• çərşənbə, 04 Dekabr, 12:23
  • Baku Bakı 10°C

Təlimi olmayan təlimçilər - ARAŞDIRMA

15.10.22 03:00 10266
Təlimi olmayan təlimçilər - ARAŞDIRMA

Qanunla sürücülük təlimi verənlər ən azı 5 il intensiv sürücülük təcrübəsinə malik olmalıdır. Bundan əlavə, onların nəzəri bilikləri, psixoloji durumları da nəzərə alınmalıdır.  Amma bəzi sürücülük kursları var ki, təlim keçənlərinin əksəriyyəti taksi sürücüləridir.

İnternetdə sürücülük təlimi axtaranda qarşımıza xeyli təlimçi reklamları çıxır. Yollarda da üzərində sürücülük təlimi yazılmış avtomobillər görmək mümkündür. Çox zaman sürücülük təlimçisi hansısa kursun müəllimi olur. Lakin kursdan kənar işləyən təlimçilər də çoxdur. Bəs təlimçi ola bilmək üçün hansı şərtlər var? Bu sahədə fəaliyyət göstərmək üçün hansısa tələblər varmı? 

Təlimçilərin əksəriyyəti taksi sürücüləridir

Sürücülük təlimçisi Adil Nəbiyev “Kaspi”yə açıqlamasında dedi ki, sürücülük təlimçisi olmaq üçün sürücünün 5 illik təcrübəsi olması kifayətdir: “Bu, qanunla tənzimlənir. Amma bu o demək deyil ki, sürücü vəsiqəni aldı, evə qoydu və 5 ildən sonra təlim keçə bilər. Təlimçi 5 il intensiv sürücülük təcrübəsinə malik olmalıdır. Bəzi şirkətlər var ki, təlim keçənlərinin əksəriyyəti taksi sürücüləridir”. 

“Gənclik”də və “Ukrayna” dairəsindəki təlimçilərin əksəriyyəti...

Müsahibimiz bildirdi ki, təlimçilərin fəaliyyətinə polis tərəfindən nəzarət edilir. Amma nəzarət ciddi deyil: “Yol polisi nəzarət edir, yoxlayır. Əgər pedallar və güzgülərlə təchiz olunmayıbsa, Dövlət Yol Polisinin texniki şöbəsindən icazə almayıbsa, sürücülük məktəbləri ilə müqavilə yoxdursa, təlimçi 40 manat cərimələnir. Amma “Gənclik” metrostansiyasının ətrafında və ya “Ukrayna” dairəsində dayanan təlimçilərin çox vaxt sənədləri olmur. Hətta eləsi var heç pedalları da yoxdur. Təlimçilərin sağlamlığı, psixologiyası da yoxlanılmır. Heç yoxlamırlar ki, narkomandır, yaxud içkilidir. Buna görə də təlim zamanı baş verən qəzaların sayı artır”.

Bəzi təlimçilərin özlərinə dərs keçmək lazımdır

A.Nəbiyevin sözlərinə görə, bəzi təlimçilərin özlərinə dərs keçmək lazım olur: “Əsl təlimçi xaricdə təlim keçməli, beynəlxalq sertifikatlar almalı, kursda işləməlidir. Yəni birinci özü təlim keçməlidir ki, təlimçi ola bilsin. Yoxsa, yoldan keçən sürücü vəsiqəni pulla aldı, maşına oturdu, başladı təlim keçməyə, belə olmaz. Bəzən olur ki, heç təlimçinin nəzəri, praktiki bilikləri olmur. Nəzəri sahədən və ya praktikanın təhlükəsizlik qaydalarından sual versən, cavab verə bilmir”.

Təlimçinin fikrincə, belələri sürücülük arzusunda olanları aldadırlar, onları inandırırlar ki, guya, maşını sürə bilirlər: “Sürücülüyü öyrənmək istəyən əvvəlcə qapalı meydançada, avtomobillərin olmadığı yerdə sürməyi öyrənməli, nəzəri bilikləri olmalı, sonra ikinci dərəcəli, ən sonda isə əsas yola çıxmalıdır. Təəssüf ki, bizdə başlayan kimi sükan arxasına oturdurlar və yola çıxarırlar”.

10 saata necə sürücü olurlar?

A.Nəbiyev qeyd etdi ki, bu sahədə güclü rəqabət var və insanlar da qiymətlərə aldanır: “Təlimçinin yanına gedəndə məsləhət almaq, səhifələrinə daxil olub rəylərə baxmaq lazımdır. Bizdə isə ancaq qiymətə baxırlar. Kurslar da rəqabətdən qalib çıxmaq üçün qiymətləri endirirlər. İnsanlar da qiymətə aldanır, hər yoldan keçənin yanına gedir və nəticələri də acınacaqlı olur. Reklam qoyurlar ki, tələbə birinci dəfədən maşın sürdü. Bu, qeyri-mümkündür. Kitablarda yazılıb ki, sürücü ortalama 70 saatdan sonra yola çıxmalıdır. Məsələn, Amerikada bu, 50 saatdır. Yazırlar ki, 10 saata elə öyrədirik ki, əsl sürücü olursunuz. Halbuki heç təlimçinin özü normal sürə bilmir: tez-tez cərimələnir, radara düşür, qəza şəraiti yaradır”.

Sürücü məsuliyyətsizliyi, yoxsa düzgün keçilməyən təlim?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə dedi ki, qəzaların əsas səbəbi peşəkar sürücülük təlimlərinin olmamasıdır: “Sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs mütləq qaydada sürücülük kursunda hazırlıq keçməlidir. Kursda hazırlıq keçməsi barədə verilən arayış əsasında bu şəxslər imtahana buraxılır. Qəzaları araşdıranda məlum olur ki, başlıca səbəb sürücülərin məsuliyyətsizliyidir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda sürücülərə keçirilən təlimlər o qədər də peşəkarcasına, keyfiyyətlə həyata keçirilmir. Sürücülərin bir qismi avtomobili qaydalara uyğun idarə etməyi bacarmır, parklanma, yol hərəkəti qaydalarını bilmir, yol nişanlarından xəbərsizdir”.

Təlim vahid tədris planı üzrə həyata keçirilməlidir

Ekspert bildirdi ki, sürücülərin hazırlanması üçün mütləq bir neçə qurumun icazəsi olmalıdır: “Razılıqlar ölkə qanunvericiliyinə uyğun olaraq əldə edilir. Məsələn, Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər nazirliklərində, Dövlət Yol Polisində, Dövlət Vergi Xidmətində qeydiyyata alınmış tədris müəssisələrində və ya kurslarda təlim həyata keçirilə bilər. Sürücülərin hazırlanması və ya ixtisasının artırılması Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, dövlət təhsil standartları əsasında razılaşdırılmış vahid tədris planı üzrə həyata keçirilməlidir”.

Lisenziya hazırlığı olmayan şəxslərə verilirsə, bu qanun pozuntusudur

Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə isə, qanunvericilikdə bu məsələ ilə bağlı dəyişikliyə ehtiyac yoxdur, sadəcə, nəzarət daha ciddi olmalıdır: “Təlimçilərlə bağlı yol hərəkəti haqqında qanun mövcuddur. Orada da qeyd edilib ki, bu işlə ancaq lisenziyası olan şəxslər məşğul ola bilər. Lisenziya başqa formada müəyyən hazırlığı olmayan şəxslərə verilirsə, bu, qanun pozuntusudur. Amma bütövlükdə təlimçilərə nəzarət qanunvericilikdə göstərilib. Qanunvericilikdə hansı şərtlər daxilində, hansı şəxslərə lisenziya verilə bilər yazılıb. Lisenziyasız heç kim bu fəaliyyətlə məşğul ola bilməz. Təlimçilərin psixologiyası, sağlamlığı lisenziya verən qurumlar tərəfindən yoxlanılmalıdır”.

Beləliklə, gəlin sürücülük təlimçisi seçərkən diqqətli olaq. Qiymətlərə, endirimlərə aldanıb həyatımızı işbilməzlərin əlinə verməyək. Çünki maşın sürməyi düzgün öyrənə bilməsən, sabah həm özünün, həm başqalarının həyatına təhlükə yarada bilərsən.

Zərif Salmanlı
 

 

banner

Oxşar Xəbərlər