• çərşənbə, 25 Dekabr, 19:08
  • Baku Bakı 9°C

Yenidən “köhnə sistem”ə qayıtdıq - PROBLEM

11.03.23 03:00 17893
Yenidən “köhnə sistem”ə qayıtdıq - PROBLEM

Artıq bir müddətdir, paytaxtın bəzi ərazilərində içməli su qrafiklə verilir. Rəsmi qurumlar bunu mənbələrdə suyun azalması ilə əsaslandırır. Mütəxəssislər isə çıxış yolu olaraq su təminatı sistemində innovativ yanaşmaların tətbiqini zəruri hesab edirlər. 

Azərbaycanda su qıtlığı ilə bağlı həyəcan təbili çalınır. Artıq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Bakıətrafı ərazilərə suyu qrafiklə verir.

Qeyd edək ki, bir neçə il əvvəl əsas hədəflərdən biri Bakının fasiləsiz su təminatı ilə bağlı maksimum nəticə əldə etmək idi. 8 il öncə Bakının 60, 2021-ci ildə isə 80 faizi fasiləsiz su ilə təmin edilirdi. Hətta yaxın illərdə bu göstəricinin 100 faizə çatacağı proqnozlaşdırılırdı. Fasiləsiz su təminatı ilə bağlı paytaxtda yaşayış binalarının damlarında sakinlərə məxsus su çənləri də yığışdırılmışdı.  

Çox yox, 2 il sonra yenidən Bakı və Bakıətrafı ərazilərə suyun qrafiklə verilməsinin səbəbi nədir? Su problemi nə qədər davam edəcək? Bizi nə gözləyir?

Ənənəvi mənbələrdə su azalıb

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyir ki, qurum, su az olduğu üçün Su Komissiyasının qərarına əsasən, bəzi ərazilərdə qrafik rejimlər tətbiq etməyə məcbur qalıb: “Abşeron yarımadasının mənbələrindən götürdüyümüz suyu ötən ilin eyni günü ilə müqayisədə təxminən saniyədə 1 kubmetr azaltmışıq. Azalma nəticəsində bəzi ərazilərdə su tənzimlənir, qrafiklə verilir. Bunun səbəbi isə Taxtakörpü su anbarında, Samur çayında suyun azalmasıdır”.

Bizi nə gözləyir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyir ki, son illərdə Kürün hövzəsinə düşən yağıntının azalması nəticəsində su problemi müşahidə edilir. Onun sözlərinə görə, son 10 ildə bu azalma özünü daha çox büruzə verir: “Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə 5 istiqamətdə ekspedisiya təşkil edilib. Dağlıq ərazilərdə qar ehtiyatları müəyyən ediləcək. Eyni zamanda “Azərkosmos”dan peyk təsvirlərini də əldə edib ümumi təhlillər aparacağıq. Martın sonunda qarşıdakı dövrdə sululuq səviyyəsi ilə bağlı proqnoz veriləcək”.

Vətəndaş məsuliyyəti də olmalıdır

Nazirlik rəsmisi vurğulayır ki, su qıtlığı ilə mübarizədə istifadəçilərin də üzərinə məsuliyyət düşür: “Hər kəs sudan səmərəli istifadə etməlidir. Hər hansı bir yerdə su axarkən buna biganə qalmamalı, hər birimiz bunun qarşısını almağa çalışmalıyıq. Vətəndaş məsuliyyəti olmalıdır”. 

Kürün suyu quruyur

Ekoloq Rövşən Abbasov su çatışmazlığının kökündə bir neçə amilin dayandığını deyir. Buraya həm təbii, insan amilləri, həm də idarəetmə amilləri daxildir: “Ölkənin 70 faizdən çox su ehtiyatları Kür və Araz çayları hesabına formalaşır. Bu çaylar xarici ölkələrin ərazisindən Azərbaycana gəlir. Türkiyədə, Gürcüstanda, Ermənistanda çoxlu su bəndləri tikilir. Azərbaycan ərazisinə gələn çaylar su bəndləri vasitəsilə saxlanılır və öz ərazilərində istifadə olunur. Bundan əlavə, iri şirkətlərə məxsus minlərlə hektar ərazi bu çaylar vasitəsi ilə sulanır. Nəticədə Kürün suyu qurumaq həddindədir”.

Mənbələrdən götürülən suyun 40-50 faizi itkiyə gedir

Mütəxəssis deyir ki, problemin həlli üçün ilk növbədə Kürdə suyun azalmasının qarşısı alınmalıdır: “Kürdən su götürülməsinin səviyyəsi azaldılmalıdır. Digər mənbələr daha effektiv istifadə olunmalıdır. Bizim mənbələrdən götürdüyümüz suyun 40-50 faizi itkiyə gedir. Bu göstəricinin azaldılmasına nail olmalıyıq. İtkilər əsasən kənd təsərrüfatında baş verir. Köhnə suvarma metodlarından hələ də istifadə edilir. Torpaq kanallar beton və boru kanallarla əvəzlənməlidir. Bundan əlavə, Kürdən götürülən suyu azaltmaqla bağlı Azərbaycan qonşu ölkələrlə razılığa getməlidir. Bu razılaşmalar üçün hökumət hərəkətə keçib. Tədricən müəyyən həllərə nail olunacaq”.

Niyə yeni üsullardan istifadə edilmir?

Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Aqşin Kərimov isə içməli su probleminin həllini yağış sularından istifadədə görür. Mütəxəssis deyir ki, Bakı ərazisində su xətləri, borular təmirsiz, baxımsızdır: “İstanbulda yağış sularından istifadə olunur, lakin bu üsul Azərbaycanda tətbiq edilmir. Bundan əlavə, Bakıda yeni binalar tikilir. Müasir mühəndislik təklifi ilə yeni binalarda məişətdə yağış sularından istifadə etmək olar. Bizdə isə hər yerdə içməli su sərf edilir. Təsəvvür edin, “moykalar”da nə qədər içməli su israf olunur. Bu istifadəyə su dayanmaz. Bundan əlavə, gəlin baxaq, bizim su boruları nə vəziyyətdədir? Əgər bu borular təzə olsa, su itkisi çox azalar”.  

Sutəmizləmə məntəqələrimiz lazımı səviyyədə istifadə olunmur

Mütəxəssis deyir ki, çirkli suların təmizlənərək suvarmada, sənaye müəssisələrində istifadə olunması Azərbaycanda da var, lakin istənilən səviyyədə deyil: “Taxtakörpü su anbarında suyun səviyyəsinin qaldırılması ilə bağlı fikirlər səsləndirilir. Qaldırılsa da, bu, müəyyən müddət olacaq. Yenə həmin problemlə qarşılaşacağıq. Ən müasir sutəmizləmə məntəqələrimiz var, amma lazımı səviyyədə istifadə olunmur. Yollarda su xətlərinin “partlaması” ilə çox rastlaşırıq. Verilən suyun 40 faizi itkiyə gedir. Həll yolu respublikada yağış sularından istifadə etmək və su borularını yeniləməkdir”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər