• cümə axşamı, 28 mart, 17:47
  • Baku Bakı 16°C

Tarixin ən böyük şahidi dağlar

15.03.23 22:47 1682
Tarixin ən böyük şahidi dağlar

İnsan var dağları, insan var dənizləri, insan var meşələri sevir...

Mən dağları sevirəm, dağlar mənim ilham mənbəyimdir...hər səhər evimizin pəncərəsindən Haçadağa, Əlincəyə, Nəhəcirə   baxanda gözlərimi bu əsrarəngiz mənzərədən çəkə bilmirəm.... Hər gün yeni bir mənzərə kəşf edirəm, çünki dağlar da hər gün simasını dəyişir....Eynən Bakı-Naxçıvan təyyarəsi ilə doğma yurda qayıtdığım zaman göydən yeri izlədiyim kimi.... dəyişir bu mənzərələr...

Hər baxanda sanki hiss edirəm dağları, fəsillərin dəyişkənliyi onun da əhval-ruhiyyəsini dəyişir, gah yaşıl, gah ağ, gah qırmızı, gah sarı libasa bürünür dağlar...Hələ yaz yağışında buludlara sarılıb ağlayanda görəsiniz dağları...Dağlar da ağlaya bilirmiş, gülə bilirmiş...dağlar da həmdərd ola bilirmiş insanla...

Can Azərbaycanımın Naxçıvan adlı göz dağıdır onlar.. düşmənə, sipərdir, qaladır, ordumdur, yurdumdur bu dağlar...

Səbəbsiz deyil mənim dağlara olan sevgim, insanlığın xilasıdır çünki bu dağlar, Nuhun gəmisinin son dayanacaq nöqtəsidir, insanlığın xilas gəmisinin duracağıdır, məskənidir, Gəmiqayası ilə, Qapıcıqla Kiçik Qafqazın ən böyük zirvəsidir bu dağlar...

Əsrlər öncə Əshabi-Kəhfdə insanların zülmündən qaçan kimsənələri öz qoynunda hifz edib 309 il əmanətinə xəyanət etməyəndir bu dağlar...Və hələ də kəhvində onları qoruyan və saxlayan sədaqət rəmzidir bu dağlar...

Bütün dünya qarşısında tir-tir əsərkən Əmir Teymur ordusunu tarixdə ilk dəfə məğlubiyyətə uğradandır bu dağlar...Xalqla birlikdə döyüşən, düşməni daş-qalaq edib, yurdundan qovandır bu dağlar...

Hər daşı, qayası xəzinədir, sərvətdir bu dağların....Duzdağı və Darıdağı ilə insanlara əlacdır, şəfadır, xilasdır bu dağlar...

Tarixi dəyişmək istəsələr də, tarixdən silmək istəsələr də, tarixi yenidən yazmaq istəsələr də  tarixin ən böyük şahididir bu dağlar...

Silinməz, dəyişməz, əbədi vüqarım mənim, yaşayan tarixim mənim, əbədi yurd yerim, ocağım mənim...

Sən əzəmətlə dur ki, əzilməyək, var olaq, düşmənə ən böyük sipər, keçilməz sədd, dosta arxa-dayaq olaq...

Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin....

Surə SEYİD

banner

Oxşar Xəbərlər