• cümə axşamı, 28 mart, 21:44
  • Baku Bakı 13°C

Şuşadan verilən aydın mesajlar

12.11.22 01:00 1760
Şuşadan verilən aydın mesajlar

Prezident İlham Əliyev Zəfər Günündə hərbçilər qarşısındakı çıxışında xaricdən bizi diqqətlə izləyən və uğurlarımızdan əndişə keçirən maskası cırılan qonşularımıza mesajlarını verdi. Qeyd etdi ki, Azərbaycan bölgədə sülhün və əmin-amanlığın tərəfdarıdır, amma halal olan haqqını da tələb etməkdə israrlıdır. 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva keçən il olduğu kimi bu il də Zəfər Gününü Şuşada qeyd ediblər. Burada çıxışı zamanı dövlət başçısı bildirib ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazıb: “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.

“Ermənistanı əsas dayaqlardan təcrid etdik”

Prezident vurğulayıb ki, aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul edib: “Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur”.

Prezident qeyd edib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır: “Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq”.

Dövlət başçısı onu da deyib ki, Qarabağ bizim əzəli torpağımızdır: “Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.

“Azərbaycan Prezidentinin mesajları tam aydındır”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirdi ki, Azərbaycana sülh lazımdır: “Eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda yer alan hər bir bənd öz həllini tapmalıdır. Söhbət kommunikasiyaların açılmasından, eləcə də Zəngəzur dəhlizindən gedir. Ən əsası, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması lazımdır. Təəssüflər olsun ki, Rusiya sülhməramlıları oyun oynayırlar, Azərbaycan ərazisinə ermənilərin silah gətirməsinə göz yumurlar. Deməli, erməni yaraqlılarını orda müdafiə edirlər. Hesab edirəm ki, Azərbaycan Prezidentinin mesajları tam aydındır. Azərbaycan bu vəziyyətlə razılaşmayacaq və öz müstəqilliyi, ərazi bütövlüyünü qorumaq üçün lazım olan hər addımı atacaq”.

“Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”

Partiya sədrinin sözlərinə görə, Ermənistana mesaj ondan ibarətdir ki, üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir: “Əgər arxasında dayanan qüvvələrə güvənib bu öhdəlikləri yerinə yetirməsə, heç nəyə nail ola bilməyəcək. Onu da qeyd edim ki, cənub qonşumuzla bağlı məsələlər özü bir oyundur. Sərhəddə təlimlər keçirmək və s. İran vaxtı ilə işğal altında olan ərazilərdəki məscidləri dağıdan, İslam dəyərlərini məhv edən Ermənistana dəstək verir. Bu, əslində, nə qonşuluqla, nə də onların bəyan etdiyi İslam dəyələri ilə uyğun gəlmir. İran bilməlidir ki, Azərbaycan özü və müttəfiqləri bu proseslərin qarşısını almağa qadirdir. Dövlət başçısı da bunu bir daha bəyan etdi”.

 

“Bu mesajların ilk ünvanı Ermənistan idi”

Politoloq Əlimusa İbrahimov bildirdi ki, Prezident İlham Əliyev xaricdən bizi diqqətlə izləyən və uğurlarımızdan əndişə keçirən maskası cırılan qonşularımıza mesajlarını verib: “Bu mesajların ilk ünvanı Ermənistan idi. Prezidentin mesajları içində Ermənistanın arxasında dayanan və onu hər vasitə ilə Azərbaycana qarşı təxribatlara həvəsləndirən beynəlxalq qüvvələrə də ünvanlanmış xəbərdarlıqlar var idi. Dövlət başçısı bu qüvvələri 30 il müddətində həyata keçirdikləri ermənilərə dəstək siyasətindən əl çəkməyə çağırdı. Çünki Azərbaycan Prezidenti haqlı olaraq Ermənistanın bugünkü acınacaqlı vəziyyətə düşməsinin səbəbini məhz o xarici qüvvələrdə görür. Həqiqətən də, əgər indi Ermənistanı dəstəkləyənlər onu işğalçılıqdan əl çəkməyə sövq edə bilsəydilər, ermənilər bugünkü acınacaqlı vəziyyətə düşməzdilər. Xarici himayədarlara səslənməklə yanaşı, Azərbaycan Prezidenti kənardan gələn dəstəyə bel bağlamamağı da ermənilərin növbəti dəfə diqqətinə çatdırırdı. Ermənilər birdəfəlik başa düşməlidirlər ki, öz taleləri öz əllərindədir. Nəinki Rusiyanın, Fransanın, ABŞ-ın və İranın”. 

“İranla yumşaq dildə danışılmayacağına bir işarə idi”

Politoloq qeyd etdi ki, dövlət başçısı İrana da diqqətçəkən mesajlar göndərib: “Prezident İranın Ermənistanı bundan sonra da dəstəkləməsinin bumeranq kimi onun özünə qarşı çevriləcəyi barədə xəbərdarlıq etdi. Bu həm də Azərbaycanın bundan sonra İranla yumşaq dildə danışmayacağına bir işarə idi. Bununla yanaşı İlham Əliyev Azərbaycanın sülhə, mehriban qonşuluq siyasətinə və üzərinə götürdüyü öhdəliklərə sadiq qalacacağını bir daha vurğulayaraq digər dövlətləri də buna çağırdı”.

Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər