• şənbə, 30 Noyabr, 11:33
  • Baku Bakı 8°C

Stokholm görüşünə “erməni epiloqu” - TƏHLİL

11.12.21 11:30 544
Stokholm görüşünə “erməni epiloqu” - TƏHLİL
Ekspertlərin fikrincə, Ermənistan tərəfi sülhlə bağlı hər hansı bir irəliləyiş olmasını istəyirsə, mütləq və mütləq əldə olunan razılığın icraatına başlamalı, eləcə də, hər hansı sabotaj xarakterli təxribatlar törətməməlidir
Stokholmda ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü nəzərdə tutulsa da, son anda alınmadı. Çünki görüşdən bir neçə saat əvvəl Ermənistan parlamentinin üzvlərinin sülhməramlıların nəzarətində olan əraziyə qeyri-qanuni səfər etdikləri barədə məlumat yayıldıqdan sonra Azərbaycan tərəfi görüşü məqbul hesab etmədi. Görəsən, Azərbaycanın görüşdən imtina etməsi jesti nəyə hesablanıb? Eləcə də, hər zaman danışıqların bərpasını istəyən Ermənistanın bu cür təxribatlar törətməsinin arxasında nə dayanır?
"Ermənilər məzmuna yox, formaya üstünlük verirlər”
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Azərbaycanın Stokholm görüşündən imtina etməsi düzgün qərar idi: "Əgər danışıqlarda gündəlik formalaşıbsa və qarşı tərəf predmetli danışıqlara hazırdırsa, əlbəttə ki, hər zaman bizim nümayəndələr danışıqlar prosesinə gedirlər. İndi burada bəlli olan odur ki, Ermənistan tərəfi gah mıxa, gah nala vurur. Ona görə də, Azərbaycan tərəfi lüzum görmür ki, predmetsiz danışıqlara getsin. Birincisi, bu, vaxt itkisinə gətirib çıxarır. Digər tərəfdən də, bir halda ki, heç bir nəticə olmayacaqsa, görüş xətrinə görüşün olması kimə lazımdır? Ona görə də Azərbaycan tərəfi bu məsələlərə daha həssas yanaşır. Bir də ki, görüşlər planlaşdırılanda, səmərəsi olmasa belə, Ermənistan tərəfi deyir ki, biz görüşə gedirik. Yəni onlar özünəməxsus tərzdə boşluğu doldururlar, amma səmərə haqqında düşünmürlər. Yenə də məzmuna yox, formaya üstünlük verirlər. Bu da, belə deyək, bir növ imkan verir ki, "görüşlər gedir” təəssüratı yaratsın. Guya ki, arada boşluq yoxdur, boşluq yaranmır”.

"Ermənistan tərəfinin heç bir hazırlığı yoxdur”
T.Abbasovun sözlərinə görə, əgər danışıqlar, təmaslar bir şey vermirsə, onda bu, o anlama gəlir ki, yenidən vakuum yaranır: "Ona görə də, bizimkilər, belə deyək, ciddi yanaşmanın tərəfdarıdırlar. Erməni tərəfindən fərqli olaraq Azərbaycan tərəfi söhbətlərə, müzakirələrə, məsləhətləşmələrə hazırdır. Birincisi, onlar anlayırlar ki, siyasi rəhbərlərinin elə bil qətiyyəti yoxdur ki, tutarlı bir tərəfdaş kimi oturub danışıqlar aparsınlar. Digər tərəfdən, öz mövqelərini ortaya qoysunlar. Amma mövqeləri yoxdur və mövqeləri olmadığı halda, nədən danışacaqlar? Azərbaycan tərəfi də belə formal yanaşmaya məhəl qoymur və düz də edir. Beynəlxalq praktika göstərir ki, problemləri ölü nöqtədən çıxarma məsələsində tərəflərin hamısında hazırlıq varsa, o halda nəticə əldə oluna bilər. Biz görürük ki, Ermənistan rəhbərlərinin İrəvandan səslənən mesajları göstərir ki, qarşı tərəfin heç bir hazırlığı yoxdur. Bunlar, sadəcə vaxtı boşa ötürürlər. Bu məsələnin də həllinə belə ümid bəsləmək olmaz”.
"Paşinyan bu taktikadan istifadə etməyə çalışır”
Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili bildirdi ki, 2020-ci ildə II Qarabağ müharibəsindən sonrakı prosesləri analiz etdikdə, görərik ki, Ermənistan tərəfi özünün əvvəlki taktikasına geri qayıdıb: "Bu taktikadan həm Robert Köçəryan, həm də Serj Sarkisyan geniş istifadə ediblər. Bu taktikanın mahiyyəti mümkün qədər prosesləri yubatmaq, uzunmüddətli perspektivləri gələcəyə saxlamaqdır. Hazırda Nikol Paşinyan da bu taktikadan istifadə etməyə çalışır. O, hər vəchlə çalışır ki, icraat prosesi olmasın. Konkret olaraq hər hansı bir məsələlərin icraatı baş verməsin. Hər hansı bir sənədə imza atma mərhələsinə kimi müəyyən nəticəyə gəlib çıxmasın. Ona görə də, hazırda Paşinyanın addımlarını bu kontekstdən daha aydın başa düşə bilərik”.

"Azərbaycan özü imtina etdi” deyərək....”
Ekspert vurğuladı ki, Paşinyan Soçi görüşündən sonra və daha əvvəl ayrı-ayrı platformalardakı görüşləri zamanı əldə olunan razılığın icraatını yubatmağa çalışırdı: "Bunun üçün də əlində olan bütün vasitələrdən istifadə edir. Düşünürəm ki, Paşinyanın fikrincə, ən effektiv vasitə də müəyyən sabotaj xarakterli fəaliyyətdir. Ona görə də, bir qədər əvvəl Ermənistan müdafiə naziri Qarabağa gəldi. Həmin o səfərin nəticəsi kimi 16 noyabr qarşıdurmasını gördük. Hazırda görürük ki, elə eyni forma və taktikadan istifadə edərək Azərbaycan ərazisinə Ermənistan parlamentinin deputatları gəlirlər. Burada əsas məqsəd ondan ibarətdir ki, əldə olunan razılıqları icra etmək mümkün olmasın və Paşinyanın əlində əsaslı bir səbəb olsun. Əlbəttə ki, sabotaj xarakterli bir hərəkət etmək, Azərbaycanın buna reaksiyasını gözləmək və daha sonra isə "Azərbaycan özü imtina etdi” deyərək, bu məsələdən bir qədər uzaqlaşmaq istəyirlər”.
"Bu məsələnin ardı gələ bilər”
Ə.Əlilinin fikrincə, Stokholm məsələsi göstərir ki, Azərbaycan diplomatiyası bir çox hallarda Ermənistan ssenarisi üzrə cavab verməyəcək: "Azərbaycanın özünün yanaşması var və Ermənistan tərəfinin atdığı addımları sakit qəbul etmək niyyətində deyil. Düşünürəm ki, Azərbaycanın görüşdən imtina etməsinin əsas mesajı ondan ibarət idi ki, əgər Ermənistan tərəfi sülhlə bağlı hər hansı bir irəliləyiş olmasını istəyirsə, mütləq və mütləq əldə olunan razılığın icraatına başlamalı, eləcə də, hər hansı sabotaj xarakterli təxribatlar törətməməlidir. Ona görə də, hesab edirəm ki, bu məsələnin ardı gələ bilər. Bir daha qeyd edirəm ki, son dəfə Ermənistanın müdafiə nazirinin Qarabağa səfəri 16 noyabrda sərhəddə toqquşmaya səbəb oldu və görək ermənilərin növbəti təxribatı nə ilə nəticələnəcək”.

Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər