• çərşənbə axşamı, 26 noyabr, 11:34
  • Baku Bakı 10°C

Şuşa Bəyannaməsində mədəniyyət strategiyası

25.06.21 17:00 4501
Şuşa Bəyannaməsində mədəniyyət strategiyası
Poetik xüsusiyyətlər, duyum, sevgi bir-birinə o qədər uyğundur ki...
Azərbaycan tarixinə 2021-ci il iyunun 15-i əlamətdar gün kimi yazıldı. İlk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda qardaş dövlətin başçısını – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı. Və böyük tarixi əhəmiyyət kəsb edən "Şuşa bəyannaməsi”ni – iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannaməni Şuşa şəhərində imzaladılar. Bu bəyannamənin məhz Qurtuluş gününə və Qarabağ, Zəngəzur üçün çox mühüm olan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin də öz mənası var.
Şuşa Bəyannaməsində mədəni irsin qorunması, ümumilikdə mədəniyyət siyasəti ilə bağlı məqamlar da var. Təbii ki, bu məqamlar iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etməsinə böyük təkan verəcək. Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı bildirdi ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa ziyarətini və bu səfər çərçivəsində imzalanan Şuşa Bəyannaməsini Türk Dünyası münasibətləri kontekstində çoxmənalı və faydalı hesab edirlər: "TÜRKSOY-un çətiri altında geniş əməkdaşlığımız sayəsində keçdiyimiz illər ərzində mədəniyyət sahəsində böyük nailiyyətlər əldə etdik. Bu nailiyyətlərimizi artıracaq və bizim üçün yol xəritəsi yaradacaq bir addım olaraq, hər zaman üzv ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin genişləndirilməsini arzu etməkdəyik. Bu səfər zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edərkən Şuşa şəhərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi arzusunu ifadə etdi. Bu təklifin Milli Məclisin üzvləri tərəfindən coşğu ilə qarşılanması, 2010-cu ildən başlatdığımız Türk Dünyası Mədəniyyət Paytaxtları layihəsinin tətbiqinin uğurlu olduğunu bir daha təsdiqlədi.
Şuşanın növbəti il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən TÜRKSOY Baş Katibliyinə müvafiq təklif daxil olarsa, biz TÜRKSOY-un Daimi Şurasının növbəti toplantısında üzv ölkələrimizin mədəniyyət nazirlikləri ilə lazımi işlərə dərhal başlamaqdan məmnun qalacağıq. Erməni işğalından azad olan Şuşamızın ortaq türk mədəniyyətindən alacağı güclə yenidən yüksəlməsi üçün bütün gücümüzlə çalışmağa davam edəcəyik”.
Şuşalı ziyalılarımızdan olan "Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə də Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin çox ciddi bir tarixi sənəd olduğunu deyir: "Bilirəm ki, dünya mətbuatı da buna çox reaksiya verib. Bu görüşün məhz Şuşada baş tutması bir daha Türkiyənin Azərbaycanın yanında bir qardaş kimi dayanmasının nümayişi idi.
Doğrudan da, dünyada ikinci belə ölkələr yoxdur ki, bu qədər təmənnasız və bu qədər səmimi niyyətlə hər bir sahədə bir-birinə doğma olsunlar. Biz bir böyük ağacın nəhəng budaqlarıyıq. Heydər Əliyevin də məşhur "Bir millət, iki dövlət” kəlamı, sanki bir proqramdır. Ulu öndərin bu düşüncəsi layiqincə reallaşır. Bəyannamədə çox vacib məsələlərə toxunulub. Bəyannamənin ən əsas məqamlarından biri də nəqliyyat, kommunikasiya və ticarət sahələridir. Xüsusən də nəqliyyat və kommunikasiya – Zəngəzur dəhlizinin açılması çox mühüm bir məsələdir. Azərbaycan və onun bir parçası olan Zəngəzur dəhlizi mütləq bizə geri qaytarılmalıdır. İlham Əliyev öz fikrində çox qərarlıdır, dönməzdir. Mən hesab edirəm ki, o, buna da nail olacaq.
Bayaq qeyd etdim, biz Türkiyə ilə bir ağacın budaqlarıyıq. Bir ağacın meyvələri də bir dadır. Yəni mədəniyyətimizin, ədəbiyyatımız nümunələri də yaxındır, doğmadır. Bilirsinizmi, poetik xüsusiyyətlər, duyum, sevgi bir-birinə o qədər yaxındır, o qədər bir-birinə uyğundur ki... Elə götürək Rəsul Rza və Nazim Hikmət qardaşlığını. Bu əlaqələr daha çox onlardan başlayıb, bu gün də davam edir. Nazim Hikmətin Azərbaycan poeziyasına böyük təsiri olub. Bu, həmin dövrün şeirlərində özünü açıqca büruzə verir. Bundan başqa, musiqimiz də bir-birinə çox yaxındır. Bu günə qədər ölkələrimiz arasında mədəni və ədəbi əlaqələrimiz çox gözəl şəkildə qurulub. Hesab edirəm ki, bundan sonra bu sahədə inkişaf daha da yüksək səviyyədə, daha da mötəbər olacaq.
Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair Əkbər Qoşalı bildirdi ki, Şuşa Bəyannaməsi özündə yalnız tarixiliyi deyil, həmçinin böyük bir gələcəyi ehtiva etməkdədir: "Bir gələcək necə ehtiva oluna bilir? Bu günün düzgün qiymətləndirilməsi və keçmişə, mədəni irsə, əcdadların ruhuna ehtiramı təcəlla etdirərək, əlbəttə ki. Təsadüfi deyil ki, ölkə başçımız cənab İlham Əliyev "Biz Şuşa bəyannaməsini imzalayarkən əcdadlarımızın ruhunu şad edirik, gələcəyə, gələcək nəsillərə yol göstəririk” şəklində bir dəyərləndirmə də apardı. Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamənin dağlar başındakı inci şəhərimizdə, şəhidlərimizin canı-qanı bahasına azad edilmiş Şuşada imzalanması qeyri-adi bir hadisə idi. Bu, həm siyasi iradənin, həm yüksək intellektual dəyərləndirmələrin, həm də böyük cəsarətin təntənəsi idi.
Bildiyiniz kimi, ötən yüzilliyin əvvəllərində imzalanmış tarixi Qars müqaviləsi, demək olar ki, uzun onilliklərdən sonra ilk dəfə idi ki, iki dövlət arasında imzalanmış sənəddə xatırlanırdı. Bunun özü də özünəməxsus ismarışlar daşımaqdadır. Qars müqaviləsinin bütün tərəfləri, istər-istəməz Qafqazda baş verən hal-hazırkı proseslərə biganə deyil. O da təsadüfi deyil ki, Bəyannamə ilə bağlı verilən şərhlər, açıqlamalar da imzalanan sənədin yüksək mövqeyindən xəbər verirdi. Şuşa Bəyannaməsi, ilk növbədə "dəmir yumruğ”un yaratdığı yeni gerçəkliyin təntənəsidir. Bu, ilk növbədə Azərbaycan dövləti, ordusu, xalqının böyük fədakarlığıdır. Allah bu yolda canından keçən şəhidlərimizə rəhmət eləsin. Şuşa Bəyannaməsini yalnız sırf hüquqi, ictimai, siyasi anlamda deyil, ruhumuz, eşqimiz kimi dəyərləndiririk. Çünki bu, uzun illərdən bəri arzulanan, lakin indi gerçəkləşən bir hadisə idi. Bizim Türkiyə ilə tarixin sınağından çıxmış münasibətlərimiz var, amma müttəfiqliyimiz haqqında rəsmi sənəd yox idi. Ona görə də, Şuşa Bəyannaməsi indiyə qədər imzalanmış bütün sənədlərin şahıdır və yeni bir mərhələnin başlanğıcıdır. Mən ilk növbədə o sənədə imza atmış dövlət böyüklərimizi bir vətəndaş, bir yazar olaraq qəlbimin bütün riqqəti ilə alqışlayır, sonsuz təşəkkürlərimi şəxsim adına yetirirəm”.
Əslən Şuşadan olan gənc ədəbiyyatşünas, ədəbi tənqidçi Ülvi Babasoyun fikrincə, Şuşa Bəyannaməsi siyasi, tarixi, iqtisadi və mədəni hadisədir: "Türkiyə və Azərbaycan münasibətləri sarsılmaz və əbədidir. Ancaq bu Bəyannamə qardaşlıq və dostluğu sekulyarlıq, suverenlik, beynəlxalq hüquq, ərazi bütövlüyü, toxunulmazlıq, demokratiya və təhlükəsizlik kontekstində daha da möhkəmlətdi. Bəyannamə hər iki dövləti və xalqı mədəni kontekstdə birləşdirir. Azərbaycanın kültür paytaxtı Şuşada imzalanan Bəyannamə, bölgədə və dünyada sülhün diplomatik və mədəni ifadəsidir. Mən şuşalı bir ədəbiyyat adamı kimi qürur hissi keçirdim. Şuşada hər iki dövlətin himni səsləndirildi. Bu, beynəlxalq hüququn və vətənin bütövlüyünün estetik təzahürüdür.

Hazırladı: Xanım Aydın


banner

Oxşar Xəbərlər