AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Seriallar qadınlar üçün çəkilir?

Seriallar qadınlar üçün çəkilir?

Mədəniyyət
19 Fevral 2020, 09:30 3329
Mütəxəssislər ailə-məişət mövzusunda davam edən hadisələrin qadınları daha çox maraqlandırdığını deyirlər
 
Bəzən serialın bir xəstəlik olduğunu deyirlər. Baxdıqca, hadisələrin necə cərəyan etdiyini gördükcə, sona qədər izləmək, nəticənin necə olacağını bilmək istəyirik. Serialı kinonun uzadılmış və insanları maraqda saxlayan bir növü hesab edənlər də az deyil.

Rejissorlar və ssenaristlərlə söhbət etdikdə isə, daha çox serialların evdar xanımlar üçün nəzərdə tutulduğunu və serial üçün ssenari yazıldıqda, daha çox xanımların maraqlarının üstünlük təşkil etdiyini deyirlər. Məhz bu səbəbdən ailə-məişət mövzusunda çəkilən filmlərin çoxluğunu nümunə göstərirlər. Ancaq seriala baxan kişilərimiz də az deyil. Onda belə çıxır ki, kişilərimiz də xanımların maraq dairəsinə xidmət edən serialları izləmiş olurlar. Görəsən doğrudanmı, seriallar evdar xanımlar üçün çəkilir? Bu mövzuda, ən çox izlənilən serialların yaradıcı heyətləri ilə danışdıq. Onlardan serial çəkərkən hansı audotiriyaya xitab etdiklərini xəbər aldıq. 
 
"Məqsədimiz serialda baş verən hadisələri uzatmaq deyil”

Xəzər televiziyasında yayımlanan "Ata ocağı” serialının baş rejissoru Rüfət Şahbazovteleviziyaya baxan kütlənin daha çox qadınlar olduğunu deyir: "Yazılan ssenarilər qadınlara hesablanmasa belə, televiziyaya daha çox evdar qadınlar baxır. Çünki onlar bütün günü evdə olur, gündəlik işlərini görür və günün sonunda istirahət etmək üçün televizoru açırlar, bu an da televiziyada serial nümayiş olunur. Biz heç vaxt seriallardakı konfliktləri qadınlara görə hesablamırıq. Mövzularımızı cəmiyyətdəki problemlərdən götürürük. Əvvəllər düşünürdüm ki, çəkdiyim seriala ancaq xanımlar baxır. Sonra bölgələrə getdikdə, serialımız haqqında orta və yaşlı nəslin nümayəndələrindən ibarət olan kişilər fikir bildirirdilər. Hətta elə ailələr tanıyıram ki, kişi işdən evə gəlir, birinci xəbərləri izləyir, sonra "Ata ocağı” serialına baxır. Gündəlik rejimi belədir. Bəzi ailələr isə deyirlər ki, "Ata ocağı” serialı həyat tərzimizə çevrilib. Biz də çalışırıq, elə mövzular işləyək ki, təkcə qadınların həyatına toxunan hadisələr olmasın. Baxıb örnək götürəcəkləri mövzular olsun. Bizim qələm qrupumuzun rəhbəri Valeh Əhmədov və yazar qrupu bunu nəzərə alır. Məqsədimiz serialda baş verən hadisələri uzatmaq deyil, insanlara yaşanan hadisələrdən çıxış yolunu göstərməkdir”.

R.Şahbazov serial tamaşaçılarının 70 faizini evdar qadınların təşkil etdiyini bildirir: "Digər nəslin nümayəndələri isə mobil telefonlar vasitəsilə sosial şəbəkədən istifadəyə üstünlük verirlər. Bizim televiziyanın tamaşaçıları arasında xanımlarla bərabər, yaşlı nəslin nümayəndələri də az deyil. Onlar da əsasən televiziyaya baxırlar və sosial şəbəkə ilə çox da əlaqələri yoxdur”.

Rejissor bəzən "biz yerli telekanallara və seriallara baxmırıq” kimi fikirlər səsləndirənlərlə rastlaşdığını da bildirir: "Biz "mən seriallarımıza baxmıram” deyən insanların səmimiyyətinə inanmırıq. Sanki bu, dəb halını alıb. Təkcə seriallar deyil, özlərini çevrələrinə "cool” göstərmək üçün "Azərbaycan seriallarına, televiziyasına baxmıram”, "yerli müğənnilərimizi dinləmirəm” kimi ifadələr səsləndirirlər. Yaranan proses isə milliləşməkdən üz çevirmək deməkdir. Qınından çıxıb qınını bəyənməmək anlamına gəlir. "Yerli seriallara baxmıram” deyən insanlarla bir qədər söhbət etdikdən sonra çəkdiyim seriallar haqqında nöqsanlar deyirlər və bu da mənim xoşuma gəlir. "Baxmıram” deməklə deyil ki. Mən Azərbaycan televiziyasına, seriallarına baxıram, xəbərləri izləyirəm. Bütün bunların nəzdində xarici filmləri də izləyirəm, musiqiləri də dinləyirəm, dünyada baş verən yeniliklərdən də xəbərdaram. Yəni bunların hər ikisini bir arada etmək olar. Xaricilərin çəkdikləri serialları da izləyirəm. Müəyyən təbəqə ola bilər ki, yerli seriallara baxmasın. Bu normaldır, onların zövqü başqadır, yaxud televiziyaya baxmağa vaxtları yoxdur. İstədikləri materialı "Youtube”dan izləyirlər. Müəyyən təbəqə isə özünü prestijli göstərmək üçün yerli məhsullarımızı aşağılayır. Bu, xəstəlikdir, milli-mənəvi dəyərlərimizə zərər verir”.
 
"Serialların çoxu qadınlara hesablansa da, mənim çəkdiyim seriallara daha çox kişilər baxır”
 
Xəzər televiziyasında yayımlanan "Xalxın evi”, "Ay yay yay” komediya seriallarının baş rejissoru, əməkdar artist Ramin Hacıyev bildirir ki, serial çəkəndə, ona əsasən qadınların baxacağını nəzərdə tuturlar: "Ancaq bu, televiziyadır, qarşısında kim otursa, baxır. Elə kişilər də serialları izləyirlər. Ancaq onlar evə gələndə, birinci xəbərlərə baxmağa çalışırlar. Komediyaya kişi də, qadın da baxır. Məncə, komediyaya kişilər daha çox baxırlar. Amma ümumilikdə, ssenari yazıldıqda, qadına yaxın mövzu götürürük. Komediya seriallarında qeybət, qadına xas olan situasiyalar olur. Ancaq kişi üçün bu situasiya elə də maraqlı deyil. Qadınlar var ki, seriallara aktyorların geyiminə görə baxırlar. Ancaq kişi üçün o qədər də maraqlı deyil. Serialların çoxu qadınlara hesablansa da, mənim çəkdiyim seriallara daha çox kişilər baxır. "Xalxın evi” serialı qadına meyilli və yaxın mövzudur. Ancaq bizim üçün tamaşaçı tamaşaçıdır”. 
 
"Serialın mövzusu gündəlik həyatımızdan olmalıdır ki, insanlara toxuna bilsin”
 
ARB telekanalında yayımlanan "Baldız” serialının baş rejissoru Əziz Şahbazov deyir ki, dram janrında olan serialların çoxu ailə-məişət üzərində qurulub: "Serialımız ailə-məişət mövzusunda olduğu üçün tamaşaçılarımız arasında qadınlar üstünlük təşkil edirlər. Çünki mövzu əsasən qadınların maraq dairəsindədir. Dram seriallarında gündəlik baş verə biləcək hadisələr göstərilir deyə, xanımlar da orada özlərini görürlər. Onların gündəlik həyatından bəhs edir və bu da xanımların marağını çəkir. Serialın mövzusu gündəlik həyatımızdan olmalıdır ki, insanlara toxuna bilsin”. 

Rejissor tamaşaçıların daha çox yerli seriallara baxdıqlarını vurğulayır: "Kim deyir ki, yerli seriala baxmıram, o insan yalan danışmış olur. Kimlər ki bunu deyir, elə seriallara baxan da özləridir. Azərbaycan seriallarının auditoriyasının 90 faizini elə onlar təşkil edir. Çünki həmin sözləri işlədənlər baxmadığı təqdirdə, obrazların adını necə əzbərləyirlər? Özlərini "Netflix”ə çıxan seriallarla ağıllı göstərməyə çalışırlar, guya yaxşı iş görürlər”.
 
"Serialımızın adında "qadın” sözü olsa da, kişi tamaşaçılarımız da var”

ATV telekanalında nümayiş olunan "Bir qadın” serialının baş rejissoru Şahin Qəhrəman deyir ki, son iki ildə çəkdiyi seriallar daha çox qadın auditoriyasına hesablanıb: "Çəkdiyim son seriallarda hadisələr ailə-məişət mövzusu üzərində cərəyan edir. Bu mövzu da gəlin-qaynana münasibətləri, ailədə baş verən problemlərdən qaynaqlanır. Deməzdim ki, auditoriyamızın hamısı qadınlardan ibarətdir. Çəkdiyimiz seriallara kişilər də baxır. Ancaq nəzərdə tutulan auditoriya daha çox qadınlardır. Sizə adi bir nümunə göstərim. Xanım yoldaşıyla toydan gəldikdə, kişidən soruşanda ki toy necə keçdi, deyir, toydur da. Qadından soruşduqda isə, o, toydan ətraflı, geniş şəkildə danışmağa başlayır. Əksər qadınlar belə şeyləri sevirlər. Biz də çəkdiyimiz serialda hər bir qadının özünü görə biləcəyi nələrisə göstərməyə çalışırıq. Kiminsə ailəsində qayınana, kiminsə ailəsində baldız problemi, uşaq və başqa problemlər var ki, onları tamaşaçılara çatdırırıq. Qadın auditoriyası belə mövzulara daha həssasdır. Ancaq kişilərdə belə deyil. Kişilərin baxdığı daha çox kriminal, detektiv, tarixi seriallar – yəni konkretlik tələb edir. Biz serial çəkəndə, qadınların maraq dairəsini nəzərə alırıq. Bu təkcə bizdə deyil, dünya serial sistemində eyni proses baş verir. Bizim serial da "Bir qadın” olduğu üçün daha çox xanımları nəzərə almışıq. Biz cəmiyyətdə baş verənləri olduğu kimi qadınlara göstərməyə çalışırıq. Serialımızın adında "qadın” sözü olsa da, kişi tamaşaçılarımız da var”.
 
"Seriallara yalnız qadınlar baxır” fikrini formalaşdırmaq düzgün deyil”
 
ARB telekanalında yayımlanan "Atılmışlar” və "Yad gəlin” seriallarının ssenaristi Pərviz Seyidli bildirir ki, ssenarinin qadınların maraq dairəsinə uyğun olması sifarişdən asılıdır: "Serial izləyənlərin daha çox evdar qadınlar olduğunu nəzərə alsaq, seriallarımız ailə-məişət mövzusunda olur. "Yad gəlin” serialı da bu mövzudadır. "Atılmışlar” isə dramdır və bütün təbəqələr üçün nəzərdə tutulub. Hazırda daha çox kütlə buna baxır və biz də onu işləyirik. Verilən büdcə tələb olunan materiala uyğun olduğu üçün mövzunu da bu istiqamətdə işləyirik. Bizə sifariş olunan tarixi mövzu, detektiv janr olsa, sabah oturub onu işləyəcəyik. Tələbat nəyədirsə, o istiqamətdə çalışırıq. Ancaq gündəlik işlədiyimiz seriala onlardan da bir az qatırıq. Yəni bir az detektiv, komediya da əlavə etməyə çalışırıq. Amma əsas mövzu ailədaxili münasibətlərdir”.

Ssenarist deyir ki, kişilərimiz də seriallara baxırlar, ailə deyəndə isə, daha çox qadınlar nəzərdə tutulur: "Ailə-məişət mövzusunda baş verənlərdən bəhs edildikdə, kişi də ailənin bir üzvüdür. Onun problemi əgər serialda baş verirsə, bu, kişini də maraqlandırır və müəyyən qədər narahat edir. Ancaq cəmiyyətdə "seriallara yalnız qadınlar baxır” fikrini formalaşdırmaq düzgün deyil. Bu təkcə serialda elə deyil, statistik məlumatlara görə, xanımlar bəylərdən daha çox kitab oxuyurlar. Bu statistika seriallar üçün də keçərlidir. Sosial şəbəkələrdəki yanaşma tərzləri, müraciətlər, replikalar, şərhlər qadınların seriallara daha çox baxdığını göstərir. Ancaq konkret olaraq serial çəkiləndə nəzərdə tutulmur ki, yalnız qadınlar baxmalıdır. Serial yalnız tamaşaçı üçün çəkilir. Bizdə bu gün ailə-məişət mövzusu daha çox gündəmdədir, bu mövzuya təkcə qadınlar deyil, kişilər də baxır. Danılmaz faktdır ki, seriala baxanlar arasında qadınlar daha çox üstünlük təşkil edir”. 
 
Xəyalə Rəis