Siz müəyyən müddətə gözəllik qazanın, həkim də pul, amma…

Stomatoloqlar zirkon qapaqlara və vinirə ehtiyac
olarsa, müraciətin tərəfdarıdırlar
Gözəl
görünüş naminə sağlam dişlərinə zirkon qapaq, vinir taxılmasına gedənlərin sayı
son vaxtlar daha çoxdur. Günü-gündən bu üsullarla gözəl dişlərə sahib olmaq
istəyənlərin sayı da artmağa doğru gedir. İstəyib etdirmək, gözəllik öz
yerində, ancaq burda həm də dişlərin sağlamlığı məsələsini düşünmək lazımdır.
Çünki hər ikisində dişlər yonulur, zirkonda tam şəkildə qapaq altına salınır.
Maraqlıdır, sağlam dişlərə bu prosedurlar necə təsir edir? Dişlərin ömrünü nə
dərəcədə qısaldır?
Həkim-stomatoloq Rəsul Tağıyev deyir ki, zirkon qapaqlara, vinirlərə ehtiyac
olduğu zaman müraciət etmək lazımdır: "Bəzən dişlərin rəngi anadangəlmə sarı,
yaxud bozumtul olur. Təbii ki, bunları stomatologiyada tətbiq olunan ağardıcı
sistemlər vasitəsilə aradan qaldırmağa çalışırıq. Bu sistemlər sarı dişlərdə
effektli olsa da, bozumtul dişlər çox vaxt ağarmaya tabe olmur. Bu zaman
vinirə, zirkon qapaqlara üz tutmağı başa düşmək olar. Ancaq bəzən, sadəcə
olaraq, bir kaprizdən dolayı bunu etdirirlər. Baxırsan ki, dişlərin forması,
rəngi normaldır. Ancaq xanım istəyir ki, mərkəzi kəsici dişləri bir az uzun
olsun. Hansısa məşhurun, məsələn, Ebru Gündeşin dişləri formasında olması üçün
etdirir. Bu halda məsləhət görməzdim”.
Stomatoloq
bildirdi ki, qapaq altında olan diş ağız suyu vasitəsilə qidalana bilmir və bu
da həmin dişin ömrünə təsir edir: "Sağlam, yonulmamış dişin ömrü daha uzun
olar, nəinki yonulmuş. Nə qədər gözəl materialdan hazırlansa da, dişin sərt
toxumaları yonulur. Vinirdə diş tam qapaq altına salınmır. Ancaq zirkon qapaqda
dişin hər tərəfi yonulur və tam qapaq altına salınır. Bu zaman, təbii ki, ömrü
azala bilir. Yonulmuş qapaq altında olan diş ağız suyu vasitəsilə qidalana
bilmir. Əgər siniri varsa, qan damarları vasitəsilə qidalanır. Əgər siniri də
çıxarılıbsa, üstünə qapaq keçirilirsə, o diş nə ağız suyu vasitəsilə qidalanır,
nə də qan damarları”.
Vinir və
zirkon qapaqların uzunömürlü olmadığını bildirənlər də var. R.Tağıyev deyir ki,
bu qapaqların ömrünün uzun-qısalığı bir neçə amildən asılıdır: "Burada müddət
deyilməsinin tərəfdarı deyiləm. Bu o demək deyil ki, həkimin kabinetindən çıxan
kimi diş xarab olacaq. Ancaq mütəxəssisdən asılı olan və olmayan məsələlər var.
Yonulmanın protokol üzrə aparılması, istifadə edilən sementin keyfiyyəti,
qapağın kənarlarının dişin boynunu kip əhatə edib-etməməsi və s. kimi səbəblər
həkimdən və diş texnikindən asılıdır. Pasientin dişlərinin (alt və üst dişlərin
bir-birinə toxunması) necə olmasından tutmuş hər bir nüansı nəzərə almaq
vacibdir. Elə dişlər var ki, orda vinir etmək əks göstərişdir, amma bəzən
həkimlər bunu edirlər.
Pasient
həkimin kabinetindən çıxan kimi diş üzərində nəzarət həkimdən çıxır. Hər bir
işi bitirəndən sonra həkim konkret tövsiyələr verməlidir. "Nə olar, nə olmaz”
haqda. Bundan sonra pasient onlara əməl etməlidir. Bəzən bu dişlərlə çox sərt
nələrsə yeyir və diqqət etmirlər.
Həkim
qeyd etdiyim nüansları nəzərə almasa, qapaqlarda sınma, yerindən çıxma, çatlama
kimi hallar yaşana bilir. Ancaq həkim hər bir prosesi diqqətdə saxlayıb işləsə,
pasient həkimin tövsiyələrinə riayət etməsə, yenə eyni problemlər yaşana bilir.
Digər
tərəfdən, insanın orqanizmində hər hansı hormonal pozğunluq - vitamin D,
kalsium və fosfor əskikliyi varsa, mütləq çənələrdə, dişlərdə özünü göstərir.
Bəzən qadınların klimaksa yaxın və klimaks dövründə, yaxud laktasiya dövründə
qapağın altında diş sınır. D vitamini, kalsium və fosfor əskikliyi yaranır və
belə hal yaşanır. Bu, həkimdən, qulluqdan asılı olmayan məsələdir”.
R.Tağıyev
bildirdi ki, "dişlərim qapaqdır, həkimə ehtiyacım yoxdur” demək yanlışdır: "Bu
cür qapaqlar qoyduran şəxslər 6 aydan bir həkim müayinəsində olmalıdırlar.
Qapaqlara baxdırmaq lazımdır. Əgər həkim müdaxiləsinə ehtiyac varsa,
edilməlidir. Məsələn,diş əti çəkilə bilər. Yaxud dişin hansısa hissəsi
yaxşı təmizlənmir və ora qida toplanır. Həkim bunu müayinədə görüb daha
diqqətli olmağı tövsiyə edə bilər”.
Həkim-stomatoloq Vüqar Qarayev deyir ki, pasient zirkon diş üçün gəlirsə, amma
müayinə zamanı dişlərinin sağlam olduğunu görürsə, onu fikrindən daşındırmağa
çalışır: "Əvvəllər metal keramika qapaqlar daha çox istifadə edilirdi. Son
dövrlər isə zirkon qapaqlar geniş tətbiq edilir. Daha gözəl görünür, qoxusu
olmur, qaralmır, turşuluq vermir və s. üstünlükləri çoxdur. Dişdə 3-cü dərəcəli
kariyes yaranıbsa, diş qırılıbsa, zirkon edirik ki, estetik görünüş bərpa
olunsun. Amma bəzən pasient zirkon diş üçün gəlir, müayinə edəndə görürəm ki,
dişlər sağlamdır. Sırf estetik üçün zirkon taxdırmaq istəyir. Belə pasientlər
çoxluq təşkil edir. Bu zaman pasientə ehtiyac olmadığını, sağlam dişlərini
yondurub qapaq taxdırmağı məsləhət görmədiyimi bildirirəm. Sağlam dişlə
gələnlərə izah edirik ki, 10-15 illik gözəllik qazanacaqsınız, biz də pul. Amma
10-15 il sonra qapağın altındakı dişlər sıradan çıxacaq. Peşman ola bilərlər.
Az da olsa fikrini dəyişənlər olur. Yenə də biz bu söhbəti edirik. Çünki həkim
kimi borcumuzdur. "Diş mənimdir, yon” deyənlər də çox olur. Pasientlərin çoxu
xanımlardır. Onları da yəqin ki, bilirsiniz, bir şeyi beyinlərinə salıblarsa,
fikirlərindən daşınmaları çətindir. Biz məlumat veririk, amma pasient israr
edirsə, bu zaman, təbii ki, işimizi görürük”.
V.Qarayev
deyir ki, vinir dişlərə daha az zərər vurur: "Vinir sırf estetik bərpa üçündür.
Vinirdə dişin ön tərəfi 0,1-0,3 milli (dişdən asılıdır) yonulur və taxılır.
Zirkondakı kimi hər tərəfli yonulmur. Bəzən vinir-lüminir olunur, bu zaman
dişlər, ümumiyyətlə, yonulmur. Vinir qoyularkən diş yonulursa, bu da müəyyən
qədər dişin sağlamlığına zərər vurur, amma zirkon qədər yox”.
V.Qarayev
deyir ki, bu dişlərin ömrü müxtəlif amillərdən asılıdır. Həkim ancaq gördüyü
işə, qapaqların keyfiyyətinə zəmanət verə bilər: "10-15 il dediyimdə, məsələyə
ümumi yanaşdım. Amma ola bilər ki, zirkon qapağın altındakı diş 5 il sonra
sıradan çıxsın. Qapaqlara qiymətindən asılı olaraq zəmanət veririk. Deyirik ki,
sınsa, dağılsa, biz onu təmənnasız dəyişirik. Amma sabah dişiniz qapağın altında
sıradan çıxacaqsa, biz ona zəmanət vermirik. Orqanizmə heç kim zəmanət verə
bilməz. Çünki heç kim qapağın altındakı dişin nə vaxt çürüyəcəyini bilmir”.
Qısası,
dişlər sağlamdırsa, görünüşü də normaldırsa, həkimlər də görünüş üçün dişləri
yondurmağı məsləhət görmürlər. Yenə də seçim hər kəsin özünə qalır.
Aygün
Asimqızı
