• cümə axşamı, 28 mart, 15:36
  • Baku Bakı 16°C

Sitrus meyvələrinin idxalı azalıb

19.05.20 17:20 1705
Sitrus meyvələrinin idxalı azalıb
Amma hələ də daxili tələbatımızı ödəmək iqtidarında deyilik

2020-ci ilin martında Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı 2019-cu ilin martı ilə müqayisədə 11 faiz azalıb. Bunu Trend-ə Türkiyənin Meyvə-Tərəvəz İxracatçıları Birliyindən deyiblər. Məlumata əsasən, ötən ay Türkiyə Azərbaycana 3,466 min ton sitrus meyvəsi ixrac edib. Bu, Türkiyənin ümumi sitrus ixracının 3 faizini təşkil edir. Mart ayında Türkiyədən Azərbaycana ixrac olunan sitrus meyvələrinin ümumi məbləği 1,3513 milyon dollara bərabər olub. Bu, 2019-cu ilin martı ilə müqayisədə 4 faiz azdır. Ötən ay Türkiyə dünya bazarlarına 178,866 milyon dollar məbləğində meyvə və tərəvəz ixrac edib ki, bu da 2019-cu ilin martı ilə müqayisədə 25 faiz çoxdur.
Bəs görəsən özümüzün sitrus meyvələrinə olan tələbatımızı niyə ödəyə bilmirik? Daha hansı ölkələrdən məhsul idxal edirik?
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, sitrus meyvələrinin idxal həcminin azalmasının əsas səbəblərdən biri pandemiyanın alıcılıq gücünü aşağı salması oldu: "Bazarda tələb aşağı düşdükcə, idxal da azalıb. Digər səbəblərdən biri isə nəqliyyat xərclərinin artmasıdır. Bu fonda sahibkarların xərcləri də artıb. Azərbaycan öz daxili bazarını sitrus meyvələri ilə tam təmin edə bilmir. Bazarlarda kifayət qədər xarici ölkələrdən gətirilən sitrus meyvələrinə rast gəlmək olur. Düzdür, fermerlər son illər ərzində bu istiqamətdə daha peşəkar yanaşma ortaya qoyub. İnnovasiyanın imkanlarından istifadə edildiyinə görə məhsuldarlığın həcmi son illərdə xeyli artıb. Bu məhsul növləri üzrə ixrac həcmləri müəyyən qədər genişlənib. Amma ərzaq balansının strukturuna baxsaq, sitrus bitkiləri də daxil olmaqla bir çox məhsullar üzrə daxili bazarı hələ də tam təmin edə bilmirik. Nəzərə almaq lazımdır ki, sitrus bitkilərinin istehsalı spesifik zonalarda mümkündür. Azərbaycanda bu bitkilər əsasən cənub bölgəsində becərilir. Ərazi aspektindən yanaşsaq, bu sahə üzrə fəaliyyət imkanları nisbətən məhduddur. Aqrar sahə daha spesifik və intensiv yanaşma tələb edir. Ekstensiv metodlarla istehsalın artırılması mümkün deyil. Düşünürəm ki, bu sahə üzrə mövcud resurslardan tam olaraq istifadə edə bilmirik. Amma əvvəlki illərlə müqayisədə son bir neçə ildə bu sahə üzrə daha peşəkar mövqe ortaya qoyulub. Hökumət də müvafiq dəstək planları sahibkarların marağını artıra bilər. Çünki burada söhbət uzunmüddətli investisiyadan gedir. Sitrus meyvə sortlarının əkilib-becərilməsi uzun müddətli investisiya tələb edir. Bu bitkilərin məhsulvermə dövrü 4 ildən sonra başlayır. Buna görə də daha uzunmüddətli, güzəştli maliyyəyə çıxış imkanlarının təmin olunması sahibkarlıq təşəbbüslərini dəstəkləyə və istehsal həcmini artıra bilər”.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyir ki, sitrusçuluq Azərbaycana yeni bir sahə kimi XX əsrin əvvəllərində gəlib. Bu sahə 2007-ci ildən sonra inkişaf etməyə başladı: "O dövrə qədər bu sahəyə hobbi kimi yanaşmalar irəli sürülürdü. 2007-ci ildə birbaşa və dolayı dövlət dəstəyi mexanizmi başladıqdan sonra meyvəçiliyin bir strukturu olaraq peşəkar yanaşma irəli sürüldü. Bizdə sitrusçuluq yalnız cənub zonasında inkişaf edib. Kənd təsərrüfatının yeganə sahəsidir ki, yalnız bir bölgə üzrə inkişaf edib. Torpaq-iqlim şəraitinə və xarakterinə görə sitrus meyvələri yalnız cənubda yetişir. Bizdə əsasən kivi, naringi, portağal, limon və feyxoa əkilir. Yəni, ekzotik sitrusçuluq bizdə hələ inkişaf etməyib. İstehlak bazarında daha çox kivi alınır. Bizdə kivinin əkilmə sahəsi 150 hektara çatır. Bu isə çox azdır. İllik istehsalın həcmi isə 200 tona yaxındı. Narınginin əkin sahəsi 1625 hektardır. Uzunillik əkmə olduğuna görə birdən-birə məhsula düşür. Ən çox maraq doğuran sitrus meyvələrindən biri də portağaldır. Azərbaycanda portağalın əkin sahəsi artaraq 500 hektara çatıb. İllik istehsal həcmi 3000 tona yaxındır. Limon isə 580 hektar ərazidə əkilir. İllik istehsal həcmi 4000 tondan bir qədər çoxdur. Limona ehtiyac çox olduğuna görə İrandan, Türkiyəyə, Gürcüstandan ölkəmizə limon ixrac olunur. Maraqlı sahələrdən biri də feyxoadır. Bizdə bu meyvənin əkin sahəsi hələlik 1000 hektardır. Ümumi istehsal həcmi isə on min tona yaxındır. Ümumilikdə götürəndə sitrus meyvələri üzrə yerli istehsal ölkənin tələbatını tam təmin edə bilmir. Bu sahə üzrə saxlama yeri və emal imkanları aşağı səviyyədədir. Xüsusən də payız-qış mövsümündə bu meyvələr daha çox idxal olunur. Çünki yaz və yay mövsümlərində sitrus meyvələri bir o qədər də istehlak olunmur”.
Ekspert deyir ki, bu ildən başlayaraq sitrus bağları üzrə çoxillik əkinlərə subsidiyaların verilməsi elan olunub: "Ümid edirik ki, dövlət dəstəyi sitrusçuluğun genişlənməsinə imkan yaradacaq. Hər il təsərrüfatda meyvəçiliyin bu növü üzrə müəyyən risklər olur. Mövsümün əlverişsiz və quraq keçməsi əsas problemlərdən biridir. Sitrus meyvələri rütubətliyi və yağıntını sevir. Quraq mövsümlərdə ziyanvericilər aktivləşməyə başlayır. Fermerlər bu ziyanvericilərlə mübarizə apara bilmirsə, məhsuldarlıq xeyli aşağı düşür. Cənub bölgəsində iqlim anomaliyaları var. Sitrus meyvələri əsasən dağlıq və dağətəyi ərazilərdə yetişir. Güclü şaxtalar ümumi göstəriciyə ümumi ziyan vurur. Ümumilikdə bu sahə üzrə müxtəlif problemlər var ki, məhsulun ümumi həcminə ciddi təsir edir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər