Teatrımızda ilk azərbaycanlı qadın tamaşaçı kim olub?
12.07.17 11:33
10010
Azərbaycan kinosunun səssiz dövründə
milli qadın aktrisalarının filmlərə çəkilişi müşkül məsələ idi. Əgər
rejissorlar xarici görkəm baxımından kişi rollarına qeyri-peşəkar aktyorları dəvət
edə bilirdilərsə, aktrisa sarıdan bu işi görmək mümkün deyildi. Çünki o dövrdə
nəinki, kinoda, hətta teatr səhnəsində belə azərbaycanlı qadın aktrisalar çıxış
etmirdilər. Sadəcə olaraq, qadınların səhnəyə çıxması camaatın müəyyən təbəqəsi
tərəfindən şəriətlə bağlı qadağan edilmişdi. Əgər qadınlardan kimsə belə bir
addım atmış olsaydı, daş-qalaq edilərdi.
Onu
fərəhlə qarşıladılar
Sənətşünas İ.Kərimov "Ədəbiyyat və
incəsənət” qəzetində dərc etdirdiyi "Səhnəyə aktrisa gərək idi...” məqaləsində
yazmışdır: "1900-cü ildən başlayaraq, Azərbaycan qadınlarını teatr tamaşalarına
cəlb etmək məqsədi ilə bir sıra təşəbbüslər göstərilmişdi. Teatrın arxa lojalarını qara cuna ilə bağlamaqla, qadınlar üçün örtülü
lojalar hazırlamışdılar. Təəssüf ki, bunlar da nəticəsiz qalmışdı... 1905-ci
ildə "Nadir şah” tamaşasına Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin arvadı
Sona xanım baxmışdı. İlk azərbaycanlı qadın tamaşaçısını, teatr truppasının
üzvləri, ümumiyyətlə, bütün mütərəqqi fikirli ziyalılar fərəhlə qarşıladılar.
Heyf ki, bu sevinc hissi uzun sürmədi...”
Əgər tamaşaya baxmaq üçün qadınlar
teatra gəlmirdilərsə, azərbaycanlı qadınların səhnəyə çıxmalarından söhbət belə
gedə bilməzdi. Ona görə də milli aktrisalarımızın yoxluğu dövründə Azərbaycan səhnəsində
və kinosunda qadın rollarını başqa millətlərdən olan aktrisalar ifa edirdilər.
Bunun da müsbət və mənfi tərəfləri olurdu.
Böyük dramaturq C.Cabbarlı teatrda
qadın problemi ilə bağlı yazmışdır: "Aktrisalar seçilmək, arzu, istedad üzrə
deyil, dil bilmələri üzrə səhnəyə çıxırdılar. Odur ki, türk səhnəsinə çıxan ilk
aktrisalar erməni, rus, yəhudi qadınlarından ibarət idi.”
Teatr və kino tarixindən bizə yaxşı
məlumdur ki, nəinki qadınlar, hətta kişilər – xalqımızın mütərəqqi fikirli sənətkarları
insanların maariflənməsinə çalışdıqlarına görə, təhqirlərə məruz qalırdılar. Nəinki
qoçular və fırıldaqçı mollalar, hətta çar məmurları da sənətkarları təqib edir,
onları fəaliyyət göstərməyə qoymurdular. Buna görə də bəzi kişilər, avam
camaatın gözündən düşməmək üçün şəraitlə hesablaşır, bu vacib işdən yaxalarını
kənara çəkirdilər.
Görkəmli ədib C.Məmmədquluzadə bu
ağır vəziyyəti görüb yazırdı: "Təəccüblü işdir ki, hələ indiyə kimi eləyə
bilmirik ki, teatr işində özgə millətlərə möhtac olmayaq. Hələ müsəlman
xanımlarının səhnəyə çıxması qalsın kənarda...Allahın kişiləri də teatrdan
qaçırlar, oynamaqdan qaçırlar.”
Mirzə Cəlilin ürək ağrısı ilə
yazdığı bu sətirlərdə böyük bir həqiqət vardır. Rejissor H.Seyidzadənin çəkdiyi
"Dəli Kür” filmində rus Əhmədlə Çernyayevskinin kənd uşaqlarını Qori
seminariyasına oxumağa göndərmək barədə məsciddə kəndlilərlə söhbətini
tamaşaçılar yəqin ki, xatırlayırlar. Başqa bir misal, rejissor Anarın "Üzeyir
ömrü” bədii televiziya filmindəki gənc çayçını göstərmək kifayətdir. Həmin
çayçı oğlan "Leyli və Məcnun” operasında Leyli rolunda çıxış etməyə razılıq
verir. Lakin ilk çıxışdan sonra səhnəyə çıxmaqdan imtina edir. Onun yerini
Üzeyir bəyin qohumu aktyor Əhməd Ağdamski tutur və bütün tamaşalarda qadın
rollarının mahir ifaçısı kimi tanınır. Hətta o, 1916-cı ildə rejissor
B.Svetlovun Bakıda "Filma” Səhmdar Cəmiyyətində çəkdiyi "Arşın mal alan”
filmində (I var.) Gülçöhrə rolunda çıxış edir. Asya və Telli rollarını
Aleksandra və Yevgeniya Olenskaya bacıları, Cahan xala rolunu Yunis Nərimanov
ifa edirlər.
Yalnız keçən əsrin XX illərinin
sonundan ilk milli kinoaktrisalar ekranda görünməyə başladı. Beləliklə, 1928-ci
ildə rejissor A.M.Şərifzadənin lentə aldığı "Hacı Qara” kinokomediyasında Heydərin
anası Tükəz rolunda Mərziyə Davudova, Sonanın anası rolunda isə Əzizə Məmmədova
çəkilmişlər.
Bakıda bundan bir il əvvəl istehsal
olunmuş "Neft və milyonlar səltənətində” iki seriyalı bədii filmində baş
rollardan birinin obrazını tragik aktyor Hüseyn Ərəblinski (Lütfəli bəy)
yaratmışdır. İnsan
yerindən qalxıb "yaşa, Azərbaycan qızı!” deyərək, bağırmaq istəyirdi
SSRİ xalq artisti, SSRİ Dövlət
mükafatı laureatı Mərziyə Davudova Azərbaycan teatrının və kinosunun ən
populyar sənətkarlarından biri olmuşlar. O, 1901-ci ildə Həştərxanda dünyaya
göz açmış, ilk təhsilini burada almış, səhnə fəaliyyətinə 1917-ci ildə dram dərnəyində
başlamışdır. 1920-ci ildə Mərziyə xanım Bakıya köçmüş, Akademik Milli Dram
Teatrında yaradıcılıq fəaliyyətini davam etdirmişdir.
Mərziyə xanım teatr səhnəsində
bir-birindən maraqlı obrazlar yaratmaqla yanaşı, 1928-ci ildə filmlərə çəkilmiş,
kino aktrisası kimi də məşhurlaşmışdır. Kinoda əsasən müxtəlif xarakterli ana
rollarında çıxış etmişdir: "Hacı Qara” (1928), "Bir ailə” (1943), "Bakının
işıqları” (1950), "Bəxtiyar” (1955), "Bir məhəllədən iki nəfər” (1957), "Əsl
dost” (1959) filmlərində ana, "Koroğlu”da (1960) dayə və s.
M.Davudova ömrünün son günlərinə
kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik etmişdir. O, 1962-ci ildə Bakıda vəfat
etmişdir.
Azərbaycanın əməkdar artisti Əzizə
Məmmədova 1892-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olmuşdur. O,
ilk təhsilini atasından, məşhur xanəndə Əbdülbağı Zülalovdan almış, Bakıya köçəndən
sonra Əli Bayramov klubunun fəal üzvlərindən biri olmuşdur. Qızı Sona xanımla
birgə dram dərnəyinin hazırladığı tamaşalarda iştirak etmişdir.
1920-ci ilin oktyabr ayında klubda
ilk tamaşa göstərilir. Həmin tarixdə C.Cabbarlı "Kommunist” qəzetində dram dərnəyinin
"Hicranlar” və "Axşam səbri xeyir olar” tamaşaları haqqında məqalə dərc
etdirir. Məqalədə deyilir: "Axşam səbri xeyir olar” tamaşasında Gülcamal və
Çimnaz rollarını uğurla ifa etmişlər. Bu çıxışlar Əzizə xanımla qızı Sonanın
uğurlu işləri olmaqla bərabər, həm də teatr tarixində debütləri idi.”
C.Cabbarlı məqaləsində yazmışdı: "Məşədi
Şabanın... arvadı rolunu ifa edən xanım gözəl oynadı. Bu xanım öz hərəkət və
davranışı ilə səhnəmizdə birinci olaraq bu vəqtə qədər müqtədir aktrisalar tərəfindən
yaradılmayan canlı-təbii bir Şərq qadını yaradıb göstərə bildi....
... Hacı Şabanın qızı, xüsusən
oxuması və oxuyarkən aldığı vəziyyətlə sadə ürəkli bir azərbaycanlı türk
qızının öz evlərində oxuduğunu andırıyordı. Bu o qədər təbii, o qədər gözəl idi
ki, insan yerindən qalxıb "yaşa, Azərbaycan qızı!” deyərək, bağırmaq istəyirdi”.
Bu məqalə bir daha sübut edir ki,
ana və bala sənət aləminə gəldikləri ilk gündən uğurlar qazanmışlar.
Əzizə xanım əvvəllər Bakı Azad Tənqid-Təbliğ
teatrında, Bakı Türk İşçi Teatrında, 1933-cü ildən ömrünün sonuna kimi Azərbaycan
Akademik Milli Dram Teatrında fəaliyyət göstərmişdir.
İstedadlı aktrisa filmlərdə də çəkilmişdir.
O, kinoda və teatrda milli koloritli Azərbaycan qadın rollarının ən yaxşı
ifaçısı kimi şöhrət qazanmışdır. Əzizə xanım 1934-cü ildə "İsmət” filmində Səmədin
anası, hökmlü və hikkəli qaynana obrazını ustalıqla yaratmışdır. Bundan başqa,
Əzizə xanım 1936-cı ildə istehsal olunmuş "Almaz” filmində Almazın himayədarı,
onun yeni fikirlərini həyata keçirməyə çalışan, yeni həyat quruculuğunun fəal
iştirakçısı, kəndli qadın Telli, 1940-cı ildə yaradılmış "Yeni horizont”
filmində Fatma, 1942-ci ildə çəkilmiş "Vətən oğlu” filmində qəhrəmanın anası,
1955-ci ildə lentə alınmış "Görüş” kinokomediyasında Kamilin anası, 1958-ci
ilin istehsalı olan "Ögey ana” filmində Solmaz və digər filmlərdə irili-xırdalı
müxtəlif xarakterli rollar oynamışdır. Əzizə xanımın qızı Sona Hacıyeva 1907-ci
ildə Şəki şəhərində doğulmuşdur. Atasını çox erkən itirdiyindən, o, babasının
yanında böyümüşdür. Anası Əzizə xanım çox gözəl qarmon çalırdı, babası isə
tanınmış xanəndə idi. Belə bir ailədə tərbiyə olan balaca Sonanın incəsənətə
marağı olmaya bilməzdi.
