Şəkər çuğunduru istehsalı artacaq
Prezident İlham Əliyev aprelin 4-də
"Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının
stimullaşdırılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, şəkər
çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər
çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4 manat məbləğində subsidiya
ödəniləcək.
Qeyd olunur ki, kənd təsərrüfatı məhsulları
istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və
motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 2017-ci
ildən şəkər çuğunduru əkinlərinə şamil edilmir.
Bəs görəsən fərmanın əhəmiyyəti nədən
ibarətdir? Bundan sonra ölkədə istehsal olunan şəkər çuğundurunun miqdarı
artacaqmı? Suallarımızı ekspertlərə ünvanladıq.
Millət vəkili Azər
Badamov fərmanın əhəmiyyəti
haqqında söz açdı: "Sözügedən fərmanda qeyd olunur ki, istehsalçının fiziki və
ya hüquqi şəxs olmasından asılı olmayaraq təhvil verdiyi hər bir ton məhsula
görə ona 4 manat məbləğində subsidiya ödənilir. Düşünürəm ki, nəzərdə tutulan dörd
manat məbləğində subsidiyanın ödənilməsi şəkər çuğunduru istehsalçılarını
stimullaşdıracaq. Hektarlarla ərazidə çuğundurun əkildiyi yazılsa da, ortada
faktiki olaraq məhsul yoxdur. Lakin buna
baxmayaraq, dövlət büdcəsindən subsidiya tələb edirlər. Bu fərman ilk növbədə bu
kimi vacib məsələləri tənzimləyəcək. Fərman imkan verəcək ki, istehsalçı öz məhsulunun
istehsalının artımında maraqlı olsun. Ümumilikdə götürdükdə, hər hektardan məhsuldarlığın
25 tondan artıq olduğunu nəzərə alsaq, deyə bilərəm ki, istehsalçının təhvil
verdiyi hər tona görə 4 manat subsidiya alması onun üçün çox sərfəlidir. Fərman
şəkər çuğunduru istehsalçılarının istehsal prosesini daha da genişləndirmələrinə,
məhsuldarlığın daha da artmasına şərait yaradacaq. Bu da ölkəyə idxal olunan şəkər
çuğundurunun azalmasına gətirib çıxaracaq. Daxili istehsal artdıqca, xaricdən
idxal olunan xammala ehtiyac qalmayacaq. Bu baxımdan, hesab edirəm ki, fərman
böyük əhəmiyyət daşıyır”.
İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, adından da göründüyü kimi, fərmanın imzalanmasında əsas
məqsəd şəkər çuğunduru istehsalının stimullaşdırılmasıdır: "Düzdür, əvvəllər də
şəkər çuğunduru istehsalının stimullaşdırılması üçün subsidiyalaşdırma
mexanizmi var idi. Lakin bu mexanizmdə bəzi boşluqlar var idi. Məsələn, boş
torpaq sahələrinin hansısa formada əkin sahələri kimi göstərilməsi dövlətdən bu
istiqamətdə vəsaitlərin mənimsənilməsinə yol açırdı. Digər bir tərəfdən,
istehsalçılar daha çox məhsul istehsal etməkdə maraqlı olmurdular. Kənd təsərrüfatı
sistemində pambıq, tütün istehsalında məhsula görə subsidiyalar artıq tətbiq olunub.
Bu ildən isə şəkər çuğunduru istehsalına subsidiya mexzanizmi dəyişdirildi.
Yeni qaydalara əsasən, hər bir tona görə 4 manat məbləğində subsidiyanın verilməsi
nəzərdə tutulub. Eyni zamanda, bu vəsaitlər bundan sonra sahəyə görə deyil, məhsulun
həcminə görə ödənildiyi üçün sahibkarlar daha məhsuldar növlərin əkilməsinə və
daha çox əkin sahələrinə xidmət etməyə, məhsuldarlığı artırmağa cəhd göstərəcəklər”.
İqtisadçı deyir ki, fərman son nəticədə Azərbaycanda
təsərrüfatçılığın ekstensiv modeldən intensiv modelə keçidini təmin etməklə məhsuldarlığın
artımı və kənd təsərrüfatında gəlir səviyyəsinin yüksəlməsinə səbəb olacaq: "Daxili
tələbatın ödənilməsinə gəldikdə isə, bu haqda nəsə demək çox çətindir. Çünki elə
torpaq sahələri var ki, orada şəkər çuğunduru məhsuldar deyil. Ev təsərrüfatları
şəraitində şəkər çuğundurunun əkini ilə məşğul olmaq bir o qədər də sərfəli
deyil. Statistika da onu göstərir ki, müəssisə şərtləri daxilində, yəni fermer
təsərrüfatlarında şəkər çuğunduru əkini ilə məşğul olmaq daha mənfəətlidir. Belə
ki, bu şəraitdə bir hektar ərazidə 60 tona qədər məhsul istehsal edilə bilər.
Ev təsərrüfatlarında isə, bu göstərici 25 tona qədər azalır. Bütövlükdə
götürdükdə, fərman bu işlə məşğul olanların öz işlərini təkmilləşdirməsinə, həvəsləndirilmələrinə,
məhsuldarlığa diqqət etmələrinə, çeşidlərin, növlərin yenilənməsində maraqlı
olmalarına gətirib çıxaracaq. Subsidiyaların məhsula tətbiq olunması şəffaflığın
tam təmininə də şərait yaradacaq. Ümumilikdə götürdükdə isə, Azərbaycanın,
xüsusilə İmişli Şəkər Zavodunun istehsal etdiyi məhsulun böyük bir qismi xammal
baxımından idxaldan asılıdır. Bu da o deməkdir ki, əslində yerli şəraitdə bu məhsula
bazar var. Qiymətlərin müəyyən qədər tənzimlənməsi və uyğunlaşması həyata
keçirilərsə, sahibkarların daha çox şəkər çuğunduru əkininə meylliliyini
artırmaq olar. Eyni zamanda, İmişli Şəkər Zavodunun da xammal baxımından
idxaldan asılılığı aradan qaldırıla bilər.
Bu da son nəticədə xaricə axan valyutanın qarşısını alacaq”.
Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında qeyd
etdi ki, faktiki olaraq İmişli Şəkər Zavodu hazırda tam gücü
ilə işləmir: "Prezident Azərbaycanın özünü şəkərlə təmin etməsi və çuğundur
istehsalında stimul yaratmaq üçün belə bir sərəncam imzalayıb. Hesab edirəm ki,
indiki şəraitdə sözügedən fərmanın əhəmiyyəti çox böyükdür. Çünki şəkəri xaricdən
idxal etməklə böyük valyuta xərcləyirik. Düzdür, hələlik daxili tələbatı
tamamilə ödəmək çox çətindir. Bunun üçün müəyyən qədər vaxt lazımdır. Amma
stimullaşdırma prosesi getdikcə, Azərbaycan özünü yavaş-yavaş şəkərlə təmin edə
biləcək. Bu sahəyə hazırda diqqət çox böyükdür”.
Şəbnəm Mehdizadə