• cümə, 20 Sentyabr, 03:16
  • Baku Bakı 15°C

Tarixdən dərs də çıxarmalıyıq

28.06.21 18:00 652
Tarixdən dərs də çıxarmalıyıq
Azərbaycan başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Biz müstəqillik tariximizdə, xüsusən də 1995-ci ildən Konstitusiyamızda təsbit olunmuş bu prinsiplərə sadiqliyimizi qorumuşuq. Hətta biz başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd etdiyimizi konstitusion olaraq bəyan etmişik. Silahlı Qüvvələrimizi isə təhlükəsizliyimizi və müdafiəmizi təmin etmək, müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq məqsədilə yaratmışıq. Bu, əslində, beynəlxalq hüququn həm prinsiplərinə, həm də ali məqsədlərinə ən ideal yanaşmadır. Üstəlik, Azərbaycan Respublikasının bu mövqeyi yalnız sözdə qalmayıb, istər Vətən müharibəsi dövründə, istərsə ondan əvvəl və sonra Prezident İlham Əliyev əməli olaraq bu mövqeni müdafiə edib. Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə "Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı bir daha bəyan etdi : "Biz müharibə istəmirdik və bu gün də istəmirik. Biz bölgədə müharibə riskini sıfıra endirilməsini arzu edirik və Cənubi Qafqazda bu istiqamətdə müxtəlif təşəbbüslər irəli sürülməlidir”.
Əslində, bu bəyanat özlüyündə bütövlükdə dünya ictimaiyyətinə, xüsusən işğal və təcavüz amillərinə 30 il göz yummuş, BMT Təhlükəsizlik Şurası qətnamələri başda olmaqla, beynəlxalq hüquq normalarının yerinə yetirilməsinə etinasız yanaşan, hətta işğalçıya dəstək nümayiş etdirən, bölgədə başa çatmış münaqişəni bu gün də alovlandırmaq niyyətində olan tərəflərə ciddi mesaj idi. Beləliklə, Müzəffər Ali Baş Komandan qeyd olunan hədəf kütləsini faktiki reallıq qarşısında qoydu.
AZƏRTACxəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun "Sabit bölgə və dayanıqlı sülh şəraitinin təmin olunması üçün keçmişi unutmamaqla bərabər tarixdən dərs çıxarmalıyıq” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə, həmçinin deyilir: "İlk növbədə, Azərbaycana müharibə lazım deyil, lakin biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Heç şübhəsiz ki, bu kimi bəyanatları vermək üçün hərbi güc kifayət deyil, belə bir reallığı kompleks imkanlara malik dövlət yarada bilər. Görünən də odur ki, Prezident İlham Əliyev Azərbaycanı belə bir kompleks imkan sahibinə çevirməyi bacarıb. Zamanında verilmiş doğru hüquqi-siyasi qərarlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəkləyən beynəlxalq hüquqi baza formalaşdırılıb. Habelə peşəkar diplomat kimi Prezident İlham Əliyev Azərbaycan naminə bütün siyasi fürsətləri dəyərləndirməyi bacararaq balanslaşdırılmış diplomatik gedişləri sayəsində çox ciddi ikitərəfli münasibətlər qurub. Xüsusilə Qoşulmama Hərəkatına sədrlik dövründə dövlətimizin başçısının ciddi bəşəri əhəmiyyət kəsb edən kurs seçməsi yeni məzmunda münasibətlərin formalaşmasına, Azərbaycanın isə qlobal nüfuz sahibinə çevrilməsinə gətirib çıxardı. İstər 44 günlük müharibə zamanı, istərsə də postmüharibə dövründə biz bu ikitərəfli münasibətlərin əhəmiyyətini əyani olaraq gördük. Heç şübhəsiz, BMT Təhlükəsizlik Şurasında mənafelərimizə zidd qətnamə layihəsinin rədd edilməsinin, ikitərəfli hərbi müqavilələrin imzalanmasının, beləliklə də Azərbaycanın silah və hərbi vasitələrlə təminatında bir qütbdən asılılığını aradan qaldırmasının kökündə dayanan amillərdən biri də məhz balanslaşdırılmış siyasət oldu. Eyni zamanda, iqtisadi imkanların artmasını, müstəqil müdafiə sənayesinin qurulmasını, həmçinin Azərbaycanın xarici borc asılılıqdan xilas olub donor dövlətə çevrilməsi nəticəsində suverenliyimizin güclənməsini Azərbaycanın kompleks güc və imkanlarının mühüm elementi hesab edə bilərik.
İkincisi, qalib və diktə edən bir dövlətin başçısı olaraq Prezident İlham Əliyev dünyaya nümayiş etdirdi ki, biz öz gücümüz hesabına istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr – quruculuq və torpaqlarımızın bərpası dövrü başlanıb. Azərbaycan özü onsuz da həm Qərb, həm də Şərq bazarlarına münasibətdə hərəkət imkanlarına malikdir, bütün istiqamətlərə ən azı iki alternativi var, Ermənistan isə dalandadır. Keçmiş təcavüzkar niyyətinə baxmayaraq, biz erməni xalqına bu dalandan çıxmaqda kömək edə bilərik. Lakin bunun üçün erməni dövləti və toplumu, habelə Ermənistanın havadarları artıq münaqişənin başa çatdığını qəbul etməli, heç bir hüquqa və imkana əsaslanmayan ərazi iddialarından əl çəkib Dağlıq Qarabağ sözünü, ümumiyyətlə, leksikondan çıxararaq, qonşularla normal münasibətlər qurmağa çalışmalıdır. Erməni xalqı da anlamalıdır ki, əsassız ərazi iddialarının zərərini ən çox elə ermənilərin özləri görürlər. Ən azı Azərbaycan kimi hərbi və iqtisadi güc sahibindən bütün parametrləri ilə məğlub durumda olan Ermənistanın torpaq almaq perspektivi heç bir halda yoxdur, olmayacaq da. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bu konstitusion prinsipin də təmin olunması, mümkün təhdidlərin qarşısının alınması üçün Azərbaycanda müasir ordu quruculuğunun yeni mərhələsinə start verilib, daha peşəkar struktura nail olmaq üçün Silahlı Qüvvələrdə mütərəqqi islahatlar başlanıb. Həm qüvvələr nisbətinin bu reallığı, həm də 30 il ərazində Ermənistanın dövlət olaraq formalaşmamasının, xalqın isə miskin dalan toplumuna çevrilməsi fonunda, Ermənistanın Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaqdan və yekun sülh müqaviləsinə hazırlıq işlərinə başlamaqdan başqa yolu yoxdur.
Nəhayət, dövlətimizin başçısının mühüm mesajlarından biri qan yaddaşımızla bağlı oldu və Prezident İlham Əliyevin bu bəyanatı bizim son yüz ildə mütəmadi olaraq təkrarladığımız səhvin bir daha yaşanmayacağının zəmanəti olacaq. Etiraf edək ki, biz 1905-1907, 1914-1915, 1918-1920, 1948-1953-cü illərdə ermənilərin törətdiyi faciələri unutmuşuq, bununla da həmin faciələrin təkrarlanmasına bir növ imkan vermişik. İndi isə daha fərqli bir dönəm başlayır. Əlbəttə, biz nifaq və kinlə böyüyən nəsillər yetişdirməyəcəyik, lakin bundan sonra keçmişini, tarixdə baş vermiş prosesləri dərk edən bir toplum kimi formalaşmalıyıq. Prezident İlham Əliyevin bu istiqamətdə proqram xarakterli mövqeyi isə tam aydındır: "Biz şəhidlərimizi, Xocalı qurbanlarını, dağılmış şəhərlərimizi, dağılmış qəbirləri, təhqir edilmiş məscidləri unutmamalıyıq və Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır”. Əlbəttə, biz ermənilərin yüz il ərzində törətdiyi vəhşiliklərin və vandalizmin qisasını 44 gündə almışıq, Ermənistanı, onun zəhərli ideoloji mifini, hərbi potensialını məhv etmişik, üstəlik, dövlət olaraq Ermənistanı illərdir dalana çevirmişik. Təbii ki, bundan sonra hansısa yeni qisasdan söhbət getmir. Sadəcə, Prezident İlham Əliyev bugünkü və gələcək nəsillər qarşısında daha sabit bir bölgə və dayanıqlı sülh şəraiti üçün keçmişi unutmamaqla bərabər, tarixdən dərs də çıxarmaq kimi vacib bir vəzifə müəyyən etdi. Biz bu vəzifələrin işığında illərdir məruz qaldığımız vəhşiliyə, vurulan ziyan və törədilən sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinə görə mübarizəmizi hüquqi yolla davam etdirəcək, məsuliyyət daşıyan tərəfin üzr istəyib təzminat verməsinə də məhz bu yol xəritəsi çərçivəsində nail olacağıq”.
banner

Oxşar Xəbərlər