Şuşamızın incisi, Vətəni azadlığa qovuşan təbiətin möcüzəsi XARIBÜLBÜL

Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycanın Qarabağ torpağları zəngin flora və faunası ilə fərqlənir. Dağlıq Qarabağın ərazisisnin qədim Şuşa şəhərində bitən Xarıbülbül bitkisi Şuşanın milli simvolu hesab olunur. "Sülh və məhəbbət gülü" adlanan Xarıbülbül əsl möcuzədir.
Xarıbülbül Azərbaycan florasının çox nadir endemik bitkisidir. Bu gözəl bitki Səhləbkimilər (lat.Orxidacea) fəsiləsinin Ofris (Ophrys lat.) cinsinə aiddir. Xarıbülbül adlandırdığımız bitki latınca – Ophrys Caucasica və ya Ophrys Mammosa adlanır, lakin Azərbaycanda bitən bütün növlərə el arasında Xarıbülbül deyilir. Xarıbülbülün digər adı - Qafqaz qaş Səhləbidir. Ophrys – yunan mənşəli sözdür, mənası “qaş” deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən aşağı “baxmağını” eyham ediblər.
Ofrislər bir çox Orxideyalar kimi kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lazım olan simbiotik göbələklərdən asılıdır. Məhz elə bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur - onlar məhv olur. Ofrislərin tozlanması zarqanadlı (eşşəkarısı və başqaları) həşəratların köməyi ilə baş verir və onların çiçəkləri həmin həşəratların formasını və görünüşünü təkrarlayaraq, həşəratları özünə cəlb edir. Ofrislərin çiçəkləri şirə ixrac eləmir, ətri isə demək olar ki yoxdur. Lakin, bəzi növlərinin gülləri, müəyyən növ həşəratların dişi fərdlərinə xas olan və erkək fərdlərini cəlb edən xüsusi qoxuya malik ola bilər. Təbii ki, həşəratları Ofrislərin xüsusi görünüşü ilə bərabər bu qoxu da cəlb edir. Bu görünüşə və bəzən də qoxuya maraq göstərən həşəratlar bir güldən digərinə uçur və beləliklə, tozlanma prosesini həyata keçirir. Göbələklərdən və müəyyən növ həşəratlardan asılı olması Ofrisləri ətraf mühitin dəyişilməsinə çox həssas edir. Buna görə də bu bitkilər nadir bitkilər hesab olunurlar. Onlar dövlət tərəfindən qorunurlar. Xarıbülbül (Ophrys Caucasica) və Ofrislərin bir çox başqa növləri Qırmızı kitabda nadir bitki kimi qeydə alınıblar. Qədim Azərbaycan xalçalarının ornamentlərində də bu əsrarəngsiz bitkinin təsvirinə rast gəlmək olar.
Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində və ümumiyyətlə Qafqaz ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir. Xarıbülbül yalnız Şuşaya olan məhəbbətindən cücərir. Bu bitkinin əsas məskəni Şuşanın Cıdır düzüdür. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. “Xar” sözü isə tikan mənasını verir, yəni “tikanlı bülbül”. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb. Bu möcüzəni bələnmiş uşağa da bənzədirlər. Qeyri adi görkəmə malik olan bu gülə baxdıqda bülbül təsvirini aydın görmək olur.
Şuşanın sülh və sevgi gülü Xarıbülbül haqqında dillərdə bir çox əfsanələr dolaşır. Yer kürəsində yalnız Qarabağda bitən Xarıbülbül gülü ilə bağlı çoxlu əfsanələr və rəvayətlər var.
Bu rəvayərlərdən birində deyilir ki, Pənah xan qızını şairə Ağabəyim Ağanı İran şahına ərə verir. Xanlıqlar arasında əlaqələr yaratmaq, sülhü bərqərar etmək məqsədilə "Nikah diplomatiyası"ndan istifadə edirdilər. Ağabəyim ağa da belə bir izdivacın qurbanı olmuşdu. Saraya gəldiyi gündən şairənin üzü gülmür. Bunu görən şah səbəbini soruşur. Şuşa üçün çox darıxdığını söyləyir xan qızı, sonra da şahdan xahiş edir ki, onun üçün bir bağ saldırsın və o bağda yalnız Şuşa torpağında bitən ağaclar basdırılsın, bəlkə bu yolla Vətən həsrəti azala. Şah əmr verir, bağ salınır, Şuşadan hər növ ağac gətirilib əkilir. Hazır olanda Ağabəyim Ağa bağın seyrinə çıxır. "Vətən bağı" adı verdiyi bağı dolaşır, çox arayır, axtarır, amma onu tapa bilmir. Yenidən kədər buludları gözəl çöhrəsini bürüyür. Şah səbəbini soruşur. Şairə bağı gəzərkən Xarı bülbülü görmədiyini deyir. Şah bu bitkinin də gətirilib əkilməsini əmr edir. Çox çalışırlar nəticə olmur. Bitkilərin hamısı kök vurub gül açır təkcə Xarıbülbül yad torpaqda bitmir, solur. Məlum olur ki, Xarı bülbül Şuşa torpağından qeyri yerdə bitmir. Deyilənə görə, məşhur mahnın misraları elə yüz illərdir bu kədərin yükünü daşıyır:
Vətən bağı al-əlvandır,
Yox içində Xarı bülbül...
Xarıbülbül haqqında başqa rəvayət də var. “Bir bülbül varmış. Bu bülbül bir gülə aşiq olubmuş. O gülü sevir, onun başına dolanır, onun üçün cəh-cəh vurur və onu qoruyurmuş. Günlərin bir günündə bir arı gülü görür və onun şirəsini dadmaq istəyir. Həmən an bülbül arının gülə doğru uçmağını görüb, sinəsini qabağa verib, tez arının qarşısını kəsir. Onlar havada toqquşurlar və arı bülbülü sancır. Lakin bülbül ölmür, onun sevgisi və cəsarəti onu, sancdığı arıyla birlikdə başqa bir gülə – Xarıbülbülə döndərir”.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhali bu gülə hər zaman xüsusi münasibət bəsləyib. Xarıbülbül Şuşanın və ümumilikdə Qarabağın rəmzinə çevrilib. Xarıbülbülün təsvirinə Azərbaycan xalçalarında rast gəlmək mümkündür. Xarı Bülbül” təbiətə verdiyi gözəlliyi ilə yanaşı müalicəvi əhəmiyyətə malikdir. Endemik bitki olan Xarıbülbüldən şəfalı bitki kimi xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edilir.
Xarıbülbülün Vətəni Azərbaycanın qədim mədəni və musiqi mərkəzi Şuşa şəhəri 30 il işğal altında qaldı. Erməni aqressiyası Azərbaycana heç bir ölçüyə sığmayan böyük itkilər gətirdi. Böyük bir ərazidə tarixi, mədəni və tarixi abidələr, məscidlər, qədimi yaşayış yerləri dağıdıldı. Dünya yaradıcılığında iz qoymuş məşhur bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün və şairə Natəvanın abidələri güllələnmişdir. İyirmi faiz Azərbaycan torpağı zəbt edildi, bir milyon əhali öz əcdadlarının torpaqlarından sürgün oldular.
Qarabağımız kimi Xarıbülbülümüz də əsirlik yaşadı. Çünki qürbət cənnət olsa da Vətən ola bilməz. Bu özünü zaman-zaman təsdiq etmiş həqiqətdir. Bütün canlılar qəriblikdə sıxılır, darıxır. Yaradılmışlar hər zaman Vətən havasına möhtacdır. Doğma torpaqdan havalanan bir əsim yel də onların dərdinə dərman ola bilir.
Biz inanırdıq ki, tezliklə işğala son qoyulacaq və Şuşada, Dağlıq Qarabağda Azərbaycan Bayrağı ucalacaqdır. İnanırdıq ki, bir gün qürurlu gül Xarıbülbül yenidən ruhlanacaq və öz nəfəsi ilə doğma torpaqlarımızı isidəcəkdir.
Artıq ulu torpaqlarımız igid oğullarımız sayəsində azaddır. Ali baş komandanınmızın rəhbərliyi ilə bizə bu sevinci yaşadan Azərbaycan Ordusuna eşq olsun! Allah ölməz Şəhidlərimizə rəhmət eləsin!
Vüsalə İsmayılova
AMEA Dendrologiya İnstitutu, Qərbi Kaspi Universiteti
