şənbə, 02 Iyul, 00:01

Baku Bakı 22°C

Əskişəhərdə Azərbaycan mədəniyyət və incəsənət günlərinin açılışı olub

icon 331 icon 26 may 2022 | 11:00 Əskişəhərdə Azərbaycan mədəniyyət və incəsənət günlərinin açılışı olub

Türkiyənin Əskişəhər Osmanqazi Universitetində 28 May - Müstəqillik günü, həmçinin Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30 illiyi münasibətilə “Azərbaycan Mədəniyyət və İncəsənət Günləri” keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, mədəniyyət tədbirinin ilk günündə Azərbaycanın Türkiyədəki səfirliyinin, İstanbuldakı Baş Konsulluğunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Əskişəhər Osmanqazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən proqram çərçivəsində səfir Rəşad Məmmədov Osmanqazi Universitetinin rektoru Kemal Şenocakla görüşüb.

Ölkəmizin İstanbuldakı Baş Konsulu Nərminə Mustafayeva, Milli Məclisin deputatı Fazil Mustafa və UNEC-in prorektoru Gəray Musayevin də iştirak etdiyi görüşdə Osmanqazi Universitetinin rəhbərliyinə proqrama göstərdiyi dəstəyə görə təşəkkür edilərək, bu kimi tədbirlərin təşkilinin Azərbaycan mədəniyyəti və incəsənətinin qardaş ölkənin gənc nəslinə daha yaxından tanıdılmasına töhfə verdiyi vurğulanıb.

Görüş sonrası Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyini əks etdirən fotosərginin açılışı baş tutub. Azərbaycan Mədəniyyət və İncəsənət Günləri proqramının rəsmi hissəsi çıxışlar ilə başlayıb.

Səfir Rəşad Məmmədov çıxış edərək, Azərbaycan - Türkiyə münasibətlərinin xüsusi xarakterə malik olması və bu münasibətlərin türk dünyası üçün önəmindən bəhs edib. Baş konsul Nərminə Mustafayeva bu kimi qarşılıqlı mədəni tədbirlərin keçirilməsinin ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğunu bildirib.

Milli Məclisin deputatı Fazil Mustafa çıxışında münasibətlərimizin tarixinə diqqət çəkərək, Azərbaycan və Türkiyənin hər zaman bir - birini bütün platformalarda dəstəklədiyini qeyd edib. Proqramın bədii hissəsində UNEC - in Yaradıcılıq Mərkəzinin və Türkiyədə fəaliyyət göstərən "Xəzər" Azərbaycan Xalq Rəqsləri Dərnəyinin musiqi qrupları öz çıxışları ilə Azərbaycan musiqisini və xalq rəqslərini nümayiş etdirib.