AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Təcavüzkar siyasət olduqca ziddiyyətlidir və Ermənistan üçün böyük təhlükə mənbəyidir

Təcavüzkar siyasət olduqca ziddiyyətlidir və Ermənistan üçün böyük təhlükə mənbəyidir

Siyasət
13 İyul 2020, 14:07 183
Təcavüzkar siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir.

Bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq.

Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.

Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq".