• cümə axşamı, 28 mart, 23:31
  • Baku Bakı 13°C

Tamaşa kimi ad günü

20.05.20 14:22 2859
Tamaşa kimi ad günü
Elman Rəfiyev: "Pantomima Teatrının 26 illiyini səhnədə qeyd edə bilməsək də, bu ad günümüz qeyri-adiliyi ilə yaddaşımıza həkk olundu”
Hər başlanğıc sevgi ilə bəslənir. Bir işə sevərək, ürəkdən yanaşdıqda, insan üçün daha doğma və dəyərli olur. Hələ onu sıfırdan özün yaradırsansa, yıxılanda, bərkə-boşa düşəndə əlindən tutmağı, təkbaşına ayaqları üzərinə qaldırmağı, hər çətinliyinə sinə gərməyi bacarırsansa, o sənin üçün əvəzolunmaz bir varlığa çevrilir. O varlıq böyüyür, həddi-bulluğa çatır, ancaq sən yenə də onu körpə bir uşaq kimi əzizləyirsən. Bu hər sahədə belədir, ancaq yaradıcı işdə daha çox fədakarlıq və səbr, dözüm, istək tələb edir.Sıfırdan teatr yaratmaq, əsasını qoymaq, sözün əsl mənasında çətin məsələdir. Hələ bu, yaşadığın məmləkətdə bir ilkdirsə, sənin üçün daha çətin və daha məşəqqətli günlərin başlanğıcı deməkdir. Belə ki, yeni cığır açmaq, yol-irz bilmədən o cığırla irəliləmək, edilən qınaqlara, təzyiqlərə rəğmən dik dayanmaq sizə asan görünməsin. Bu gün Azərbaycan teatrında yeni cığır açan və daim yaradıcı potensialı ilə gündəmdə olan Azərbaycan Dövlət Pantomima Teatrının 26 yaşı var. Mayın 16-da növbəti yaşını qeyd edən yaradıcı heyət, ilk dəfə idi ki, doğum gününü teatrda deyil, kompüter arxasında keçirirdi. Karantin günlərinə təsadüf etdiyi üçün teatrın yaradıcı heyəti 26 yaşını online şəkildə qeyd etdi. Ötən il 25 yaşlarını təntənəli şəkildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirən teatrın yaradıcı heyəti "bu da keçər” deyib, şən əhval-ruhiyyədə 26 yaşını salamladı.Sosial şəbəkədə paylaşılan rəsmləri ilə diqqət doğuran, hər dəfə "məni öncə aktyor, sonra direktor kimi qeyd edin” - deyə xahiş edən teatrın aktyoru, direktoru, Əməkdar artist Elman Rəfiyevi teatrın yaranması günü münasibəti ilə təbrik etdik.

- Elman müəllim, yəqin ki, karantin vaxtı keçirilən doğum gününün ayrı bir ab-havası var. Bu əlamətdar günü hər il səhnədə qeyd edən pantomimçiləri bu dəfə online şəkildə təbrik etmək də ayrı bir hiss olmalıdır.
- Bildiyiniz kimi, bu, Azərbaycan teatr tarixində ilk Pantomima Teatrıdır. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun beynəlxalq dilə malik olmasıdır. Azərbaycanda Pantomima Teatrının əsası Xalq artistimiz, dəyərli sənətkarımız Bəxtiyar Xanızadə tərəfindən qoyulub. Pantomima Teatrı bu 26 ildə Azərbaycan teatrında bir tarix yaradıb. O tarix ki, bizdən sonra gələn nəsillər fəxrlə, qürurla vərəqləyə biləcək. 26 yaşımıza gəlincə isə, öncəliklə onu qeyd edim ki, hər il Pantomima Teatrının doğum gününü tamaşaçılar qarşısında qeyd edirdik. Bu dəfə bizim üçün fərqli və qeyri-adi doğum günü oldu. Koronavirusun yayıldığı bu dönəmdə evdə qalıb, sağlam olmaq üçün biz də qayda-qanunlara əməl etdik. Düzdür, tamaşaçılar qarşısına çıxıb, doğum gününü qeyd etmək tamam başqa bir duyğudur, nəinki evdə oturub online şəkildə təbrikləri qəbul etmək. Bu dəfə teatrın bütün yaradıcı heyəti səhnəyə deyil, kamera qarşısına yığışmışdı. Onlar bayram əhval-ruhiyyəsində idilər. Bu öncədən planlaşdırılan bir doğum günü deyildi və şərait bunu tələb edirdi. Biz teatr tariximizdə belə hadisə yaşamamışdıq. Bu ad günümüz qeyri-adiliyi ilə yaddaşımıza həkk olundu. Necə ki, teatrımızın janrı qeyri-adi və maraqlıdır, doğum günümüz də bu səpkidə keçdi.Teatrın əsas özəyi tamaşaçıdır. Tamaşaçı olmayanda, aktyor bir qədər miskin olur. Mayın 16-da qeyd etdiyimiz teatrın ad günü fərqliliyi ilə yadda qaldı. Pantomima teatr tarixində ilk dəfə online şəkildə ad günümüzü qeyd etdik. Bizim üçün bu doğum günü bir əlamətdar hadisə olaraq yadda qaldı.Teatrımızın 26 yaşı ərəfəsində cənab prezident İlham Əliyevin incəsənət xadimlərinə sənətdəki xidmətlərinə görə verdiyi mükafatları alanlar arasında aktyorlarımız oldu. Biz əməkdaşlarımızın adını görəndə çox sevindik. Belə ki, teatrımızın yaradıcısı, təsisçisi Bəxtiyar Xanızadəyə ömürlük prezident təqaüdü ayrıldı. Bundan başqa, teatrımızın aktyor heyətindən Nurlan Rüstəmov, Səbinə Hacıyeva, Nargilə Qəribova Prezident mükafatına layiq görüldülər. Bu mükafatlandırma bizim üçün elə ad günü hədiyyəsi idi.


- Pantomima Teatrı 26 ildə nələrə nail olub?
- 26 ildə Pantomima Teatrı Azərbaycan tamaşaçısını pantomimayla tanış edib və onu sevdirməyə nail olub. Bu qeyri-adi teatr növü Azərbaycanda yarananda, bəzi insanlar deyirdilər ki, "bu teatr nəyə lazımdır, orda aktyorlar əl-qolla danışacaqlar?” O dövrdə bu fikirləri səsləndirənlər hazırda Pantomima Teatrının tamaşaçılarıdır. Sevindirici haldır ki, Pantomima Teatrına dövlət qayğı göstərdi və teatrımıza dövlət statusu verildi. Dünyada dövlət statuslu Pantomima Teatrı, demək olar ki, yox dərəcəsindədir. Bizim teatr yaranan gündən bu günə qədər tamaşaçıların sevgisini qazanıb.Pantomima Teatrı bu illər ərzində bir tarix yaratmaqla yanaşı, bu gün Azərbaycan mədəniyyətində yenilikçi fikirlərlə çıxış edən, tanınan və kifayət qədər intellektə sahib olan savadlı aktyorlar yetişdirdi. Bəxtiyar Xanızadənin tələbələrinin hər birinin öz dəst-xətti var. Onlar Pantomima məktəbi keçiblər.

- İnsanların düşüncəsində belə bir fikir formalaşıb ki, koronavirus uzun müddət bizi tərk etməyəcək və ona görə də hələ xeyli müddət insanların daha çox toplaşdığı məkanlardan uzaq gəzmək lazımdır.
- Mən bu fikirlə tam razıyam. İnsanların içində bir qorxu hissi yuva salıb. Bir müddət tədbirlərdə iştirak etməkdən gen gəzəcəklər, ta ki bu virus tamamilə yox olacaq. Bu həm teatr, həm də digər sahələrdə kütləvi tədbirlərin keçirilməsinə çətinlik yaradacaq. Pandemiyanın ən böyük zərbələrindən biri də teatra dəydi. Amma inanıram ki, teatra həvəsi olan insanlar yenə də teatra gələcək, sevdikləri tamaşaları izləyəcəklər.

- Sosial şəbəkələrdə olsa da, bildiyimiz qədər, bu dəfə teatrın doğum gününü azyaşlı tamaşaçılarla keçirmisiniz.
- Teatrın yaradıcı heyəti ilə ad günü görüşünü keçirməmişdən öncə "Dəyanət” liseyinin şagirdləri ilə online şəkildə görüşdüm. Bilirsiniz ki, karantin günlərində məktəblərin, liseylərin şagirdləri ilə online şəkildə görüşür, onlarla Azərbaycan teatrı, kinosu ilə bağlı fikir mübadilələri edirik. Bu da o görüşlərdən biri idi. Ancaq kamera qarşısına keçdikdə, şagirdlər eyni vaxtda şəbəkəyə daxil olub, alqışlamağa başladılar. Onlar öncədən məlumatlı idilər. Pantomima Teatrının tarixi haqqında maraqlanıb, tamaşalarımız barədə məlumat toplamışdılar. Təbii ki, uşaqlar tərəfindən sevilmək və alqışlanmaq gözəl duyğu idi. Mənim üçün saf və təmizlik simvolu olan uşaqlar tərəfindən alqışlanmaq, gözəl sözlər eşitmək sevindirici idi. Nə gözəl ki, mən dünən həmin o alqışı uşaqlardan eşitdim. Bu sevgini heç nəyə dəyişmərəm. Pantomima Teatrı 26 yaşına qədəm qoyan gecə sosial şəbəkələrdə məlumat paylaşdım. Teatr yaranandan bəri əməyi olan hər kəsə təşəkkürümü bildirdim. Onların hər birinin zəhməti sayəsində teatrımız 26 ildir tamaşaçılarla görüşür. Onlar da öz səhifələrində paylaşım etmişdilər. Hər kəs bir-birini sanki bayram günü kimi təbrik edirdi. Maraqlı məqam o idi ki, bu insanları birləşdirən bir gün var. O da 16 may günüdür ki, köhnə pantomimçilər və hazırda bizimlə çiyin-çiyinə çalışan hər kəs bir-birini axtarıb arayır, pantomimçilərin ümumi bir bayramı kimi qeyd edirlər. Teatr artıq 26 ildir tamaşaçı qarşısındadır. Aktyorların əməyi, yuxusuz gecələri sayəsində yaşayır, yaradır və tamaşaçı rəğbətini qazanır.
- Pamtomimçilər karantin günlərini necə keçirirlər?
- Təbii ki, biz də qanunlara əməl edirik, evdə qalırıq. Ancaq evdə qalırıqsa, bu o demək deyil ki, heç nə etmirik. Pantomima Teatrının aktyoru daim hərəkətdə olmalı, bədənini daim elastik saxlamaq üçün öz üzərində işləməlidir. Aktyorlarımız da ev şəraitində öz üzərilərində çalışırlar. Düzdür, hər birimiz səbirsizliklə teatra geri qayıdacağımız günü gözləyirik. Mövsümün nə zaman başlayacağını heç kim bilmir. Aktyorlarımızın hamısı darıxır.Qeyd edim ki, karantindən əvvəl Pantomima Teatrı "Yük” adlı əsər üzərində çalışırdı. Sözügedən tamaşanın son məşqləri gedirdi. Karantindən geri qayıdan kimi, iki həftə ərzində tamaşanı hazırlayıb, təhvil verəcəyik.

- Bəs Pantomima Teatrının təmir işləri hansı səviyyədədir?
- 2010-cu ildə Mədəniyyət Nazirliyinin maddi bazası hesabına təmir olunmuşdu. Binanın tam təmiri isə gözlənilir. Bir az səbr etmək lazımdır. İnşallah, növbə bizə də çatacaq. Ümid edirəm ki, böyük bir zalımız və səhnəmiz olacaq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər