AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şuşa Azərbaycanın ən gözəl məkanlarından birinə çevriləcək

Şuşa Azərbaycanın ən gözəl məkanlarından birinə çevriləcək

Cəmiyyət
08 May 2021, 19:15 745
1992-ci il 8 may tarixi uzun illər ərzində milli yaddaşımızda Şuşanın işğalı günü kimi qaldı. Bu tarixdə Ermənistanın təcavüzkar silahlı qüvvələri tərəfindən Azərbaycanın dilbər guşəsi və unikal mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri işğal edildi. Şuşa əhalisi şəhərin müdafiəsi uğrunda aparılan döyüşlərdə qəhrəmanlıq və fədakarcasına iştirak etmiş, yerli əhalidən 195 nəfəri şəhid olmuş, 165-dən çoxu yaralanmış, 68 nəfər əsir düşmüş və girov götürülmüşdü. İşğalçı Ermənistanın vandalizm aktları nəticəsində yüzlərlə muzey talan edilmiş, tarix-mədəniyyət abidəsi dağıdılmış, müqəddəs məbədgah və məscidlər təhqirlərə məruz qalmış, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, təhsil və səhiyyə ocaqları xarabalığa çevrilmişdi.

Faşizm ideologiyasından qidalanan erməni vandalizmi

Mənfur düşmən Şuşanın işğalını məhz bu tarixə planlaşdırması heç də təsadüfi deyildi. Bu, terror dövləti olan Ermənistanın faşizm ideologiyasından qidalanmasından irəli gəlirdi. Onların məkrli planı Azərbaycanın mədəniyyət beşiyi olan şəhərin məhz 9 may – dünyanın faşizm üzərində Qələbənin qeyd edildiyi günə təsadüf etməsi idi.

Sirr deyil ki, İkinci Dünya müharibəsi zamanı faşizm üzərində Qələbə bir çox xalqlar kimi, Azərbaycan xalqının qəhrəman oğullarının fədakarlığı sayəsində əldə edilib. Eyni zamanda, qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, İkinci Dünya müharibəsi illərində III Reyxlə əməkdaşlıq edən, erməni xalqının "milli qəhrəman”ı hesab olunan hitlerçi Ter-Arutyunyan (Qaregin Njde) faşist ordusunun tərkibində xüsusi amansızlıqla digər xalqlara, o cümlədən azərbaycanlılara qarşı vuruşub. Faşizm ideologiyasına xidmət edən Qaregin Njdenin qəhrəmanlaşdırılması, Yerevanda onun abidəsinin ucaldılması və bu günə qədər həmin heykəlin mövcudluğu təkcə Azərbaycan xalqına qarşı deyil, eləcə də faşizmdən əziyyət çəkmiş bütün xalqlara, tərəqqipərvər bəşəriyyətə qarşı aşkar hörmətsizlikdir.

Beləliklə, Şuşanın işğalının arxasında məhz erməni faşizminin izləri aydın görünürdü.

Möhtəşəm Zəfər yürüşü: "Əziz Şuşa, sən azadsan!”

Qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan dövləti xalqımızın milli həmrəylik və güc rəmzi olan "Dəmir yumruq”la erməni faşizminin başını əzdi, təcavüzkarları sərt cəzalandırdı. Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər yürüşü edərək işğal altında olan torpaqlarımızı, o cümlədən Şuşa şəhərini azad etdi.

Noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” deyə qətiyyətlə və fəxarətlə bəyan etdi. 28 ildən artıq müddətdə əsarət altında qalan Şuşanın azad olunması, hər şeydən əvvəl, xalqımızın milli qürurunun bərpası idi.

Şuşa tarixi şöhrətini bərpa edəcək

Beləliklə, Şuşanın tarixi kimliyi özünə qaytarıldı, bu qədim və əzəli yurdumuz Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri Şuşa şəhərində bərpa olundu. "Şərqin konservatoriyası” adlandırılan Şuşa "Xarı bülbül” muğam festivalına və "Vaqif” poeziya günlərinə ev sahibliyi edəcək, tarixi şöhrətini yenidən özünə qaytaracaq. Tarixi binalar, yaşayış məntəqələri, abidələr təmir-bərpa olunacaq.

Şübhə yoxdur ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında və nəzarəti altında aparılan abadlıq-quruculuq işləri nəticəsində doğma Şuşamız dünyanın ən gözəl və unikal məkanlarından birinə çevriləcək.
 
Siyavuş Novruzov 
Milli Məclisin Regional məsələlər komitəsinin sədri