Təhsildə sosial-psixoloji xidmətin əsaslı şəkildə qurulması

"Məktəb psixoloqlarının yenidən hazırlanması
məsələsinə, eləcə də müəllim hazırlığı ixtisaslarında tədris edilən psixologiya
dərsliklərinə, proqramlarına yenidən baxılmalıdır” Bunu Milli Məclisin Elm və
təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə,
uşaqların psixologiyasının öyrənilməsi və pedaqoji fəaliyyətdə bu məsələnin
diqqət mərkəzində saxlanılması həyati zərurətə çevrilib: "Müasir informasiya
cəmiyyətinin yaranması qloballaşmanı o qədər sürətləndirib ki, mənlik şüuru
yenicə formalaşan məktəbəqədər yaşlı uşaq ciddi psixoloji travmalara məruz
qalır. Bu gün hər iki uşaqdan birində ya planşet, guya da smartfon var. Onlar
hansı informasiyanı alırlar? Müəllim və valideynlərinin, yoxsa virtual dünyanın
və oradakı yeni infoqrupların təsiri altında daha çox olurlar? Ona görə də
uşaqların psixologiyasının öyrənilməsi və pedaqoji fəaliyyətdə bu məsələnin
diqqət mərkəzində saxlanılması vacibdir”.
Deputat
hesab edir ki, istər tələbələrin, istərsə də orta məktəb şagirdlərinin
fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması, onların yeni təlim mühitinə
və gələcək həyat fəaliyyətinə adaptasiyası, yaradıcılıq potensiallarının aşkar
edilməsi və gerçəkləşdirilməsi, sağlam sosial-psixoloji iqlimin yaradılması,
pedaqoji qabiliyyətlərin inkişaf etdirilməsi, xüsusi istedadlıların inkişafı
təhsildə sosial-psixoloji xidmətin yenidən və əsaslı şəkildə qurulmasını tələb
edir. Bu fəaliyyət sahəsinin hüquqi-metodiki bazası möhkəmləndirilməli, nəzarət
gücləndirilməlidir.
Təhsil eksperti Nadir İsrafilovsöylədi ki, bu gün bir çox ali məktəblərdə psixologiya dərsləri tədris olunur.
Bu mənada kadr çatışmazlığı kimi bir problem olmayacaq: "90-cı illərdə bütün
sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar yarandı. Məktəbdə
peşəkar psixoloqlar yox dərəcəsində idi. Buna görə də ayrı-ayrı fənn
müəllimlərini müvafiq kurslara göndərərək, psixoloq kimi fəaliyyət göstərməsinə
şərait yaratdılar. İndi ayrı-ayrı universitetlərdə psixologiya ixtisası tədris
edilir. Bu mənada kadr çatışmazlığı ciddi problem deyil. Uzun illər ərzində bu
məsələ haqqında müxtəlif müzakirələr aparıldı. Məktəbdəki psixoloqların əmək
haqlarının aşağı olması, psixoloji xidmətin zəif olması kimi məsələlər
zaman-zaman gündəmə gəlir. İndi təhsil haqqında qanuna bu məqam əlavə olunub və
müvafiq qaydalar hazırlanır. Məktəblərdə psixoloq ştatı cəmi bir yerdir.
Məktəbdəki şagirdlərin sayından asılı olmayaraq, bütün məktəblərdə bir psixoloq
olur. Amma psixoloq hər bir uşağa fərdi yanaşmalıdır. Böyük məktəblərdə isə bu,
bir qədər çətindir. 36 min şagirdin oxuduğu məktəbdə psixoloq fəaliyyətinin
hansı keyfiyyətindən danışmaq olar? Psixoloq təkcə şagirdlərlə deyil, eyni
zamanda valideynlər və müəllimlərlə işləməlidir. Ona görə də, bu sahədə yeni
yanaşmalara ehtiyac var. İstənilən halda məsələnin gündəmə gəlməsi yaxşı
haldır. Hesab edirəm ki, bu məsələyə yenidən baxılması, məktəbdə psixoloji işin
təşkilinin daha yaxşı qurulmasına müsbət təsir edə bilər”.
Təhsil eksperti Kamran Əsədov qeyd
etdi ki, bu gün məktəblərdə psixoloq ştatı olsa da, psixoloqlar öz işlərini
görmürlər. Uşaq və yeniyetmələr arasında artan psixoloji problemlər də bunu
sübut edir: "Orta məktəblərdə çalışan psixoloqlar öz işlərini bilmirlər. Psixoloqlar
əksər məktəblərdə öz işləri ilə deyil, kənar işlərlə məşğul olurlar. Bir çox
məktəblərdə psixoloqlar kağız aparıb-gətirir, məktubların qeydiyyatını
aparırlar və s. Halbuki müasir dövrdə psixoloq ştatı məktəblərdə ən vacib
ştatlardan biridir. Onun vəzifəsi də mühümdür. Bizim məktəblərdə psixoloqlara
ehtiyac var. Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji
problemlər həllini tapmadığından, aşağı siniflərdən tutmuş yuxarı siniflərə
qədər, uşaqlar arasında intiharlar artır. Bu, uşaqların həyata hazır olmaması,
çətin məqamlarda çıxış yolu tapa bilməməsi üzündən baş verir. Şagirdlərdə
depressiya müşahidə olunur. Bu problemlərin əsas səbəbi bizim məktəblərdə
psixoloqların işinin bu günün tələblərinə cavab verməməsidir. Məktəb
psixoloqlarının fəaliyyətində problemlər var. Ola bilsin ki, aldıqları təhsilin
səviyyəsi onlara bu işi görməyə imkan vermir və ya onlar işlədikləri
kollektivdə özlərini tapa bilmirlər. Məncə, məktəb psixoloqlarının funksiyaları
aydın şəkildə işlənilməlidir. Hesab edirəm ki, əgər ali təhsil müəssisəsində
çalışan müəllim köhnə ədəbiyyatlarda olan və sırf nəzəriyyəyə əsaslanan
məlumatları tələbələrinə çatdırmaqdan başqa iş görə bilmirsə, demək, bu tip ali
məktəblər dövrün və zamanın, o cümlədən, əmək bazarının tələblərinə uyğun
mütəxəssis hazırlaya bilməyəcək”.
Ekspert
bildirdi ki, problemin kökündən və sistemli şəkildə həlli üçün ilk növbədə
psixologiya ixtisası mövcud olan ali təhsil müəssisələrində çalışan müəllim
heyətinə psixologiya elminin müasir dövrdə tələbləri və yeniliklər barədə
məlumatlı olmaları üçün mütəmadi olaraq təlim kursları, treninq və seminarlar
təşkil olunmalıdır: "Əgər ali təhsil müəssisəsində çalışan müəllim, köhnə
ədəbiyyatlarda olan və sırf nəzəriyyəyə əsaslanan məlumatları tələbələrinə
çatdırmaqdan başqa iş görə bilmirsə, demək, bu tip ali məktəblər dövrün və
zamanın, o cümlədən, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlaya
bilməyəcək. Ali məktəblərdə psixologiya elminin qanunauyğunları və günümüzün
tələblərinə cavab verə biləcək tədrisin təşkili üçün ciddi addımlar
atılmalıdır. Bu işin təşkili məktəb psixoloqlarının və sosial işçilərinin
yetişməsində çox böyük təsir gücünə malikdir. Belə olan halda, məktəbə gələn
psixoloq peşəkar kompetensiyaya malik olacaq və işini dövrün tələblərinə uyğun
şəkildə qura biləcək. Təhsil qanununda olan bu dəyişikliyi müsbət addım kimi
qiymətləndirmək olar. Lakin problemi sistemli və kökündən həll edə biləcəyini
düşünmürəm. Çətin və uzun müddətli olmasına baxmayaraq, problemin sistemli
həlli işini ali məktəblərdən başlamağı daha optimal və effektiv həll yolu kimi
görürəm. Bu gün qanuna edilən dəyişikliklər və əlavələr öz nəticəsini bir neçə
ildən sonra göstərə biləcək. Bundan başqa, məktəb psixoloqlarının hansı
tələblərə cavab verməsi müəyyənləşdirilməlidir. Bu tələblərdən irəli gələrək,
məktəb psixoloqlarının işini düzgün istiqamətləndirən proqram işlənilməli,
hazırlanmalıdır Təklif edirəm ki, məktəbdə psixologiya fənni keçirilsin. Hər
yaşa uyğun psixologiya dərslikləri olsun. İbtidai siniflər üçün də. Onsuz da
psixoloqlar ibtidai siniflərlə də iş aparırlar”.
Şəbnəm Mehdizadə
