• çərşənbə, 25 Dekabr, 19:21
  • Baku Bakı 9°C

Paytaxt sakinlərini gözləyən təhlükə - PROBLEM

27.05.23 03:00 18930
Paytaxt sakinlərini gözləyən təhlükə - PROBLEM

Bakıda bəzi binalardan aqlay üzlüklərin qoparaq vətəndaşların və avtomobillərin üzərinə düşməsinin, xəsarət və maddi ziyan vurmasının zamanla şahidi oluruq. Bu məsələ hələ də aktualdır. Lakin problem həll olunmamış qalır.

Bakı şəhərinin əksər ünvanlarında çoxmərtəbəli binaların fasadına, eyvanların kandarına vurulan daş üzlüklər, aqlay tikinti materialları insanlar üçün əsl təhlükə mənbəyinə çevrilib. Bəzi binalarda aqlaylar keyfiyyətsiz vurulduğu üçün qoparaq yerə tökülür. Bu zaman həmin ərazidə hərəkətdə olan vətəndaşların, nəqliyyat vasitələrinin zərər görməsi, hər hansı xoşagəlməz hadisənin yaşanması qaçılmazdır. Bəs bu vəziyyətə görə kimlər günahkardır? Ümumiyyətlə, tarixi memarlıq abidəsi sayılan binaların fasadına daş üzlüklərin, aqlayın vurulması düzgündürmü?    

“Onların hamısı dövlət tərəfindən təmir olunmalıdır”

Memar, professor Elçin Əliyev “Kaspi” qəzetinə bildirib ki, hər 5-10 ildən bir tarixi binalarda monitorinq keçirilməli, zərurət varsa kiçik təmir işləri aparılmalıdır. Uzun müddət belə halların müşahidə edilmədiyini diqqətə çatdıran memarın sözlərinə görə, yalnız son illərdə Bakı şəhərinin mərkəzində bu istiqamətdə layihələr icra olunmağa başlanılıb: “Biz görürük ki, tarixi binalarda kiçik təmir işləri aparılır, fasadları təmizlənir və sair. Amma 100-150 il bundan öncə tikilmiş binalara sovetlər birliyi dövründə, 70 ilə yaxın müddətdə hər hansı qulluq edilməyib. Buna görə həmin binaların fasadları, orada istifadə olunan materiallar yararsız vəziyyətə düşüb. Onların hamısı dövlət tərəfindən təmir olunmalıdır. Bu, böyük bir işdir. İkinci mühüm məsələ və problem XIX əsrin, 1920-ci illərin, Stalin dövrünün memarlıq abidələrinin yenidən daşlarla üzlənməsidir. Bu, qətiyyən düzgün deyil. Memarlıq abidəsinin fasadını dəyişmək olmaz. Paytaxtın Şeyx Şamil küçəsində XIX əsrə aid 2-3 mərtəbəli çox gözəl binalar var idi. 10 il öncə o binaların fasadını çox kobud şəkildə daşla yenidən üzləyiblər. Vaqif prospektində Stalin dövrünə aid çox gözəl memarlıq nümunəsini də eyni qaydada üzləyiblər. İstiqlaliyyət prospektində şəhər meriyası ilə üzbəüz Müqəddəs Nina Məktəbinin binası. Memarlıq nümunələrinə bu cür münasibət yolverilməzdir”.

“Halbuki bütün bu cinayətlər göz qabağındadır”

Professor təəssüflə vurğulayıb ki, tarixi-memarlıq nümunəsi olan binalara qarşı cinayət əməlinə yol verənlərdən kimsə indiyə qədər məsuliyyətə cəlb olunmayıb: “10-15 il bundan öncə bu işləri kobud və keyfiyyətsiz şəkildə, tələsik, elə həyata keçiriblər ki, binaların fasadına vurulan həmin o daşlar indi camaatın başına tökülür. Bir neçə ay öncə Akademik Zərifə Əliyeva və Bülbül prospektlərinin kəsişməsindəki XIX əsrə aid 3-4 mərtəbəli yaşayış binasının fasadından qopan isti aqlay daş, yaxud onu əvəz edən material, betonla bərkidilmiş bir hissə eyvandan qopub hərəkətdə olan insanın belinə düşdü, onun sağlamlığına çox ciddi ziyan vurdu. Bu, fasada inşaat materialını keyfiyyətsiz, səliqəsiz, kobud şəkildə vuranın günahıdır,  məsuliyyətidir. Belə hallar Bakıda birinci dəfə deyil yaşanır. Təəssüf doğuran digər hal budur ki, yaşanan belə xoşagəlməz hadisələrə görə indiyə qədər heç kim məsuliyyətə cəlb olunmayıb. Halbuki cinayət göz qabağındadır. Bu yanaşma aradan qaldırılmasa, gələcəkdə də oxşar problemləri yaşayacağıq”.  

“Ziyanın kim tərəfindən vurulduğu müəyyən olunmalıdır”

Vəkil Rəşad Əliyev mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, əgər binanın fasadından, eyvanın kandarından hər hansı inşaat materialı qopub vətəndaşa xəsarət yetirərsə, yaxud nəqliyyat vasitəsinin üstünə düşüb şəxsi əmlaka ziyan vurarsa, ilkin olaraq baş vermiş hadisədə kimin günahkar olması ilə bağlı araşdırma aparılmalıdır. Vəkilin sözlərinə görə, həmin araşdırma nəticəsində dəymiş zərərin, maddi ziyanın kim tərəfindən vurulduğu müəyyən olunmalıdır: “Bundan sonra həmin fiziki və ya hüquqi şəxs baş vermiş hadisəyə görə məsuliyyət daşıyır. Misal üçün, aqlay hansısa avtomobilin üzərinə düşüb onu zədələyirsə, maddi ziyan vurursa, Mülki Məcəlləyə görə bu halda mülki hüquq pozuntusu yaranır. Bunun nəticəsində ziyan vurmaqda təqsirli bilinən tərəf məsuliyyət daşıyır. Zərərçəkənə birbaşa ziyan və zərər vurulması əməlinə, hərəkətinə görə qanun çərçivəsində tədbir görülür. Yəni, aydın olsa ki, binada fasad işi görən hüquqi, fiziki şəxs aqlayı norma və standartlara uyğun vurmayıb, bu halda işi görən məsuliyyət daşıyacaq. Yox, əgər mənzil sahibinin özü tərəfindən təmir işləri aparılıbsa, fasada və balkona aqlay vurulubsa, belə olan halda baş vermiş xoşagəlməz hadisəyə görə mənzil sahibi məsuliyyət daşıyır”.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də mövqeyini öyrənmək istədik. Lakin hər iki quruma sual ünvanlasaq da cavab ala bilmədik.

Rufik İSMAYILOV

 

banner

Oxşar Xəbərlər