• şənbə, 20 Aprel, 00:19
  • Baku Bakı 15°C

Təbii resursları ən çox olan ikinci rayon

04.12.20 11:09 958
Təbii resursları ən çox olan ikinci rayon
Mütəxəssislər deyirlər ki, Kəlbəcər rayonunun işğaldan azad olunması ölkə iqtisadiyyatının mədənçıxarma, turizm, kənd təsərrüfatı kimi aparıcı sahələrinin inkişafına səbəb olacaq
Ərazisinə görə Azərbaycanın ən böyük rayonu Kəlbəcər 27 illik həsrətdən sonra bizimdir. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk etdiyi ərazilərdən olan Kəlbəcər rayonu Kəlbəcər-Laçın iqtisadi rayonuna daxildir.
Kəlbəcərin hansı sosial-iqtisadi imkanları var? Min bir sərvətli Kəlbəcər Azərbaycan iqtisadiyyatına hansı töhfələri verəcək? Kəlbəcər rayonu ərazisində qızıl yataqları, 200 tondan çox olan civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı var. Sənaye ehtiyatları dövlət balansında qeydə alınan civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağının ehtiyatları istismar nəticəsində tükənib.
Milli Məclisin deputatı Vüqar Bayramlı deyir ki, sahəsi 3050 kv.km olan Kəlbəcər rayonu böyük iqtisadi potensiala malikdir. İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi: "Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla, bir sıra faydalı ehtiyatlara malik yataqları var. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Kəlbəcər rayonunda cəmi 55 milyon 762 min manatlıq məhsul istehsal olunub. 27 illik Ermənistan işğalı rayonun potensialından istifadə olunmasına imkan verməyib. İşğal nəticəsində 13 minədək fərdi mənzil, minlərlə inzibati və sosial tikililər, 37.852 ha meşə sahəsi işğalçı Ermənistan tərəfindən məhv edilib dağıdılıb”.
Deputatın sözlərinə görə, ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır: "Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur. Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən barbarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarla ziyan dəyib. Ermənistanın, bu rayonumuza da vurduğu ziyana görə təzminatın tələb edilməsi üçün məbləğinin dəqiq qiymətləndirilməsi aparılacaq. Bütövlükdə isə Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Həyat və gülüş yenidən Kəlbəcərə qayıdır!”.
İqtisadçı ekspert Qadir Bayramlı deyir ki, Kəlbəcər neft Bakısından sonra ən çox təbii resursları olan ikinci rayondur: "Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) yerləşir. Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamışdağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogen dövrlərinin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılıb. Rayonun turizm potensialı üçün daha bir faktor - Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Yəni turistləri təkcə yayda yox, ilboyu qəbul etmək imkanları var. Kəlbəcərin iqlimi belədir: Ərazinin yüksək keçən soyuq və dağ tundura iqlimi üstünlük təşkil edir. Yanvarın orta temperaturu −3 °C -dən −10 °C-yə qədər, iyulda 5 °C-dən 20 °C -yə qədərdir. İl ərzində 700-900 mm yağıntı düşür. Tərtər ölkənin ən böyük çaylarından biridir. Onun yuxarı axarı və qolları (Levçay, Tutqunçay), Bazarçay Xaçınçay rayon ərazisindən başlayır. Böyük və Kiçik Alagöllər, Zalxagöl və Sərsəng su anbarı rayon ərazisindədir. Bütün bunlar o deməkdir ki, Kəlbəcər turizm, xüsusilə də qış turizmi üçün ən münasib ərazilərdən biri və birincisidir. İşğaldan qabaq da Kəlbəcər turizm zonası olub. Kəlbəcərin "İstisu” sanatoriyası hələ sovet dövründə SSRİ-də məşhur idi və ora bütün respublikalardan adamlar dincəlməyə gəlirdi. İnfrastrukturun bərpasından sonra ilk növbədə həmin sanatoriya modern şəkildə bərpa olunmalıdır ki, xarici turistləri qəbul edə bilsin”.
Ekspert vurğulayır ki, Kəlbəcərdə böyük kənd təsərrüfatı potensialı var: "Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə bağlı çıxışında bildirib ki, Kəlbəcərdə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq inkişaf edəcək. Təbii ki, ərazi baxımından ölkənin ən iri rayonun böyük otlaq sahələri var və heyvandarlığı inkişaf etdirməklə ölkənin ərzaq təhlükəsizliyini tam təmin etmək mümkün olacaq. Bundan əlavə, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqlar var. Ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı var”. Kəlbəcər rayonunun işğaldan azad olunması ölkə iqtisadiyyatının mədənçıxarma, turizm, kənd təsərrüfatı kimi aparıcı sahələrinin daha da inkişafına səbəb olacaq.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər