Belə ki, ölkəmizdə də bəzi ixtisas sahibi olan gənclər var ki, onlar da işsizlikdən əziyyət çəkir. Hətta növbəti illərdə elm və texnikanın inkişafı ilə bağlı işsizliyin daha geniş vüsət alacağı gözlənilir. Bəs, bunun qarşısını almaq üçün nə kimi işlər görmək olar, hansı addımları atmaqla gəncliyin işsizlik problemini həll etmək mümkündür?
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov deyir ki, texnika və texnologiyanın inkişafı çox gözəl haldır, indiki vəziyyətdə həyatımızı müasir texnika və texnologiyasız təsəvvür etmək mümkün deyil: "Lakin bu inkişaf müəyyən sahələrdə işsizliyin yaranmasına səbəb olur. Nəzərə alsaq ki bu proses sürətlə inkişaf edir, gələcəkdə işsizliyin səviyyəsinin artması qaçılmazdır. Bu problem qlobal səviyyədə bütün dünya ölkələrini düşündürən məsələdir və bunun həlli ilə bağlı bəzi araşdırma işləri aparılır. Düşünürəm ki, dövr dəyişdikcə, texniki inkişaf özünün ən yüksək səviyyəsinə çatdıqca, zamanın tələbinə uyğun yeni ixtisaslar yaranmalı və ya mövcud şəraitə uyğun olaraq yeni sahələrin inkişaf etdirilməsi istiqamətində daha çox işlər görülməlidir. Məsələn, gənclərin startap layihələrində iştirakı, yeni ideya və layihələrlə çıxış etməsi təmin oluna bilər. Elə bir startap layihəsi ola bilər ki, o, həmin gəncin bir anın içində kifayət qədər böyük məbləğ qazanmasına şərait yaradar. Yəni, dövlətlər bu kimi sahələrə xüsusi önəm verməlidirlər. Həmçinin müasir dövrün çağırışlarına uyğun olaraq təhsil sistemində də dərs proqramları buna uyğun tərtib edilməlidir. Təbii ki, ölkələrdəki demoqrafik vəziyyət də işsizlik səviyyəsinin artmasında müəyyən dərəcədə rol oynayır. Hansı dövlətlər hazırkı vəziyyəti düzgün qiymətləndirib, təhlillər apararaq çıxış yolu tapacaqsa, onlar işsizlik məsələsində ciddi problemlər yaşamayacaq”.
Millət vəkili qeyd edir ki, dövlətlər bu problemin həlli istiqamətində işlər görərkən sadalanan nüansları nəzərdə saxlamalı və buna uyğun strateji addımlar atmalıdırlar: "Təbii ki, Azərbaycan da öz növbəsində bu istiqamətdə bir sıra işlər görür. Belə ki, ölkəmizdə startaplara, yeni dövrün çağırışlarına uyğun təhsil mexanizminin qurulmasına, İT sahəsinin inkişafına yönələn dövlət əhəmiyyətli layihələr həyata keçirilir. Digər tərəfdən bəzi ənənəvi xidmət sahələri var ki, düşünmürəm ki, yaxın gələcəkdə orada insan əməyini bütövlükdə texnologiya əvəz edə bilsin. Həmçinin kənd təsərrüfatı sahələrində də kifayət qədər yeniliklər həyata keçirməklə işsizlik problemini həll etmək olar”.
Gördüyünüz kimi, millət vəkili kənd təsərrüfatı sahəsində yeniliklərlə işsizlik probleminin həll oluna biləcəyini qeyd etdi. Maraqlıdır, hazırda bu sahədə məşğulluq hansı səviyyədədir, nə kimi işlər görməklə səviyyəni qaldırmaq olar?
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli qeyd edir ki, bu gün Azərbaycanda kənd təsərrüfatı sahəsi ilə məşğulluğun səviyyəsi rəsmi rəqəmlərə görə 36 faizdir: "Bu o deməkdir ki, əhalinin böyük əksəriyyətinin məşğulluq sahəsi kənd təsərrüfatı və ya onunla əlaqəli sahələrlə bağlıdır. Amma növbəti mərhələdə biz məşğulluq səviyyəsini qaldıra bilərik. Bilirsiniz ki, son iki ildə Azərbaycanda əmək tutumlu kənd təsərrüfatı sahələrinin tapılması sahəsində müəyyən addımlar atılır. Pambıqçılıq, baramaçılıq, üzümçülük bunlardan biridir. Növbəti 4-cü istiqamət kimi təklif edərdim ki, bu, kənd təsərrüfatı məhsullarının emalı sahəsi olsun. Çünki emal zəncirvari - torpaqdan süfrəyə qədər olan prosesdir. Əgər növbəti illərdə kənd təsərrüfatının emal sənayesini qura bilsək, böyük əksəriyyət, xüsusən də kənd yerlərində yaşayan, hazırda iş tapa bilməyən gənclər bu sahəyə meyillənər. Nəticədə əmək məşğulluğu səviyyəsini 50 faizə qaldıra bilərik”.
Ekspert, həmçinin bu gün müşahidələrə əsasən işsizliyin ailə təsərrüfatlarında daha çox mövcud olduğunu deyir: "Ailə biznesinə dəstək olan bir çox qurumlar yaranıb. Bütün bunların əsas hədəfi ölkədə ailə təsərrüfatlarını inkişaf etməyə yönəlib. Xüsusən Abşeron yarımadasında yaşayırıqsa, zeytunçuluq ailə təsərrüfatlarının inkişaf etdirməsi üçün mühüm istiqamət ola bilər. Həmçinin zəfərançılıq da bu qəbildən olan sahələrdəndir. Bunları inkişaf etdirmək üçün elə də böyük torpaq sahələrinə ehtiyac yoxdur. Belə sahələr tapmaqla problemi çox qısa zamanda həll etmək olar. Bunun üçün ölkəmizdə hər bir şərait var. Bizim insanların əmək vərdişləri var. Kimsə deyə bilməz ki, Azərbaycan xalqı çalışqan deyil. Sadəcə, insanlara müəyyən imkanlar yaratmaq lazımdır”.
"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyir ki, işsizliklə bağlı göstərilən rəqəmlər nəinki gəncliyi, cəmiyyətin böyük kəsimini təhdid edən məsələdir: "Bu gün informasiya texnologiyalarının inkişafının bir çox sahələrdə insan əməyinə olan tələbatı azaltması qaçılmaz həqiqətdir. Bir çox peşə sahiblərinin funksiyasını robotlar, cihazlar yerinə yetirir. Bu, texnoloji inkişaf baxımından yaxşı olsa da, işsizliyin artması baxımından müəyyən qədər problemlər yaradır. Belə olanda əmək bazarında yer tutmaq üçün nə etmək lazımdır? - günün ən aktual sualıdır. Düşünürəm ki, gənclər günün tələbi ilə ayaqlaşmalı, təhsil aldıqları sahə üzrə nəzəri biliklərlə kifayətlənməyib, təcrübi sahədə də nələrsə öyrənməlidirlər. Yəni tək ali təhsil diplomu almaqla iş bitmir. Bəzən həmin diplom adi kağız parçasından başqa bir məna ifadə etmir. Bunun üçün gənclər dünyagörüşlərini, bilik səviyyələrini inkişaf etdirməlidirlər. Universitetlərimiz dünya təcrübəsindən yararlanaraq təhsil proqramları hazırlamalıdırlar. Müasir dünya yaradıcı insanın yetişməsini tələb edir. Bunun üçün də çevik beyinli, operativ, fərqli düşüncəli gənclərə ehtiyac var”.
Günel Azadə
banner

Oxşar Xəbərlər