Sonanın 12 yaşı olanda Əzizə xanım
qızını da götürüb Bakıya köçür. Sona burada təhsilini davam etdirir. 1920-ci
ildən həyatını səhnəyə bağlayan Sona xanım 200-ə qədər tamaşada oynamış, həm
dram, həm də opera səhnəsində Şahsənəm ("Aşıq Qərib”), Leyli ("Leyli və Məcnun”),
Əsli ("Əsli və Kərəm”), Asya ("Arşın mal alan”), Mariya Antonova ("Müfəttiş”),
Ofeliya ("Hamlet”), Dezdemona ("Otello”), Sona ("Hacı Qara”), Xumar ("Şeyx Sənan”),
Almaz ("Almaz”), Sevil və Gülüş ("Sevil”) kimi digər müxtəlif xarakterli
obrazlar yaratmışdır.
Vaxtilə böyük dramaturq C.Cabbarlı
"Səhnədə qadın” məqaləsində Sona xanım haqqında yazmışdır: "Azərbaycan
qadınlarının gənc kollektivi içərisindən irəli çəkilmiş bir qüvvətli fiqura da
aktrisa Sona xanımdır. Sona xanım öz anası Əzizə xanımla teatra cocuq ikən gəlmişdir...
Şuşa səhnəsi 10 il müddətində vücudca kiçik və zəif olan qızcığazdan böyük bir
aktrisa fiqurası yetişdirmişdir”.
S.Hacıyeva1949-cu ildə Azərbaycanın xalq
artisti fəxri adına layiq görülmüşdür.
Sona xanım C.Cabbarlı adına "Azərbaycanfilm”
kinostudiyasının istehsal etdiyi bir sıra bədii filmlərdə, o cümlədən "Bəxtiyar”
(Zəhra), "O olmasın, bu olsun” (epizod), "Qızmar günəş altında” (kolxozçu), "Səhər”
(epizod) kino əsərlərində çəkilmişdir. Xarici filmlərin Azərbaycan dilinə
dublyajında iştirak etmişdir. Azərbaycanın xalq artisti Sona Hacıyeva 1979-cu
ildə 72 yaşında vəfat etmişdir. Cabbarlının
kino üçün kəşf etdiyi aktrisa
Dramaturq C.Cabbarlının kino üçün kəşf
etdiyi İzzət Orucova onun iki filmində - "Sevil”də (1929) Sevil, "Almaz”da
(1936) Almaz rollarında çəkilmişdir. O, çəkildiyi filmlərdə Azərbaycan
qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olmuşdur. İ.Orucova o vaxtlar indiki Azərbaycan Dövlət
Neft və Sənaye Universitetinin tələbəsi idi. Həmin illərdə bu gənc qızın
qarşısında iki yol dururdu. Birincisi,
özünü elmə həsr etmək, ikincisi,
kinoaktrisa olmaq. O, birinci yolu seçdi, kimya üzrə görkəmli alim, elmlər
doktoru, akademik, professor oldu. Onu bütün dünya tanıdı. İ.Orucova 1909-cu
ildə Bakıda doğulmuş və 1983-cü ildə ildə 74 yaşında dünyasını dəyişmişdir.
Azərbaycan kinosunun ilk
kinoaktrisalarından biri də respublikanın xalq artisti, görkəmli opera müğənnisi
Həqiqət Rzayevdir. O, həm də Azərbaycan səhnəsində çıxış edən ilk azərbaycanlı
qadın müğənnilərdən biridir.
Həqiqət xanım 1908-ci ildə Lənkəranda
anadan olmuş, kiçik yaşlarından bu şəhərdə qız məktəbində oxumuşdur. 1923-cü
ildə ailəsi Bakıya köçdükdən sonra o, pedaqoji texnikumda təhsil alarkən,
musiqi ilə bağlı tamaşalarda çıxış etmişdir. Bunun nəticəsi olaraq, Həqiqət
xanım gələcək həyat yolunu Azərbaycan Dövlət Konservatoriyasından salmış, muğam
şöbəsində təhsilini davam etdirmiş, eyni zamanda Opera və Balet teatrının
solisti olmuşdur. O, opera səhnəsində
Leyli, Əsli, Şahsənəm, Sənəm, xanəndə qız, Yengə, Ərəbzəngi kimi rəngarəng
obrazlar yaratmışdır.
H.Rzayeva
kinoya 1930-cu ildə gəlmiş və həmin il "Lətif” filmində ögey ana rolunu ifa
etmişdir. Həqiqət xanım "Ögey ana” fimində (1958) Qəmər nənə obrazını
yaratmışdır. Maraqlıdır ki, "Lətif”də balaca uşağı öz ata evindən didərgin
salan ögey ana, "Ögey ana”da vəfat etmiş qızının yerinə gələn Dilarəni – ögey
ananı, günahı olmaya-olmaya daim danlayan nənədir. "İsmət” filmində (1934) isə
uşağı olmadığı üçün ərinin yenidən evlənməsinə dözməyib özünü yandıran gəlin
rolunu ifa edir. Aktrisa H.Rzayeva qul vəziyyətinə salınmış gəlinin keçirdiyi
sarsıntılarını, psixoloji vəziyyətini, əlacsızlığını incə ştrixlərlə tamaşaçıya
çatdıra bilmişdir. H.Rzayeva bundan başqa "Dostlar” adlı qısametrajlı bədii
filmdə (1934) də çəkilmiş və ana rolunu ifa etmişdir. Həqiqət xanım 1969-cu ildə
Bakıda vəfat etmişdir. Müsəlman Şərqində ilk qadın kinorejissor
Azərbaycanın ilk qadın
kinorejissoru Qəmər Salamzadə (Nəcəfova) 1908-ci ildə Culfada, mollanəsrəddinçi
şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açmışdır. O, təhsilini Moskvada
Dövlət Kinematoqrafiya Texnikumunda davam etdirmişdir. 20-ci illərin sonu,
30-cu illərin əvvəllərində "Azərkino”da çəkilən filmlərin sayı artdığına görə,
rəhbərlik II kursu bitirdikdən sonra Qəmər xanımı geri çağırtdırır. Bakıya
qayıdan tələbə "Qızıl kol” bədii filmində (1930) rejissor köməkçisi, "Əlsiz
adamlar”da (1932) rejissor assistenti, "Rəqs edən bağalar” da (1935) II
rejissor, "Dəcəl dəstə”də (1937) quruluşçu rejissor (A.Popovla birgə), "Səbuhi”də
(1941) və "Bir ailə”də (1943) rejissor assistenti, "Ordenli Azərbaycan” sənədli
filmində (1938) II rejissor, "Kənd təsərrüfatı sərgisi”ndə (1940) və "Şəfa nəğməsi”ndə
(1944) rejissor və digər filmlərdə işləmişdir. Vaxtilə Bakıda çıxan "Raboçiy
zritel” jurnalının (1930, N35) üz qabığında Qəmər xanımın şəkli verilmiş və bu
sözlər yazılmışdır: "Azərkino”da işləyən ilk qadın kinorejissor köməkçisi – türk
qadını Qəmər Nəcəfova”.
Qəmər xanım əri, xalq rəssamı Salam
Salamzadə ilə birgə böyük və mənalı ömür yaşamışdır. O, 1994-cü ildə 86 yaşında
vəfat etmişdir. Bu gün fəxrlə deyə bilərik ki, bütün müsəlman Şərq aləmində ilk
qadın kinorejissor olan Qəmər Salamzadənin adı Azərbaycan kino tarixinə qızıl hərflərlə
yazılmışdır.
Haqqında ətrafı söhbət açdığımız
qadın sənətkarlarımızdan hər birinin kinoda gördüyü işlər sevindiricidir, fəxr
olunasıdır. Çünki o dövrlərdə ekrana, səhnəyə çıxmaq heç də adi məsələ deyildi.
Bu qadınlar birincilər olmuşlar, milli kino sənətimizin ilk qaranquşları idilər.