• çərşənbə axşamı, 17 iyun, 09:15
  • Baku Bakı 21°C

“Səni sevirəm” deməkdən heç zaman çəkinməmişəm

01.09.16 12:58 1953
“Səni sevirəm” deməkdən heç zaman çəkinməmişəm
Türk musiqisinin canlı əfsanəsi Zerrin Özer son illər üzləşdiyi narahatlıqlara görə musiqidən bir qədər uzaq düşmüşdü. Ancaq ötən ay "Harbiden git” adlı albomunu tamaşaçılara təqdim etməsi ilə musiqi dünyasına geri dönüşünü elan etdi. İfaçının bu addımı tamaşaçıları tərəfindən müsbət qarşılandı.Türkiyə mətbuatına müsahibə verən Z.Özer səhnə üçün darıxdığını deyir. Türk dünyasının tanınmış sənətçisinin yerli mətbuata verdiyi müsahibəni sizə təqdim edirik.

- Zerrin xanım, uzun müddətdir ki, şou aləmində yoxsunuz. Yeni albomunuzun işıq üzü görməsi ilə bu sənətdə hələ də var olduğunuzu sübut etmiş oldunuz. Necə oldu ki, belə bir albom çıxarmağa qərar verdiniz?
- Uzun müddətdir ki, səhhətimlə bağlı problemlər yaşayırdım. Məhz bu səbəbdən sənətdən bir qədər kənar düşmüşdüm. Müalicəm xeyli çəkdi. Bilirsiniz ki, əvvəllər öz üzərimdə daha çox çalışırdım, yaradırdım. Mütəmadi olaraq televiziyada verilişlərə çıxırdım. Özüm də dövlət televiziyamızda - TRT-də veriliş aparıcısı idim. Bunun üçün albom çıxarmağa vaxtım yox idi. İndi isə özümü çox gümrah hiss edirəm. Yeriyə, qaça, hətta rəqs edə bilirəm. Bu pozitiv enerjimi böyük bir albom ilə mükafatlandırdım. Prodüserim Kamal Aslanla birlikdə çox uğurlu bir layihəyə imza atdıq. Nə yaxşı ki, belə bir albom çıxardım. Bu albomum işıq üzü gördükdən sonra fanlarımın, sevənlərimin mənim üçün darıxdığının bir daha şahidi oldum.

- Bir müddət musiqidən imtina etdiniz və "Paşa gönlüm” mahnısı ilə yenidən sənətə geri döndünüz. Nə üçün yaradıcılığınızda belə uzunmüddətli məsafələr qoyursunuz?
- Mən heç zaman musiqidən uzaqlaşmamışam. Musiqi mənim nəfəsim, yaşam qaynağımdır. Bəzən içimə qapanıb özümü, daxilimi dinlədiyim zamanlar olur. Şou biznesdən uzaq dursam da, musiqi dinləyərkən içimdə onu doya-doya yaşayıram. Biz sənətçilər duyğusal insanlarıq. Ona görə də zaman-zaman özümüzə qapanma hallarımız ola bilər.

- Bir dəfə Azər Bülbül ilə münasibətinizin olmadığını qeyd etmişdiniz. Ancaq yeni albomunuzda onun "Duyğularım” mahnısını ifa etmisiniz. Bu necə ola bilər?
- Bəli, albomda yer alan ikinci mahnımız Azər Bülbülə məxsus olan möhtəşəm bir əsər oldu. Onunla gec tanış olduğum üçün təəssüf hissi keçirirəm. Həqiqətən də bu mövzuya gələndə "Kaş ki” deməkdən özümü saxlaya bilmirəm. Kaş ki, Azər Bülbülü ölmədən əvvəl tanıya bilsəydim. Onun pərəstişkarlarından biri gözəl bir ifadə səsləndirmişdi. O söz mənə çox təsir etmişdi. Bu ifadəni eşidəndə çox ağladım: "Beşulduzlu sənətçi üçulduzlu hoteldə ölü tapılıb”. Çox gözəl sənətçi idi, heyf ondan. Onun unudulmağını istəmirəm. İstərdim ki, onunla tanış olum, birgə işlərimiz olsun, ancaq alınmadı. Qeyd edim ki, "Duygularım” mahnısına 2 aydan sonra klip çəkdirəcəyik. Bu mahnı çox fərqli oldu. Mənim ifamda yenidən həyat tapdı.


- Biz sizi Şərq və Qərb musiqilərinin ən gözəl sintez ifaçısı kimi tanıyırıq. Maraqlıdır, özünüzün musiqi karyeranıza baxış bucağınız necədir?
- Şərq və Qərb musiqisinin sintezinin hər nə qədər doğru ifaçısı olduğumu deyə bilmərəm. Türkiyə və türk xalqı məni olduğum kimi qəbul edib, xoşbəxtliklərini, kədərlərini mahnılarımda tapıblar. Özüm də bəzən ifa etdiyim arabesk mahnıların içərisində itib-batıram. İfamda arabesk musiqini dinləyənlər Şərq və Qərb sintezini yaşamış olurlar.

- Karyeranızla bağlı həyata keçməyən ən böyük xəyalınız nə idi?
- Karyeramla bağlı ən böyük xəyalım Tina Törner ilə duet oxumaq idi.


- Cenis Coplinin ən böyük pərəstişkarlarından olduğunuzu bilirik. Zerrin Özer və Cenis Coplinin ortaq tərəfləri nələrdir? Onun yaradıcılığının sizin ifa tərzinizə hər hansı təsiri olubmu?
- Bizim aramızda münasibətlər ancaq kədərlə bağlıdır. Onun çox kədərli bir gəncliyi olub. O, 27 yaşında dünyasını dəyişib. Onunla ortaq nöqtəmiz kədər oldu. O, narkotik istifadəçisi idi. Məhz bu səbəbdən də dünyasını dəyişdi. Ancaq mən pis vərdişlərdən uzağam. Cenis də mənim kimi insanları çox sevirdi. Bütün duyğularını səhnədə yaşayırdı. Onunla sevgi mövzunda birə-bir eyniyik.

- Türkiyədə və dünyada hansı musiqiçiləri dinləyirsiniz?
- Rəhmətlik Emi Uaynhaus və Adeli dinləyirəm. Bir də Adam Lamberd, "Queen”in yeni solistinin səsini çox bəyənirəm. Mən pop musiqiləri sevmirəm. Musiqinin tərkibində gurultu varsa, onu dinləmirəm. Mahnılara tərzlərinə görə qulaq asıram. Son dönəmlər "Səssiz gəmi”ni ifa edən Aylanı dinləyirəm. Türkiyədə uzun müddətdir ki, eşidilməyən bir səs tembrinə malikdir. Bu, Türkiyə üçün həqiqətən də dəyərlidir. Belə səslərə türk musiqi dünyasının ehtiyacı var. Bu ifaçının mahnılarını hər kəsin də dinləməyini tövsiyə edirəm.


- Sizcə, özəl yaşantılarınızdakı Zerrini ən yaxşı izah edən hansı mahnınızdır?
- "Şimdi hayallerdesin” mahnısı Zerrin Özerin duyğularından bəhs edir. Daxilimdəki hayqırtı və üsyanlarım isə "Harbiden git” mahnısında öz əksini tapıb.

- Keçmişə nəzər salsaq, görəcəyik ki, sizin bəzi çıxışlarınız cəmiyyətimiz tərəfindən qəbul olunmur. Zaman-zaman alqışlandınız və tənqid olundunuz.
- İnsanların məni alqışlaması və ya müzakirə edib, tənqid etməsi heç zaman məni maraqlandırmayıb. Həyatım boyu yüksək səslə yaşamışam. Sevdiyimi və sevmədiyimi açıq şəkildə bildirmişəm.

- Sizcə, bir sənətçi siyasətlə bağlı fikir bildirməlidirmi?
- Həyatımda heç zaman siyasətlə bağlı hər hansı məsələyə münasibət bildirməmişəm. Daima sevdiyim insanlardan bəhs etmişəm. Bu mənim insanlara olan sevgimdən irəli gəlir. Hesab edirəm ki, sənətçilər siyasətdən anlamazlar. Mənim rəyimi hər kəs bilir. Sənət insanlarının qəlbləri kövrək olur və bu baxımdan siyasətdən bəhs etmələrini düzgün hesab etmirəm. Biz sevgi ilə yaşayan insanlarıq. Həyatımı sevgiyə görə yönləndirdiyim üçün həqiqətən sevdiyim insanlara "səni sevirəm” deməkdən heç zaman çəkinməmişəm. Sevdiyim insanların nə işlə məşğul olması məni maraqlandırmır.


- Türkiyədə özünüzü sərbəst hiss edirsinizmi? Sizcə, fərqli yaşam tərzləri ölkəmizdə dəstəklənirmi?
- Türkiyə öz adət-ənənələri, tərbiyəsi, dünyagörüşü ilə inkişaf etmiş ölkələr arasında yer alıb.
- Həddindən artıq LGBT (cinsi azlıq) tamaşaçı kütləniz var. Cinsi azlıqdan əziyyət çəkənlər sizi özlərinə ikona hesab edirlər. Bunu nə ilə əlaqələndirirsiniz?
- Çünki onları çox sevirəm. Onlar da məni sevirlər. Biz bunu qarşılıqlı şəkildə hiss edirik. Sevgi izah ediləsi mümkün olmayan bir duyğudur.
- Sizin bu tip dostlarınız kifayət qədərdir. Sizcə, ölkəmizdə LGB və xüsusi ilə trans olaraq yaşamanın çətinlikləri nələrdir?
- Təbiidir ki, onlar çox şiddət görürlər. Mən də bu hadisələri görürəm və onlara görə çox məyus oluram. Onlar üçün əlimdən gələn hər şeyi edə bilərəm. Təki onlar xoşbəxt olsunlar.


- Bir vaxtlar "Türkiyədəki kişilərin 50 faizi biseksualdır”-deyə bir açıqlamanız olmuşdu. Nə üçün belə düşünürdünüz?
- Həyatda yaşamaq özü bir təcrübədir. Hələ də bu sözümün arxasındayam. Bu müsahibəni oxuyan kişilər qoy bu suala cavabı öz daxillərində axtarsınlar.

- Sizcə, Türkiyədə kifayət qədər tanınan sənətçi olaraq sizi dəstəkləyən LGBT pərəstişkarlarınıza ehtiyacları olan dəstəyi verə bilirsinimzi?
- Mən kimsənin nə isə etdiyinə inanmıram. Hər kəs bilir ki, insan haqlarını müdafiə edən bir insanam. Onlar üçün doğru olan hər şeydə yanlarında olmağı çox istəyirəm.


- Övladınız olsaydı və o da cinsini dəyişmək istəsəydi, sizin ona münasibətiniz necə olardı?

- Övladdır, onu anlamağa və xoşbəxt etməyə çalışardım. Kədərini unutdurmaq üçün hər şey edərdim.

Tərcümə etdi: Xəyalə Rəis

banner

Oxşar Xəbərlər