• çərşənbə axşamı, 19 mart, 09:18
  • Baku Bakı 8°C

Son altı ayın sosial-iqtisadi göstəricilərinə baxarkən kifayət qədər müsbət məqamları görmək mümkündür

24.07.21 19:00 451
Son altı ayın sosial-iqtisadi göstəricilərinə baxarkən kifayət qədər müsbət məqamları görmək mümkündür
Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ölkəmizin regionlarının da davamlı inkişafında mühüm rola malikdir. Təbii ki, bu səfərlər həm də regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının ölkəmizin qərb bölgəsinə son səfəri də bu qəbildəndir.
Bu fikirlər Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil ƏliyevinAZƏRTAC-a açıqlamasında yer alıb.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından regionların davamlı inkişafının xüsusi önəm daşıdığını söyləyən Adil Əliyev deyib: "Belə ki, regionların kənd təsərrüfatı, turizm, dağ-mədən sənayesi və digər sahələr üzrə potensialından daha da səmərəli istifadə olunması iqtisadiyyatımızın qeyri-neft sektorundan asılılığını minimuma endirməklə ölkəmizin dayanıqlı inkişafını təmin etmiş olacaq. Prezident İlham Əliyevin Daşkəsənə, Naftalana və Goranboya səfəri çərçivəsində açılışını etdiyi obyektlər də ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı siyasətin bariz göstəricisidir. Bununla yanaşı, bu səfər zamanı Daşkəsəndə su təchizatı və kanalizasiya sistemlərinin, Goranboyda yeni yolun istismara verilməsi, Naftalanda körpələr evinin açılması sosial sahənin inkişafının daim dövlətimizin diqqət mərkəzində olduğunu nümayiş etdirir”.
Milli Məclis sədrinin müavini bildirib ki, Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə də bu istiqamətlərdə bütün işlərin plan üzrə getdiyini və regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icra edildiyini bir daha diqqətə çatdırdı. Dövlətimizin başçısı geniş müsahibəsində, həmçinin cari ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına ətraflı nəzər saldı və bir sıra önəmli məqamları xüsusi qeyd etdi.
"Hazırkı reallıqlar fonunda bütün dünyada iqtisadi tənəzzülün müşahidə olunduğu bir vaxtda Azərbaycan iqtisadiyyatında 2 faiz, qeyri-neft sektorunda isə 5 faiz artımın olması çox yaxşı göstəricidir və görülən səmərəli işlərin təzahürüdür. Son illər kənd təsərrüfatı sahəsində görülən işlər də öz müsbət nəticəsini verməkdədir. Bu istiqamətdə altı ay ərzində 5,6 faiz artım əldə edilib. Valyuta ehtiyatlarımızın 1 milyard dollar artması isə xüsusi diqqət çəkən məqamdır. Çünki hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır, həmçinin pandemiyanın iqtisadiyyatımıza mənfi təsirləri olub. Lakin bütün bunların fonunda valyuta ehtiyatlarımızda 1 milyard dollar artım olub ki, bu da iqtisadi siyasətimizin doğru istiqamətdə olduğunu göstərir. Bir sözlə, Cənubi Qafqaz iqtisadiyyatında 60 faiz paya malik güclü iqtisadiyyat formalaşdıran Azərbaycanda son altı ayın sosial-iqtisadi göstəricilərinə baxarkən kifayət qədər pozitiv meyilləri görmək mümkündür” , - deyə Adil Əliyev vurğulayıb.
Dövlətimizin başçısının müsahibəsində digər mühüm məqamlara da toxunduğunu, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, Şərqi Zəngəzurun və Qarabağın yenidən dirçəldilməsi istiqamətində görülən işlər barədə də ölkə ictimaiyyətinə ətraflı məlumat verdiyini xatırladan komitə sədri bildirib: "Əvvəla qeyd edim ki, bu gün azad olunmuş torpaqlarımızda görülən işlərdə vətəndaşlarımızın rəyinin nəzərə alınması və ictimaiyyətin oradakı işlərlə bağlı mütəmadi məlumatlandırılması çox müsbət amil kimi dəyərləndirilir. Bu gün minatəmizləmə işləri ilə bərabər, enerji təsərrüfatının, yol infrastrukturunun qurulması istiqamətində də mühüm işlər görülür. Prezident bu ilin sonuna qədər azad edilmiş torpaqlarda bütün elektrik təsərrüfatının qurulacağını, orada 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığın əldə olunduğunu bəyan etdi”.
Bu gün yaşadığımız postmüharibə dövründə kifayət qədər çağırışların mövcud olduğunu söyləyən Adil Əliyev bildirib ki, Azərbaycan postmüharibə dövrünün gündəliyinin böyük qismini müəyyən edir. Düşünülmüş siyasət, hücum diplomatiyamız, vaxtında atılmış addımlar sayəsində ölkəmiz müharibədən sonrakı vəziyyətə də tam nəzarət edir və bütün işlər uğurla aparılır. Bununla yanaşı, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın özündə belə siyasi gündəliyin müəyyən hissəsi məhz Azərbaycan tərəfindən formalaşdırılır. Bu gün nəinki regionda, hətta artıq dünya miqyasında ən çox danışılan mövzulardan biri də Zəngəzur dəhlizinin açılması məsələsidir. Azərbaycan Televiziyasına müsahibə zamanı Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən müxtəlif qüvvələrə də qəti mövqeyimizi bir daha açıq və birmənalı şəkildə çatdıraraq dedi: "...bizim mövqeyimiz dəyişməz olaraq qalır və Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır”. Əlbəttə ki, bu dəhlizin açılması Ermənistan da daxil olmaqla bölgənin inkişafına, region xalqlarının maraqlarına xidmət edəcək. Həmçinin yeni regional əməkdaşlıq formatı üçün əlverişli zəmin yaradacaq. Ona görə də bu dəhlizin və digər kommunikasiyaların açılması Ermənistandakı hazırkı ağır və acınacaqlı vəziyyətdən yeganə çıxış yoludur. Təəssüf ki, Ermənistan rəhbərliyi və bəzi qüvvələr hələ də bunu dərk etmək istəmirlər.
Təbii ki, müharibədən sonra sülh danışıqlarının başlanması, kommunikasiyaların açılması gözləniləndir. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə buna hazır olduğunu bəyan edib. Lakin hələ də yeni reallıqlarla barışmaqda çətinlik çəkən Ermənistan müxtəlif bəhanələrlə bu prosesdən yayınır, bu ölkədəki siyasi qüvvələr isə pozuculuq fəaliyyətlərini davam etdirmək istəyirlər. Prezident İlham Əliyev müsahibəsində Ermənistanda bu cür düşünənlərə statusun yerini xatırladaraq xəbərdarlıq etdi: "Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”.
banner

Oxşar Xəbərlər