Su və rəng ahəngi - FOTOLAR
Və
ya təsviri sənətin müxtəlif nəsillərinin nümayəndələrinin akvarel
texnikasındakı bədii-estetik axtarışlarını müşahidə etmək şansı
İyulun 15-də Xətai
Sənət Mərkəzində Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm
Qalereyasının dəstəyi ilə Azərbaycan rəssamlarının müxtəlif nəsil
nümayəndələrinin sulu boya texnikasında yaradılmış əsərlərindən ibarət "Su və
rəng ahəngi - 2021”
adlı sərgisi açılıb.
Beynəlxalq Suluboya
Cəmiyyəti (IWS), onun Azərbaycandakı nümayəndəliyi olan "IWS Azerbaijan” və
Xətai Sənət Mərkəzinin nəzdində açılmış "IWS Baku Khatai Art Gallery”nin
təşkilatçılığı ilə baş tutan müsabiqə xarakterli sərginin keçirilməsində məqsəd,
bilavasitə Azərbaycanda akvarel sənətinin inkişafı və bu sahədə yüksək
bədii-estetik dəyərə malik olan əsərlərin yaradılmasının daha geniş vüsət
almasına stimul yaratmaqdır.
Qeyd edək ki, sərgidə
iştirak etmək üçün 100-dən çox rəssamın müraciəti qeydə alınsa da, "IWS
Azerbaijan” akvarel cəmiyyətinin Bədii Şurası tərəfindən onların arasından
yalnız 51 rəssamın iştirakının ictimailəşdirilməsinə qərar verilmişdir.
Sərgidə nümayiş olunan
əsərlər arasında portret, mənzərə, natürmort və animalistik janrda yaradılmış
əsərlər daha çox üstünlük təşkil edir. Bu əsərlərdə sulu boyanın bədii-texniki
ifadə imkanlarından ustalıqla istifadənin uğurlu nəticələrini görmək mümkündür.
Sərgidə müxtəlif yaşlı
insanların bədii obrazlarını əks etdirən
portret əsərləri, zahiri oxşarlıqla yanaşı psixoloji yaşantıların incəliklə
təqdimatına görə seçilir. Bayram Qasımxanlının "Flora bağda”, Elmira
Əskərovanın "Uşaq portreti”, İntiqam Cəfərovun "Qubalı uşaq”, Sümayə
Cəfərovanın "Humayın portreti”, Çinarə Mustafayevanın "Sirli təbəssüm”, Fidan
Abidovanın "Tənha qadın”, Ləman Ağayevanın "Səttar”, İlham Mirzəyevin "Mahir”,
Sabir Məmmədovun "Mənim nənəm”, eləcə də Cəlal Ağayev, Novruz Allahverdiyev və
Gözəl Quliyevanın "Portret” adlı əsərləri bu qəbildəndir. Akvarel texnikasında
yaradılmış bu əsərlərdə tapılan poza və rakurslar da özünəməxsus forma-biçimi
və bədii həllinə görə fərqlənir.
Sərgilənən əsərlər
arasında mənzərə janrında yaradılmış qrafik lövhələr də özünəməxsus bədii
yozumu ilə seçilir. Bu mənzərələrdə rəssamlar tərəfindən gözümüzdə adiləşən
guşələrin, müxtəlif təyinatlı memarlıq abidələrinin, xüsusilə Bakının və
ölkəmizin füsunkar təbiətinin bədii görüntüsü tamaşaçını duyğulandıra biləcək
bədii-estetik tutumda təqdim edilib. Bu mənada Bayram Qasımxanlının "Günəşli
Bakı”, Xanlar Əsədullayevin "Bakı”, Hicran İbrahimovanın "İçərişəhər”, Zarina
Həsənovanın "Bakı”, Xuday İbrahimovun "8-ci mikrorayon”, Vüqar Əsədovun
"Xəzərdə”, Xanım Əzizin "Neft buruqları”, Lamiyə İmanovanın "Gəmilər”, David
Kəngərlinin "Əshabi-Kəhfə aparan yol”, Feyzi Məmmədovun "Şəki. Küdürlü kəndi”,
Hafiz Kərimovun "Haça dağ”, "Əlincə”, Xasay Mirzəyevin "Axşam”, İrina Sahanın
"Dağlar” əsərlərinin adlarını qeyd edə bilərik. Pərviz Əliyevin "Mədinə.
Peyğəmbər məscidi”, Vaqif Zeyidquliyevin "Ayasofiya”, Abbas Məmmədovun
"Venesiyada kanal” və Natalya Kornetovanın "Qalata körpüsü” adlı mənzərələrində
isə dünyanın görməli yerləri və dini təyinatlı memarlıq abidələri əks olunub.
Nümayiş olunan əsərlər
arasında natürmort janrının da yeni bədii ifadə imkanlarını görmək mümkündür.
Belə ki, bu natürmortlarda ənənəvi əşyalara müraciət edilsə də, onların
hamısında atributları canlandırmaq istəyi və "cansız əşyalar” aləminə fərqli
münasibət hiss olunmaqdadır. Rafael Əsədovun "Yasəmənlər”, Əsmər Ağayevanın
"Lalələr”, Əfşan Əsədovanın "Güllər”, Mədinə Əmiraslanovanın "Ağ güllər”, Ləman
Ağakişiyevanın "Güllər”, Humay Abbasovanın "Çay dəsgahı”, İlham Mirzəyevin "Yay
natürmortu”, Təhminə İbrahimin "Şərq natürmortu”, Naibə Vəliyevanın "Kompot ilə
natürmort”, Rufanə Dünyamalıyevanın "Payız hissləri”, Səbinə İskəndərin "Şərq
melanxoliyasının füsunkar zərifliyi”, Yekaterina Obuxovskayanın "Nar
festivalı”, eləcə də Elina Əliyeva, Elnarə Musayeva, Gözəl Quliyeva, Zəminə
Qəmbərova və Sərxan İsayevin "Natürmort” adlı əsərləri bu qəbildən olan maraqlı
akvarel lövhələridir.
Animalistik janrda
yaradılmış və süjetli kompozisiyalardan ibarət əsərlər də sərgiyə xüsusi ovqat
bəxş edir. Bayram Qasımxanlının "Tutuquşu ilə söhbət”, Leyla Vazehinin "Öküz
döyüşü”, "Dəniz kənarında qağayı”, Mayis Əliyevin "Atlar”, Ağaxan Ramazanovun
"Martin” və Təhminə Əlinin "Təndirdə” əsərləri bu mənada diqqətçəkəndir.
Sevindirici haldır ki,
sərgidə Qarabağa həsr olunmuş əsərlər də
çoxluq təşkil edir. Qərib Osmanlının "Qarabağın bağları”, Sabir
Məmmədovun "Evimə dönəcəm”, "Şuşa
uğrunda”, Əbdüləmi Əliyevin "Qubadlı mənzərəsi. Padar kəndi”, Günel
Ağakişiyevanın "Ağdam”, Günel Quliyevanın "Kəlbəcər xarabalıqları. Ümid ağacı”,
"Xankəndiyə gedəcəyimiz yol” əsərləri nikbin ruhiyyəyə bələnmiş əsərlərdir.
Sözügedən mövzuda 2021-ci ilin aprelində də Xətai Sənət Mərkəzində "Can
Azərbaycan” adlı Respublika qrafika və akvarel yaradıcılıq müsabiqə – sərgisi
keçirilmişdir ki, həmin müsabiqədə qaliblərin mükafatlandırılması məhz Xətai
Akvarel Qalereyasının açılışının təqdimat mərasiminə (27 aprel 2021) təsadüf
etmişdir.
Qeyd edək ki, artıq
ənənəvi hal alan "Su və rəng ahəngi” adlı Azərbaycan rəssamlarının akvarel
sərgisi ilk dəfə 2020-ci ildə "IWS Azerbaijan” tərəfindən təşkil edilmişdir. Bu
sərgilərdə nümayiş etdirilən əsərlərdə təsviri sənətimizin müxtəlif
nəsillərinin nümayəndələrinin akvarel texnikasında bədii-estetik axtarışlar
apardıqlarını müşahidə etmək mümkündür.
Sərgi
sənətsevərlər üçün iyulun 22-dək davam edəcək.
ASLAN XƏLİLOV
ADMİU-nun Təsviri sənət tarixi və
nəzəriyyəsi kafedrasının müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru