Sosial evlərin satışı başlanır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA)
Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan edib. Belə ki,
Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı
bu il mayın 7-də saat 10.00-da başlayacaq və proses avqustun 7-dək davam
edəcək. Bu isə o deməkdir ki, təxminən 1 ay sonra sosial mənzili almaq mümkün
olacaq. Mənzillərin satışı "Elektron hökumət” portalında yaradılmış "Güzəştli
mənzil” sistemi vasitəsilə elektron qaydada həyata
keçiriləcək.
Qeyd edək ki,
yalnız "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar
mənzil almaq hüququna malikdir. Bu layihə çərçivəsində satışa 260 mənzil çıxarılır. MİDA bildirib ki,
bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı
daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə
təklif olunur. Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər
ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə
arayışlar verilib. Bu isə o deməkdir ki, mənzillər "kupça”lı olacaq.
Qiymətlərə gəldikdə isə,
ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı
mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626
manatdan başlayacaq.
Sosial ipoteka krediti
hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136
manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288
manat olacaq. Bu qiymətlər mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30
il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda realdır. Kredit götürmədən
mənzili öz pulları ilə birdəfəlik ödənişlə alan vətəndaşlar mənzilə daha ucuz
qiymətlə sahib ola biləcəklər. Bu zaman 1 otaqlı mənzil 26932 manata, 2 otaqlı
mənzil 42554 manata, 3 otaqlı mənzil isə 59063 manata təklif ediləcək.
Mənzillərin sahələrinə
gəldikdə isə, xarici perimetr üzrə mənzillərin ölçüləri də bəllidir. Belə ki, 1
otaqlı mənzillər təxminən 40 kv. metr, 2 otaqlı mənzillər 70 kv metrədək, 3
otaqlı mənzillər isə 84 kv metrədək olacaq.
MİDA-nın həyata keçirdiyi
bu layihənin əhəmiyyətini öyrənməyə çalışdıq.
Millət vəkili Azər Badamov bu layihəni dəstəklədiyini bildirdi: "Hazırda Bakı şəhərində ev almaq
arzusunda olan kifayət qədər insan var. Və MİDA-nın təklif etdiyi şərtlərlə bir
çox insan öz istəyinə çatacaqdır. Bu evlərin qiymət baxımından münasib olması,
təmirli şəkildə satışa çıxarılması digər evlərdən üstünlüyüdür. Bu da əhalini
ev aldıqdan sonra təmir xərcindən azad edir. Həmçinin mənzillərin içərisində
mebellərin də olması aztəminatlı ailələr üçün olduqca əlverişlidir. Bu kimi
layihələrin davamlı həyata keçirilməsi gələcəkdə də evə ehtiyac olan bir çox
ailələr üçün əhəmiyyətlidir. Layihənin şərtləri isə kifayət qədər yaxşıdır.
Mənzillərin əhali üçün əlçatan olmasına şərait yaradır”.
Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bu kimi sosial layihələrin xalq üçün olduqca əhəmiyyətli olduğunu
bildirdi: "Başlanğıc üçün belə bir layihənin olmağı çox yaxşı haldır. Belə
layihələrin davamlı olması vacibdir. Amma zaman keçdikcə bunu daha da
genişləndirilmiş şəkildə həyata keçirmək lazımdır. Çünki istənilən bir məsələni
zamanla mükəmməlləşdirmək olar. Hər bir azərbaycanlı vətəndaşın mənzillə təmin
olunması cənab prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən
biridir. Və bu layihə də ölkədə aparılan siyasətin sosial tərkibi olaraq davam
etdiriləcək. Burada əsasən veteranlara, gənclərə, aztəminatlı ailələrə
güzəştlər tətbiq edilir. Beləcə, onların
mənzillə təminatını şərtləndirir”.
İqtisadçı Rəşad Həsənov layihənin şərtləri ilə tanış olduğunu və onu çox yaxşı addım kimi
qiymətləndirdiyini deyir: "Güzəştli mənzil layihəsinin əsas əhəmiyyəti odur ki,
daşınmaz əmlak bazarında formalaşan qiymətlərin müəyyən qədər tənzimlənməsinə
və real bazar qiymətinin konkretləşməsinə təsir edəcək. İl ərzində daşınmaz
əmlak bazarında təxminən 30000 mənzilə ehtiyac var ki, bunun da 10%-ni agentlik
təşkil etməklə bazarda qiymətlərin əlçatanlığına müsbət təsir göstərəcək. Çünki
bildiyimiz kimi, mənzil bazarında son illər qiymətlər fantastik şəkildə yüksəlmişdi.
Əhalinin real gəlirlərinə uyğun deyildi. Amma agentliyin güzəştli mənzilləri bu
sahədə olan boşluğun az da olsa doldurulmasına şərait yaradacaq”.
Müsahibimiz qeyd edir ki, mənzilləri əldə etmək üçün qoyulan şərtlər
olduqca yaxşıdır: "Digər əhəmiyyətli tərəfi isə aztəminatlı ailələrin mənzil
əldə etmək imkanının yaxşılaşdırılmasıdır. Çünki burada təklif olunan mənzil qiymətləri
bazardakı qiymətlərdən nisbətən aşağıdır. Qiymətlər artıq müəyyənləşib. Qoyulan
şərtləri də kifayət qədər uyğun hesab edirəm. Nəzərə alaq ki, Yasamal rayonunda
tikilən orta təmirli mənzillərin qiyməti 1 kv/metr üçün 900-1100 manat arasında
dəyişir. Amma MİDA-nın təklif etdiyi evləri orta hesabla 780 manata əldə etmək
olar. Bu, əhalinin müəyyən sosial qrupunun mənzil əldə etmə imkanını artırır. MİDA-nın
binaları dövrün tələblərinə uyğun müasir şəkildə tikilib. Ekoloji və şəhərə
çıxış imkanları baxımından da olduqca perspektivli binalardır”.
Bütün bunlara baxmayaraq, elə ailələr ola bilər ki, bu mənzillərin
qiyməti onlar üçün uyğun olmasın. Buradan çıxış edən iqtisadçı bildirir ki,
MİDA-nın ikinci mənzil layihəsi başlayıb artıq və o, Hövsanda yerləşir:
"Yasamalda tikilən binaların qiymətləri əgər hansısa ailənin büdcəsinə uyğun
deyilsə, Hövsanda tikilən mənzillərdən ala bilər. Çünki coğrafi mövqeyindən
asılı olaraq həmin evlər nisbətən daha aşağı qiymətə satışa çıxarılacaq. Və bu
da imkan yaradacaq ki, daha az təminatlı ailələr yaranmış bu fürsətdən istifadə
edə bilsinlər. Ümumiyyətlə bu layihə genişmiqyaslıdır. Mənzilə ehtiyac olan
başqa şəhər və rayonlarda da belə bir layihənin həyata keçirilməsi
gözləniləndir. Və mən hesab edirəm ki, regionlarda olan binaların qiymətləri
kifayət qədər ucuz olacaq. Bu da həmin bölgədəki insanların mənzil tələbatının
ödənilməsinə kömək göstərəcək”.
Ekspert 2018-ci ilin dövlət büdcəsində bu məsələyə ayrılan vəsaitin
2.5 dəfə artırıldığını qeyd edir: "Keçən il 100 milyon idisə, bu il büdcədən
ayrılan pul 250 milyon manat nəzərdə tutulub. Bu isə layihənin əhatə dairəsinin
daha da genişləndirilməsinə şərait yaradacaq. Güzəştli mənzillərin verilməsi
layihəsini yüksək qiymətləndirirəm və zamanla şərtlərin dəyişməsi, qiymətlərin
aşağı salınması ictimaiyyətin müəyyən sosial qrupunu narahat edən mənzil
probleminin həllinə vasitəçi olacaq”.
Məsələ ilə bağlı əmlak
məsələləri üzrə ekspert Ramil Osmanlının da fikirlərini öyrəndik. Ramil bəy
güzəştli mənzil layihəsinin daşınmaz əmlak bazarına ciddi təsir edəcəyini
gözləmir: "Veriləcək mənzillər müəyyən sosial qruplara aiddir. Hesab edirəm ki,
bu, müəyyən mənada ipoteka kreditləşməsinin başqa bir formasıdır. Sosial
mənzillər tikinti bazarında müəyyən qədər canlanmaya səbəb olar bilər. Lakin bu
kimi mənzillərin sayı elə də çox deyil ki, daşınmaz əmlak bazarında qiymətə və
digər göstəricilərə təsir etsin. Nəzərə almaq lazımdır ki, bu güzəştli
mənzillərin verilmə şərtləri və qaydaları mənzil bazarında mövcud olan
əməliyyatlardan fərqlidir. Həmçinin bu mənzillər müəyyən bir dövr ərzində alqı-satqı
predmeti ola bilməz. Bu baxımdan hazırkı mərhələdə əmlak bazarına təsirindən
danışmaq çətindir. Amma gələcəkdə vəziyyət necə olacaq, deyə bilmərəm”.
Həmsöhbətimizdən sosial evlərin verilmə şərtləri ilə tanış olub-olmadığını
və qiymətlə bağlı nə düşündüyü soruşduq: "Şərtlərlə tanış olmuşam. Məncə,
açıqlanan rəqəmlər, qoyulan şərtlər müəyyən mənada normaldır. Əvvəllər
mənzillərin kvadrat göstəricilərinə görə aylıq ödəniş rəqəmləri müxtəlif idi. Bəziləri
350 manat, hətta daha yuxarı idi. Amma indi göstərilən ən yüksək rəqəm 282-288 manatdır.
Hesab edirəm ki, bu qiymət kifayət qədər normaldır”.
Günel Azadə
